"Yaxın zamanda müsbət xəbərlər eşidəcəyik" – Aqil Camaldan İranla bağlı AÇIQLAMA
"Azərbaycanda fəaliyyət göstərən 55 qeyri-hökumət təşkilatı (QHT) bu günlərdə İran Prezidenti Məsud Pezeşkiana həmin ölkədə yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil almaq hüququnun təmin edilməsi ilə bağlı məktub ünvanlamışdı. Bu gün məktubu imzalayan vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri olaraq İran səfirliyinə getdik və müraciətimizi birbaşa səfirliyin əməkdaşlarına təqdim etdik".
Bunu Redaktor.az-a açıqlamasında "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal bildirdi.
O vurğuladı ki, məktubun məzmunu ondan ibarətdir ki, cənab Məsud Pezeşkian zaman-zaman özü də mənsub olduğu xalqın nümayəndəsi kimi Azərbaycan dilində, Azərbaycan türkcəsində fikirlərini və açıqlamalarını səsləndirib:
"Bu, həm Azərbaycanın şimalında, həm də cənubunda xalq tərəfindən hər zaman rəğbətlə qarşılanıb. Eyni zamanda, prezident seçkiləri kampaniyası dövründə Məsud Pezeşkiana bəslənən ümidlərin səbəblərindən biri də onun prezident seçiləcəyi təqdirdə İranda yaşayan milyonlarla azərbaycanlının milli hüquqlarının, xüsusilə ana dilində təhsil almaq hüququnun təmin edilməsi istiqamətində addımlar atacağına dair gözləntilər idi.
Artıq müəyyən müddət keçib, lakin hələlik bu istiqamətdə konkret addım atılmayıb. Bu baxımdan Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lər Pezeşkiana məktub ünvanlayıblar. Müraciətdə onun Azərbaycana, Azərbaycan tarixinə və dilinə münasibəti, rəğbəti və sevgisi vurğulanıb. Eyni zamanda, Pezeşkianla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında mövcud olan səmimi münasibətlərə diqqət çəkilib. Bu münasibətlərdən çıxış edərək, İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almasının təmin olunması ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən təkliflər irəli sürülüb".
Müsahibimiz ümid edir ki, Pezeşkian və onun komandası qarşıdakı dövrdə bu məsələ ilə bağlı ciddi addımlar atacaq:
"Çünki o, seçki kampaniyası dövründə bu istiqamətdə müəyyən vədlər verib. Eyni zamanda, İranda yaşayan milyonlarla azərbaycanlı illərdir bu hüququn təmin olunması uğrunda mübarizə aparır. Ümid edirik ki, yaxın zamanda bu istiqamətdə müsbət xəbərlər eşidəcəyik. Azərbaycanda fəaliyyət göstərən QHT-lər, xüsusilə təhsil və dil sahəsində çalışan təşkilatlar da bu prosesə öz töhfələrini verməyə və zəruri dəstəyi göstərməyə hazırdırlar".
NURİYYƏ













