ABŞ-də seçkilərin nəticəsi Tramp üçün nə vəd edir? - AÇIQLAMA

 17:46 02.11.2026     136

"Sabah ABŞ-də aralıq seçkiləri keçiriləcək. Hər iki palataya eyni vaxtda seçkilər keçiriləcək. Nümayəndələr Palatasına 435 konqresmen seçilməlidir. Daha 35 nəfər isə Senata seçiləcək. Onların təqribən 20-si respublikaçıların, 15-i isə demokratların dairələrindəndir".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Əli Mustafa dedi.

Onun sözlərinə görə, hər iki cəbhədə çox ciddi mübarizə gedir:

"Bildiyim qədər, artıq 45 milyondan çox insan seçkilərdə iştirak edib. ABŞ-də əksər ştatlarda seçicilər bir həftə əvvəldən səs verə bilirlər. Eyni zamanda, onlayn və poçt vasitəsilə səsvermə də mümkündür. ABŞ Prezidenti Donald Tramp birbaşa Respublikaçılar Partiyasının lideri kimi əksər ştatlarda keçirilən toplantılarda iştirak edib. Yəni hər iki partiya çox ciddi mübarizə aparır.

Respublikaçıların seçkilərə xərclədiyi vəsaitin 1,5 milyard dollara qədər olduğu deyilir. Eyni zamanda, demokratların da seçki məsrəfləri kifayət qədər böyükdür".

Siyasi şərhçi bildirdi ki, əksər ekspertlər Konqresdə üstünlüyün demokratların tərəfində olacağı qənaətindədir:

"Senatda isə respublikaçılar çalışırlar ki, üstünlüklərini əldən verməsinlər. Bunun üçün də kifayət qədər böyük vəsait xərclənir. Amma mümkündür ki, bu cəhdlərin nəticəsi olmasın. Daha çox demokratların üstünlük əldə edəcəyi, yaxud tərəflərin sadəcə bərabər sayda yer qazanacağı ehtimal olunur. Hazırda Senatda 53-54 nəfərlik çoxluq respublikaçıların tərəfindədir, 46-47 nəfər isə demokratlardır. Onların arasında bitərəflər də var. Növbəti 35 nəfərin seçilməsindən sonra Senatda da demokratların üstünlük əldə etməsi mümkündür.

Burada əsas məsələ seçkilərdən sonra Trampa qarşı hansı addımların atıla biləcəyidir. Tramp isə Konqresi hədələyir. Deyir ki, əgər Konqresdə üstünlük demokratlarda olsa, qəbul edilən qanunlara veto qoyacaq və beləliklə, onlar məcbur olub onunla danışmalı olacaqlar. Yəni Tramp tərəfdarlarını inandırmağa çalışır ki, narahat olmasınlar.

Ancaq seçkilərin nəticələrinin sürprizlər vəd edəcəyini istisna etmək olmaz. Əgər hər iki palatada demokratlar üstünlük əldə edəcəklərsə, o halda, təbii ki, Trampa qarşı çox ciddi hücumlar olacaq, onun adamlarına təzyiqlər artacaq. Yox, əgər Tramp tərəfdarları üstünlük qazanacaqlarsa, o halda, Trampın apardığı siyasət daha da möhkəmlənəcək".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən