Fransa və Almaniyada nə baş verir? - Yeganə Hacıyeva etirazların görünməyən səbəblərini AÇIQLADI

 17:14 03.11.2026     137

"Fransa və Almaniyada keçirilən son etirazları yalnız ayrı-ayrı sosial qrupların narazılığı və ya hökumətlərin konkret qərarlarına qarşı yönəlmiş aksiyalar kimi qiymətləndirmək, mənim fikrimcə, baş verən proseslərin mahiyyətini tam əks etdirmir".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva bildirdi.

O vurğuladı ki, bu hadisələr daha geniş siyasi, iqtisadi və sosial dəyişimin, eyni zamanda Avropanın mövcud inkişaf modelində toplanmış ziddiyyətlərin üzə çıxmasıdır:

"Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, hər iki ölkədə etirazların görünən səbəbləri fərqli olsa da, onların arxasında dayanan fundamental problemlər müəyyən mənada üst-üstə düşür. Söhbət dövlət institutlarına etimadın zəifləməsindən, sosial təminat sisteminin üzləşdiyi çətinliklərdən, iqtisadi resursların bölüşdürülməsi ilə bağlı narazılıqlardan və cəmiyyətin gələcək inkişaf istiqamətinə dair artan qeyri-müəyyənlikdən gedir. Mən hesab edirəm ki, bu proseslərə üç əsas istiqamətdən – siyasi, iqtisadi və sosial müstəvidən yanaşmaq, daha sonra isə onların Avropanın ümumi təhlükəsizlik arxitekturasına təsirini qiymətləndirmək lazımdır".

Politoloq Fransada baş verən etirazların artıq siyasi idarəetmə böhranına çevrildiyini də diqqətə çatdırdı:

"Fransada baş verənlər sosial narazılıqlar kimi başlayaraq siyasi idarəetmə böhranına qədər yüksəldi və indi küçədə baş verən etirazlar Fransanın siyasi idarəetmə üsuluna qarşıdır".

Onun sözlərinə görə, etirazların ilkin mərhələsində təhsil sistemi, dövlət xidmətlərinin keyfiyyəti, əməkhaqları və yaşayış xərcləri ilə əlaqəli tələblərin olması onların yalnız sosial xarakter daşıdığı təəssüratını yarada bilər:

"Lakin etirazların genişlənməsi və müxtəlif sosial qrupların prosesə eyni anda qoşulması göstərir ki, narazılığın miqyası ayrı-ayrı iqtisadi tələblərdən daha genişdir. Mənim fikrimcə, burada əsas rolu Fransa cəmiyyətinin mövcud siyasi idarəetmə modelinə münasibətində baş verən dəyişiklik faktoru oynayır. Cəmiyyətin əhəmiyyətli hissəsində dövlət institutlarının gündəlik problemləri həll etmək imkanlarına və siyasi qərarların effektivliyinə inam zəifləyib. Son illər siyasi sistemin formal idarəetmə mexanizmləri ilə cəmiyyətin real gözləntiləri arasında məsafə kəskin böyüyüb".

Y.Hacıyeva Fransada siyasi sistemin üzləşdiyi digər çətinliklərin də cəmiyyətdəki fikir ayrılıqları ilə bağlı olduğunu bildirdi:

"Fransada bu gün siyasi sistemin üzləşdiyi əsas çətinliklərdən biri cəmiyyət daxilində vahid siyasi konsensusun zəifləməsidir. Müxtəlif sosial təbəqələrin, siyasi qrupların və nəsillərin gözləntiləri arasında çarpaz fərqlər artıb. Hökumətin həyata keçirməyə çalışdığı struktur islahatları lazımi ictimai dəstəyi əldə edə bilmir. Nəticədə siyasi qərarların qəbulu ilə onların cəmiyyət tərəfindən qəbul edilməsi arasında ciddi ziddiyyət yaranıb.

Sosial narazılıq artıq yalnız cəmiyyətin iqtisadi və sosial tələbləri müstəvisində deyil, həm də gələcək siyasi konfiqurasiyanın formalaşmasına təsir göstərə biləcək əsas amil kimi çıxış edir. Vəziyyəti həmçinin müxtəlif siyasi qüvvələrin mövcud etirazlardan öz siyasi mövqelərini gücləndirmək üçün istifadə etməsi faktoru da qəlizləşdirir. Nəticədə Fransada cəmiyyət və hökumət arasında siyasi gündəliyin getdikcə daha çox qütbləşməsi baş verir".

Siyasi şərhçi əlavə etdi ki, Fransada hökumətlə cəmiyyət arasında fikir ayrılıqları təhlükəsizlik və sosial ədalət məsələlərində də özünü göstərir:

"Bu gün bir tərəfdə təhlükəsizlik, miqrasiya və ictimai asayiş məsələlərini ön plana çıxarmağa çalışan hökumət, digər tərəfdə isə sosial ədalət, iqtisadi bərabərsizlik və dövlətin sosial məsuliyyətinin qorunmasını tələb edən cəmiyyət dayanıb. Bir sözlə, Fransada baş verənləri mən yalnız hökumətə qarşı etiraz kimi deyil, dövlətin idarəetmə qabiliyyəti, siyasi legitimlik və cəmiyyətlə hakimiyyət arasında münasibətlərin yenidən formalaşması prosesi kimi qiymətləndirirəm".

Müsahibimiz Almaniyada müşahidə olunan etirazların arxasında da oxşar ziddiyyətlərin dayandığını, lakin burada proseslərin özünəməxsus xüsusiyyətlərinin olduğunu bildirdi:

"Almaniya uzun illər Avropanın iqtisadi sabitliyinin əsas dayaqlarından biri, sosial rifah modelinin nümunəsi və beynəlxalq münasibətlərdə daha çox iqtisadi gücə əsaslanan aktor kimi çıxış edib. Lakin hazırkı geosiyasi şərait Almaniyanın ənənəvi siyasi və iqtisadi yanaşmalarına yenidən baxmasını zəruri edib".

Yeganə Hacıyeva Almaniyanın təhlükəsizlik siyasətindəki dəyişikliklərin ölkənin dövlət prioritetlərinə və cəmiyyətin gözləntilərinə təsir etdiyini vurğuladı:

"Xüsusi vurğulamaq istəyirəm ki, hərbi potensialın gücləndirilməsi ehtiyacı, müdafiə xərclərinin kəskin artırılması və Avropanın təhlükəsizlik sistemində daha fəal rolun qəbul edilməsi Almaniyanın dövlət prioritetlərini dəyişdirib. Prioritetlərdə belə yerdəyişmənin iqtisadi və sosial qiyməti ilə bağlı cəmiyyətdə narazılıqlar meydana çıxıb. Mənim fikrimcə, Almaniyada baş verən etirazların mühüm tərəflərindən biri məhz dövlətin strateji prioritetləri ilə vətəndaşların gündəlik sosial gözləntiləri arasında yaranan ziddiyyətlərdir.

Bir tərəfdən, dövlət müdafiə qabiliyyətini gücləndirmək, hərbi xərcləri artırmaq və təhlükəsizlik sahəsində daha böyük məsuliyyət daşımaq niyyətindədir. Digər tərəfdən, cəmiyyət təhsil, səhiyyə, mənzil təminatı və sosial müdafiə məsələlərinin arxa plana keçməsini qəbul etmək istəmir".

Politoloq xüsusilə gənclərin məcburi hərbi xidmətin bərpasına münasibətinin bu ziddiyyəti daha aydın göstərdiyini qeyd etdi:

"Xüsusilə gənclərin məcburi hərbi xidmətin bərpasına münasibəti bu ziddiyyəti daha aydın göstərir. Bu addım, əlbəttə, hökumət üçün ölkənin müdafiə hazırlığı və təhlükəsizlik məsələlərini gücləndirmək ehtiyacından doğur. Gənclərin bir hissəsi üçün isə bu, şəxsi azadlıq, gələcək planları və dövlətlə vətəndaş arasında öhdəliklərin ədalətli bölüşdürülməsi haqqında suallar yaradır".

Y.Hacıyeva Almaniyada müzakirələrin əsasən dövlətin təhlükəsizlik tələbləri ilə vətəndaşların sosial təminatı arasındakı tarazlıq üzərində qurulduğunu diqqətə çatdırdı:

"Meydana çıxan əsas sual isə belədir: “Dövlət vətəndaşlardan təhlükəsizlik naminə daha çox məsuliyyət tələb edirsə, bunun qarşılığında onların sosial və iqtisadi təminatını hansı səviyyədə qorumağa hazırdır?” Mən hesab edirəm ki, Almaniyada bu gün müşahidə olunan proseslərin əsas siyasi mahiyyəti də məhz bu sual ətrafında formalaşır. Ölkə iqtisadi rifah və məhdud hərbi-siyasi iştirak üzərində qurulmuş ənənəvi modeldən daha böyük geosiyasi məsuliyyət daşıyan dövlət modelinə keçməyə çalışır".

Həmsöhbətimiz vurğuladı ki, cəmiyyətin bu keçidin nəticələri ilə bağlı vahid mövqeyi hələ tam formalaşmayıb. Onun sözlərinə görə, hər iki ölkədə izlənilən proseslər Avropanın rifah modelinin maliyyə və struktur problemlərini kəskinləşdirib:

"Fransa və Almaniyada baş verən etirazların iqtisadi səbəblərini yalnız inflyasiya, qiymət artımı və əməkhaqları ilə izah etmək düzgün olmazdı. Mənim fikrimcə, burada daha fundamental məsələ Avropanın uzun illər formalaşdırdığı sosial rifah modelinin mövcud iqtisadi və geosiyasi şəraitdə davamlılığının sual altına düşməsidir. Avropa dövlətləri eyni zamanda bir neçə böyük maliyyə öhdəliyini yerinə yetirməlidirlər: pensiya sistemini qorumaq, səhiyyə və təhsil xidmətlərini maliyyələşdirmək, sosial müdafiəni təmin etmək, dövlət borcunu idarə etmək və müdafiə xərclərini artırmaq".

Politoloq bütün bu öhdəliklərin paralel maliyyələşdirilməsinin dövlət büdcələri üzərində ciddi təzyiq yaratdığını bildirdi:

"Bütün bu istiqamətlərin paralel maliyyələşdirilməsi isə dövlət büdcələri üzərində ciddi təzyiq yaradır. Nəticədə hökumətlər iqtisadi səmərəlilik, sosial öhdəliklər və təhlükəsizlik prioritetləri arasında seçim etmək məcburiyyətində qalırlar. Məhz bu nöqtədə Avropanın iqtisadi modelinin əsas ziddiyyəti də ortaya çıxır. Dövlətlər bir tərəfdən əvvəlki sosial təminat səviyyəsini qorumaq, digər tərəfdən isə yeni geosiyasi reallıqların tələb etdiyi əlavə xərcləri qarşılamaq istəyirlər. Lakin bu iki istiqamətin eyni zamanda və əvvəlki səviyyədə maliyyələşdirilməsi getdikcə çətinləşir".

Y.Hacıyeva Avropa iqtisadiyyatının qlobal rəqabət qabiliyyətinin də etirazların iqtisadi səbəbləri sırasında olduğunu söylədi:

"Digər mühüm amil Avropa iqtisadiyyatının qlobal rəqabət qabiliyyəti ilə bağlıdır. Enerji xərcləri, sənaye istehsalının rəqabət qabiliyyəti, investisiya mühiti və xarici bazarlardan asılılıq Avropa iqtisadiyyatının uzunmüddətli perspektivləri üçün mühüm əhəmiyyət daşıyır. Almaniya kimi sənaye iqtisadiyyatı üçün bu məsələlər xüsusilə aktualdır. Sənaye istehsalının rəqabət qabiliyyətinin qorunması, enerji təminatının dayanıqlılığı və investisiyaların cəlb edilməsi yalnız iqtisadi deyil, həm də sosial sabitlik məsələsidir. Çünki iqtisadi zəifləmə son nəticədə məşğulluğa, əməkhaqlarına və sosial təminata təsir göstərir".

Politoloq Fransada isə büdcə və sosial xərclərlə bağlı problemlərin hökumətin imkanlarını məhdudlaşdırdığını diqqətə çatdırdı:

"Fransada isə dövlət büdcəsi, dövlət borcu və sosial xərclərin maliyyələşdirilməsi ətrafında yaranan problemlər hökumətin manevr imkanlarını məhdudlaşdırır. Sosial xidmətlərin keyfiyyətinin qorunması ilə büdcə intizamının təmin edilməsi arasında ziddiyyət getdikcə daha aydın görünür. Sosial müstəvidə isə prosesləri körükləyən əsas məsələ nəsillərarası və hökumətlə cəmiyyət arasındakı ictimai müqavilənin aşınmasıdır".

Y.Hacıyeva etirazların mühüm səbəblərindən birinin də Avropa cəmiyyətlərində nəsillərarası münasibətlərin və sosial gözləntilərin dəyişməsi olduğunu qeyd etdi:

"Mənim fikrimcə, bu etirazların ən mühüm tərəflərindən biri Avropa cəmiyyətlərində nəsillərarası münasibətlərin və sosial gözləntilərin dəyişməsidir. Əvvəlki onilliklərdə Avropa vətəndaşlarının böyük hissəsi üçün təhsil, peşə, sabit iş, mənzil və sosial təminat müəyyən mənada proqnozlaşdırıla bilən həyat modelinin tərkib hissəsi idi. Hazırda isə gənc nəsillərin bir hissəsi həmin imkanlara əvvəlki nəsillərlə müqayisədə daha çətin çıxış əldə edir".

O, gənclərin üzləşdiyi çətinliklərin dövlətə və mövcud iqtisadi modelə münasibəti dəyişdirdiyini vurğuladı:

"Təhsilin bahalaşması, mənzil bazarında əlçatanlığın azalması, əmək bazarındakı qeyri-müəyyənlik və gələcək sosial təminatla bağlı narahatlıqlar gənclərin dövlətə və mövcud iqtisadi modelə münasibətini dəyişir. Bu, artıq yalnız sosial narazılıq deyil, həm də nəsillərarası ədalət məsələsidir. Gənclər dövlətin onlardan daha çox məsuliyyət tələb etdiyini, lakin eyni zamanda onların gələcək imkanlarını təmin etməkdə kifayət qədər effektiv olmadığını düşünürlər".

Yeganə Hacıyeva Almaniya və Fransadakı etirazların bu narazılığın müxtəlif formalarda ifadəsi olduğunu bildirdi:

"Almaniyada hərbi xidmət məsələsi, Fransada isə təhsil və sosial təminatla bağlı etirazlar bu narazılığın müxtəlif formalarda ifadəsidir. Digər tərəfdən, miqrasiya, inteqrasiya, demoqrafik dəyişikliklər və sosial resursların bölüşdürülməsi məsələləri də Avropa cəmiyyətlərində müzakirələrin mühüm hissəsinə çevrilib. Bu mövzuların siyasi mübarizədə istifadəsi ictimai qütbləşməni daha da dərinləşdirib. Beləliklə, mən hesab edirəm ki, Fransada və Almaniyada müşahidə olunan sosial etirazlar təkcə iqtisadi çətinliklərin deyil, həm də Avropa cəmiyyətlərində əvvəlki sosial müqavilənin dəyişməsi ilə bağlı narahatlığın göstəricisidir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən