Tramp İsrailin tələbi ilə İranı yenidən vura bilər - ŞƏRH
ABŞ və İsrail arasında İranla bağlı hərbi əməliyyatların yenidən başlanması məsələsi gündəmə gəlib. İsrailin Baş naziri Benyamin Netanyahu Tehrana qarşı yeni zərbələrin endirilməsində israr etsə də, ABŞ Prezidenti Donald Tramp diplomatik danışıqlara hələlik şans vermək niyyətindədir. Vaşinqton və Təl-Əvivin fərqli yanaşmaları Yaxın Şərqdə hərbi qarşıdurmanın yenidən alovlanması ehtimalını gündəmə gətirir.
Bəs ABŞ və İsrail İranla yenidən müharibəyə başlaya bilərmi? Yeni hərbi əməliyyatların region üçün hansı nəticələri ola bilər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Yusif Bağırzadə bildirdi ki, Netanyahunun İrana qarşı yeni zərbələrin endirilməsində israr etməsi, Vaşinqtonun isə diplomatik imkanları tam tükətmədən hərbi variantı gündəmdə saxlaması əslində Yaxın Şərqdə vəziyyətin son dərəcə kövrək olduğunu göstərir:
"Son məlumatlara görə, Netanyahu Trampla telefon danışığında ABŞ-nin İrana qarşı hərbi əməliyyatları bərpa etməsini istəyib. Bununla belə, Tramp hələlik diplomatik danışıqlara imkan vermək niyyətində olduğunu və tələsmədiyini bildirib. Məsələ burasındadır ki, ABŞ administrasiyasının özündə də bu məsələyə münasibətdə vahid yanaşma yoxdur. Bir qrup rəsmilər iqtisadi təzyiqin davam etdirilməsini və yeni müharibədən yayınmağı, digər qüvvələr isə hərbi əməliyyatların bərpasını daha məqsədəuyğun hesab edirlər. Burada əsas məsələ ABŞ və İsrailin İranla bağlı strateji prioritetlərinin müəyyən məqamlarda üst-üstə düşsə də, taktiki yanaşmalarının fərqlənməsidir".
Siyasi şərhçi qeyd etdi ki, İsrail üçün İranın nüvə proqramının tamamilə sıradan çıxarılması, raket potensialının məhdudlaşdırılması və regiondakı təsir imkanlarının zəiflədilməsi fundamental təhlükəsizlik məsələsidir:
"Netanyahu hesab edir ki, hərbi təzyiq nəticəsində əldə olunmuş üstünlükdən istifadə edilməli və İranın hərbi-nüvə imkanlarını bərpa etməsinə imkan verilməməlidir".
O vurğuladı ki, Vaşinqton isə daha geniş geosiyasi və iqtisadi nəticələri nəzərə almaq məcburiyyətindədir:
"Yeni genişmiqyaslı müharibə ABŞ üçün əlavə maliyyə xərcləri, hərbi itkilər, enerji bazarlarında qeyri-sabitlik və müttəfiqlərin təhlükəsizliyi ilə bağlı problemlər yarada bilər. Xüsusilə Hörmüz boğazında vəziyyətin daha da gərginləşməsi dünya enerji bazarına indikindən daha ağır təsir göstərmək potensialına malikdir və Tramp da bunu nəzərə almaq məcburiyyətindədir".
Y.Bağırzadə əlavə etdi ki, ABŞ-nin mövqeyindəki tərəddüd İranın hərbi potensialının tamamilə aradan qaldırılmasının nə dərəcədə mümkün olması ilə də əlaqəlidir:
"Hərbi zərbələr müəyyən infrastrukturu sıradan çıxara bilər, lakin İranın raket imkanlarını, regional müttəfiqlərini və asimmetrik cavab potensialını bütövlükdə neytrallaşdırmaq daha mürəkkəb məsələdir. Nəticədə yeni əməliyyatlar daha geniş regional qarşıdurmaya gətirib çıxara bilər".

Müsahibimiz diqqətə çatdırdı ki, ABŞ bütün bu amilləri nəzərə alaraq diplomatik razılaşmanın əldə olunmasına və hərbi gərginliyin tədricən azaldılmasına çalışır:
"ABŞ təbii olaraq bütün bunları nəzərə alır və ona görə də diplomatik razılaşmanın əldə olunması ilə hərbi gərginliyin tədricən azaldılmasına çalışır. Lakin ABŞ-nin uzun müddət gözləmək imkanları da yoxdur. Ona görə də diplomatik təzyiqin nəticə verməyəcəyi halda yeni hərbi əməliyyatlara başlamaq məcburiyyətində qala bilər. Başqa sözlə, yeni müharibə ehtimalı kifayət qədər yüksəkdir, lakin diplomatik danışıqların davam etməsi və Vaşinqton daxilində fərqli mövqelərin mövcudluğu hərbi qərarın hələ yekunlaşmadığını göstərir. Əsas məsələ Trampın İsrailin təhlükəsizlik tələbləri ilə ABŞ-nin daha geniş strateji maraqları arasında hansı seçimə üstünlük verəcəyidir. Yaxın Şərqdə növbəti mərhələnin taleyi məhz bu qərardan və Tehranla mümkün razılaşmanın şərtlərindən asılı olacaq".
NURİYYƏ













