“Türkiyə Rusiya-Ukrayna danışıqlarında həlledici rol oynaya bilər” - AÇIQLAMA
"Ukrayna tərəfinin üçtərəfli görüşün Türkiyədə keçirilməsini istəməsi və bu məsələdə maraqlı olması təsadüfi deyil. Müharibə başlayandan indiyədək aparılan danışıqlar prosesində məhz Türkiyə platforması Ukrayna üçün öz mövqelərini qorumaq və gücləndirmək baxımından müəyyən mənada yeganə platforma kimi görünür".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirdi. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra Rusiya-Ukrayna danışıqları əsasən ərəb ölkələrində keçirilirdi:
"Bu ölkələr prosesdə daha çox ev sahibi kimi çıxış edir, danışıqlara müdaxilə etmək və ya onlara müəyyən təsir göstərmək imkanları məhdud olurdu. Türkiyə isə bu prosesdə öz ağırlığını qoymaq və hadisələrə təsir göstərmək gücünə malikdir. Ukrayna hesab edirdi ki, danışıqlar masası Türkiyədə qurularsa və proses burada davam edərsə, ilk növbədə bu, Rusiya qarşısında onun mövqelərini gücləndirə bilər. Digər tərəfdən, bu, Amerikanın qarşısında da Ukraynanın mövqeyini gücləndirən amil ola bilər. Çünki Türkiyə NATO ölkəsidir və Amerikanın əsas müttəfiqlərindən biridir. Ukraynanın əsas strategiyası ondan ibarətdir ki, Amerika öz müttəfiqi olan Türkiyənin Ukraynaya dəstəyini nəzərə ala bilər".
Müsahibimizin fikrincə, məsələyə bu kontekstdə yanaşdıqda, Ukraynanın istəyinə uyğun olaraq üçtərəfli görüşün Türkiyədə keçirilməsi imkanları real görünür:
"Bu ehtimalın güclü olmasının başqa bir səbəbi də Rusiyanın Türkiyədə görüşün keçirilməsində maraqlı olmasıdır. Bu, iki amillə bağlıdır. Birincisi, Rusiya İstanbul danışıqları prosesini İstanbul razılaşmaları çərçivəsində davam etdirmək niyyətindədir. Müharibədən dərhal sonra İstanbulda Rusiya və Ukrayna arasında görüş keçirilmiş, müəyyən razılaşmalar əldə olunmuşdu. Rusiya həmin razılaşmaların böyük ölçüdə öz maraqlarına uyğun olduğunu hesab edirdi. Moskva düşünürdü ki, danışıqlar Türkiyədə davam edərsə, İstanbul razılaşmalarının bu prosesdə əsas baza rolunu oynamasını təmin etmək mümkün olacaq. Bu isə Rusiyanın maraqlarına uyğundur. İkinci əsas məsələ isə Rusiyanın da Türkiyəyə Amerika qarşısında müəyyən mənada alternativ kimi baxmasıdır. Türkiyə ilə münasibətlərin yaxşı olması Rusiya üçün o deməkdir ki, Amerika qarşısında belə bir mesaj verə bilər: Amerikanın müttəfiqi olan ölkənin Rusiya ilə də münasibətləri və müəyyən əməkdaşlığı mövcuddur. Görünür, Rusiya Türkiyədən Amerikanın mövqeyinə təsir göstərmək üçün istifadə edə biləcəyini düşünür".
Siyasi şərhçi qeyd etdi ki, hər iki tərəf bu prosesdə maraqlıdırsa, həm Ukraynanın, həm də Rusiyanın bu məsələdə öz maraqları varsa, deməli, üçtərəfli görüşün Türkiyədə keçirilməsi ehtimalı daha da güclənir:
"Trampın özü də ərəb ölkələri ilə yanaşı, əvvəldən Türkiyə variantına, danışıqların burada keçirilməsi məsələsinə isti yanaşıb. Çünki Tramp administrasiyası Türkiyə ilə münasibətlərə xüsusi önəm verir. Hesab edirəm ki, üçtərəfli görüş məsələsi gündəmə gəldikdə Tramp administrasiyasının Türkiyədə keçirilməsi variantını qəbul etmək ehtimalı var".
Xədicə BAXIŞLI













