“İnsan belə bir qardaşla münasibətləri korlayarmı?” - VİDEO

 14:38 03.11.2026     123

“Ankara ilə Bakı arasında gərginliyin guya Azərbaycanda məktəblərdə hicabın qadağan edilməsi məsələsindən qaynaqlandığı zənn edilir, mediada belə bir təəssürat yaradılır. Əslində isə problem başqadır və daha dərindədir”.

Redaktor.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist və yazar Yılmaz Özdil “YouTube” kanalında yayımladığı videoda danışıb.

Y.Özdil çıxışında Azərbaycanın yürütdüyü siyasəti təqdir edərək ölkəsinin tutduğu mövqeyi tənqid edib. Onun sözlərinə görə, Azərbaycan öz xarici siyasətində məsələlərə öz xalqının prizmasından yanaşır: “Azərbaycan İsraillə hərbi müdafiəyə dair əməkdaşlıq sazişi imzaladığı eyni gündə Ermənistanın paytaxtı İrəvanda ticarət sərgisinin açılışı keçirilib, həmin açılışda isə cəmi 2 ölkə iştirak edib. Bunlar isə Ermənistan və İrandır. Çünki Ermənistandakı sərgi İranın sərgisi idi. Yəni İran Ermənistanın yanında, İsrail isə Azərbaycanın yanında dayanır. Çünki bu ölkələr həyata daim öz paytaxtlarının pəncərəsindən baxırlar. Bizdən başqa heç kəs din, məzhəb pəncərəsindən baxmır. Hər kəs öz millətinin xeyrini, faydasını nəzərə alır. Təl-Əvivlə Bakı, İrəvanla Tehran. Gözümüzün önündə bu cür dərin ittifaqlar qurulur, biz isə Fələstin, baş örtüsü məsələsinə ilişib qalmışıq. Buradan Azərbaycanın dövlət siyasətinə qarışmağa çalışırıq. Can Azərbaycanla bu gün Fələstin səbəbindən gərginlik yaşayırıq, elə deyilmi?

Bəs Fələstin rəhbəri Mahmud Abbas haraya səfər etdi? Tam da 29 oktyabr – Cümhuriyyət Bayramı günü Kiprə gedib yunanlarla, onların lideri ilə görüşdü. O, bununla Şimali Kipri yox saydığını, yunanların yanında olduğunu göstərir. Biz isə bu fələstinlilər üçün Azərbaycanı məyus edirik. Qəzzada öldürülən qadınlara, uşaqlara üzülmək başqa, öz millətini düşünmək başqa şeydir. Məyus olmaq başqa, qardaşımız Azərbaycana qarşı sərt mövqe nümayiş etdirmək tamam ayrı şeydir”.

Türkiyəli jurnalist həmçinin Azərbaycanın Türkiyəyə etdiyi mühüm tarixi jestdən də bəhs edib:

“Qarabağda müharibə 2020-ci il noyabrın 10-da zəfərlə nəticələndiyi üçün həmin tarix Azərbaycanda rəsmi Zəfər Bayramı elan edildi. Lakin bundan bir gün sonra bayramın tarixi dəyişdirildi. Çünki 10 noyabr Mustafa Kamal Atatürkün vəfat ildönümü olduğu üçün şəxsən Prezident İlham Əliyev tərəfindən Zəfər Bayramı 8 noyabr tarixinə keçirildi. Azərbaycan Atatürkə hörmətsizlik olmasın deyə rəsmi Zəfər Bayramı gününü belə dəyişdirdi. Biz belə bir qardaşdan bəhs edirik. İnsan belə bir qardaşla münasibətləri korlayarmı?”

O həmçinin çıxışında Azərbaycanın müxtəlif dövrlərdə və tarixi hadisələr zamanı Türkiyənin yanında olmasından da bəhs edib.

 

Vumart və Güvən reklamı Vumart Güvən