"Azərbaycan-Türkiyə münasibətlərini pozanlar Türkiyə hakimiyyətinin içərisindədir" - AÇIQLAMA

 15:38 03.11.2026     114

"Türkiyədə Azərbaycanla Türkiyənin münasibətlərini arzulamayan xeyli qüvvələr var. Bu qüvvələrin içərisində hakimiyyətdə təmsil olunan və ya hakimiyyətə yaxın olan insanlar da mövcuddur. Ən böyük təhlükə də məhz bu insanlardan qaynaqlanır. Azərbaycanla Türkiyə arasında yaranmış soyuqluğun əsas günahkarlarını bu qrupda axtarmaq lazımdır. Söhbət hakimiyyətə yaxın olan, hakimiyyətdə təmsil edilən və ya hakimiyyətin nümayəndəsi kimi parlamentdə təmsil olunan, Azərbaycan-Türkiyə münasibətlərini pozmaq üçün əlindən gələni edən insanlardan gedir".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Abutalıb Səmədov bildirdi.

Siyasi şərhçi qeyd etdi ki, bunlardan biri Türkiyə Prezidentinin baş müşaviri idi:

"Çox təəssüf ki, uzun müddət onun qəbuledilməz bəyanatına heç bir reaksiya verilmədi. Yalnız son anda, Azərbaycan Prezidentinin Ankarada keçirilən sammitə qatılmaması ehtimalı ilə bağlı narahatlıq son həddə çatdıqda Saral vəzifəsindən uzaqlaşdırıldı. Ancaq digərləri haqqında heç bir tədbir görülmədi. Ən əsası isə Türkiyə dövlət başçısı bu barədə, çox təəssüf ki, qaneedici bəyanat səsləndirmədi. Halbuki iki qardaş dövlət arasında kifayət qədər soyuqluq yaranıb və bu prosesin uzun müddət susqunluq şəraitində davam etməsi yolverilməzdir. Açıq demək lazımdır ki, Türkiyə hakimiyyətinin ən yüksək pillələrində təmsil olunan insanlar nədənsə bu mövzuda danışmağı, təxribatla məşğul olan şəxslərə öz etirazlarını bildirməyi zəruri saymadılar. Çünki açıq görünür ki, Türkiyədə bəzi dairələri Azərbaycanın müstəqil siyasəti qane etmir və onlar düşünürlər ki, Azərbaycana yol göstərmək hüququna malikdirlər".

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin söyləmədiyi sözləri Türkiyədə yayanlar da məhz bu cür davranışa güvənərək öz fəaliyyətlərini davam etdirirlər:

"Onlar da görürlər ki, hakimiyyət kəskin, qəti və birmənalı mövqe ortaya qoymur. Əsas səbəb də budur. Son günlər və həftələr ərzində baş verən hadisələrə Türkiyə hakimiyyəti tərəfindən, çox təəssüf ki, birmənalı qiymət verilmədi. Təbriklər və müəyyən müraciətlər bu problemi aradan qaldıracaq gücdə deyildi. Hesab edirəm ki, bundan sonra da bu xətt davam etdirilərsə, münasibətlərimizin arzuladığımız səviyyəyə çatması xeyli ləngiyə bilər".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən