Milli Məclis Zəfər Günü ilə bağlı bəyanat qəbul ETDİ

 15:41 03.11.2026     121

Azərbaycan Respublikası Milli Məclisi 8 Noyabr – Zəfər Günü münasibətilə bəyanat qəbul edib.

Redaktor.az xəbər verir ki, bəyanat Milli Məclisin 2026-cı il noyabrın 3-də keçirilən iclasında qəbul olunub.

Bəyanatda 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbənin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqın, ordunun və dövlətin birliyi sayəsində qazanıldığı vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində yüksək döyüş məharəti nümayiş etdirərək dünya hərb tarixinə şanlı səhifələr yazıb, düşmənin uzun illər ərzində qurduğu müdafiə xətləri yarılıb və işğal altında olan ərazilərin böyük hissəsi azad edilib.

Bəyanatda Şuşanın 2020-ci il noyabrın 8-də işğaldan azad edilməsinin Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri olduğu bildirilib.

Sənəddə vurğulanıb ki, 2020-ci ildə qazanılmış tarixi Qələbə Azərbaycanın dövlət suverenliyinin tam bərpası üçün möhkəm təməl yaradıb. 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatı nəticəsində qanunsuz silahlı birləşmələr tərk-silah edilib, separatçı rejim ləğv olunub və ölkənin bütün ərazisində Konstitusiya quruluşu bərqərar edilib.

Milli Məclis bəyan edib ki, Azərbaycan Prezidentinin siyasi və hərbi liderliyi tarixi Qələbənin qazanılmasında müstəsna rol oynayıb. Dövlət başçısının strateji baxışı, siyasi iradəsi və sərkərdəlik məharəti hərbi, diplomatik və informasiya istiqamətlərində fəaliyyəti vahid hədəfə yönəltməyə imkan verib.

Bəyanatda Azərbaycanın müharibədən sonra sülh gündəliyinin təşəbbüskarı olduğu, regionda dövlətlərarası münasibətlərin normallaşdırılması üçün ardıcıl səylər göstərdiyi də qeyd edilib.

Xüsusilə 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə edilmiş Vaşinqton razılaşmalarının əhəmiyyətinə diqqət çəkilib. Azərbaycanla Ermənistan arasında birgə bəyannamənin imzalanması, sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişin mətninin paraflanması uzun illər davam edən qarşıdurmanın aradan qaldırılması istiqamətində mühüm addım kimi qiymətləndirilib.

Milli Məclis hesab edir ki, uzunmüddətli sülhün təmin olunması qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsini, ərazi iddialarına bəhanə yarada biləcək şərtlərin aradan qaldırılmasını, etimadsızlığa və düşmənçiliyə yol açan hərəkətlərə yol verilməməsini tələb edir.

Sənəddə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinə də toxunulub. Bildirilib ki, həyata keçirilən “Böyük Qayıdış” proqramı nəticəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur, onların pozulmuş hüquqları və gələcəyə inamı bərpa edilir.

Bəyanatda Azərbaycanın müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsinin dövlət müstəqilliyinin və suverenliyinin qorunmasının vacib şərti olaraq qaldığı vurğulanıb.

Milli Məclis Prezident İlham Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi, xalqın rifahının yüksəldilməsi, azad edilmiş ərazilərin bərpası və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəklədiyini bildirib.

Sonda Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevi, Silahlı Qüvvələrin əsgər və zabitlərini, şəhid ailələrini, qaziləri və bütün xalqı Zəfər Günü münasibətilə təbrik edib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən