ABŞ İrana nüvə zərbəsi endirəcək? - Deputat: "Yaxın sutkalarda hücumun baş verməsi ehtimalı yüksəkdir"
İran vətəndaşlarına nüvə partlayışı və ya radiasiya təhlükəsi zamanı 24 saat ərzində evdən çıxmamaq barədə xəbərdarlıq edib. Bu xəbərdarlıq ölkənin mümkün nüvə təhlükəsi ilə bağlı narahatlıqlarını gündəmə gətirib.
Bəs İran hansı ölkədən nüvə hücumu gözləyir? Bu xəbərdarlığın arxasında hansı səbəblər dayanır və İran hakimiyyəti bununla bağlı hansı təhlükəni nəzərdə tutur?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Tural Gəncəliyev bildirdi ki, dünən Amerikada keçirilən aralıq seçkilərin nəticələrinə görə, demokratlar respublikaçılar, yəni Donald Tramp üzərində çox ciddi qələbə qazandılar.
Onun sözlərinə görə, bu qələbə Amerikanın xarici siyasətinin və Trampın həyata keçirdiyi siyasətin korrektə edilməsi, beləliklə də demokratların hegemonluğunun təmin olunması baxımından önəmli nəticə oldu:
"Təbii ki, Amerikada keçirilən seçkilər təkcə bu ölkə üçün deyil, bütün dünya və qlobal təhlükəsizlik baxımından da əhəmiyyət daşıyırdı. Nəyə görə? Çünki bütün dünya Amerikadakı seçkiləri həyəcanla və səbirsizliklə izləyirdi.
Hesab edirəm ki, demokratların həm Senatda, həm də Nümayəndələr Palatasında üstünlük əldə etməsi ABŞ-nin Yaxın Şərq siyasətində daha aqressiv və kəskin addımlar ata biləcəyi riskini artırır. Çünki hazırda ölkə daxilində demokratların qələbə qazanması, respublikaçıların isə məğlubiyyətə uğraması fonunda diqqəti bu nəticələrdən yayındırmaq üçün Trampın yeganə çıxış yolu İrana hücum ola bilər. Bu yolla həm seçkilər ətrafında yaranmış ajiotajdan diqqəti yayındırmaq, həm də İsraildə və ABŞ-də seçkilərdən sonra yaranmış gərginliyi müəyyən qədər arxa plana keçirmək mümkün ola bilər. Beləliklə, yaxın günlərdə, hətta yaxın sutkalarda İrana qarşı hücumun baş verməsi ehtimalı yüksəkdir".
Millət vəkili qeyd etdi ki, beynəlxalq mətbuatda yayılan məlumatlara əsasən, Avropa ölkələri, Yaponiya və xüsusilə də İranın yerləşdiyi Yaxın Şərq regionundakı dövlətlər öz vətəndaşlarına üç və ya yeddi günlük ərzaq və su ehtiyatı toplamaqla bağlı xəbərdarlıqlar ediblər:
"Bu nə deməkdir? Ola bilər ki, böyükmiqyaslı aviazərbələr endirilsin. İranın nüvə obyektləri, xüsusilə də uranın zənginləşdirilməsi ilə məşğul olan müəssisələri dağların dərinliklərində, adi aviazərbələrin və bombaların çata bilməyəcəyi ərazilərdə yerləşir. Söhbət, səhv etmirəmsə, İranın uranı zənginləşdirdiyi obyektlərin yerləşdiyi Pikaks dağı və ya Kürəng dağı adlandırılan ərazidən gedir. Həmin dağın altında yerləşən obyektlərə zərbə endirmək üçün hətta bəzi hərbi ekspertlər və dünyanın tanınmış media resursları kiçik güclü taktiki nüvə zərbəsinin tətbiq oluna biləcəyini də qeyd edirlər. Təbii ki, bunun nə dərəcədə doğru olub-olmadığını yaxın günlərdə görəcəyik.
Demək istədiyim əsas məqam ondan ibarətdir ki, hazırda respublikaçıların seçkilərdə məğlub olması, demokratların isə həm Senatda, həm də Nümayəndələr Palatasında qələbə qazanması fonunda diqqəti bu nəticələrdən yayındırmaq üçün İrana hücum ehtimalı çox yüksəkdir. Hesab edirəm ki, belə bir hücumun baş verəcəyini gözləmək olar. Ancaq həm Avropa İttifaqı ölkələrinin, həm Yaponiyanın, həm də Yaxın Şərq dövlətlərinin vətəndaşlara ehtiyatlı davranmaq, ərzaq və su ehtiyatı toplamaqla bağlı çağırışlar etməsi narahatedici məqamdır. Gözləyək, görək hadisələr necə inkişaf edəcək. Ancaq hesab edirəm ki, bu hücumun baş vermə ehtimalı və riski kifayət qədər yüksəkdir".
NURİYYƏ













