Tramp Konqresdən icazə almadan İrana hücum edə bilər? - AÇIQLAMA
"Amerika Birləşmiş Ştatlarında seçkilərin nəticələri gözlənilən idi. Çünki seçkilərdən əvvəl keçirilən rəy sorğularında Trampın partiyasının məğlub olacağı proqnozlaşdırılırdı. Ancaq fərqin bu qədər böyük olacağı gözlənilmirdi. Bunu gözlənilməz nəticə kimi qiymətləndirmək olar".
Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirdi.
Onun fikrincə, bu seçkilərdə respublikaçıların məğlubiyyətinin əsas səbəblərindən biri Trampın İranla başladığı müharibə və bunun nəticəsində ABŞ-də enerji daşıyıcılarının, xüsusilə yanacağın qiymətinin təxminən 40 faiz bahalaşması oldu:
"Bu amilin təsirləri seçkilərin nəticələrində də özünü göstərdi. Qarşıdakı ildə Donald Tramp Konqres və Senatla ciddi gərginlik şəraitində işləməli olacaq. Artıq onun siyasətini yenidən tənzimləməyə, tarazlaşdırmağa çalışacaqlar. İranla müharibə məsələsinə gəlincə, düşünürəm ki, Donald Trampın bu ölkəyə qarşı həyata keçirmək istədiyi siyasətin əsas məqsədlərindən biri İranın nüvə proqramını məhv etmək, ölkəni və xüsusilə də onun enerji resurslarını ABŞ-nin nəzarətinə keçirmək idi. Ancaq bu məqsədlərə nail olmaq mümkün olmadı".

Siyasi şərhçinin sözlərinə görə, bununla belə, nəzərə almaq lazımdır ki, Yaxın və Orta Şərqdə hələ seçkilərdən əvvəl böyük hərbi qüvvələr cəmləşdirilmişdi.
"Xüsusilə İsraildə seçkilərdən sonra mürəkkəb vəziyyətlə üzləşən Benyamin Netanyahu da İranla müharibənin tərəfdarıdır. Düşünürəm ki, Donald Tramp növbəti dəfə İrana qarşı müəyyən hərbi əməliyyatlar keçirə bilər. Bu ehtimal kifayət qədər ciddi olaraq qalır. Çünki bölgədə toplanan hərbi qüvvələr, artan aqressiv ritorika, ABŞ prezidentinin qarşıya qoyduğu hədəflərə çata bilməməsi və İranla razılaşmanın əldə olunmaması müharibə riskini kifayət qədər artırır. Bu baxımdan, belə bir addımın atılması mümkündür. Düşünürəm ki, Donald Tramp öz səlahiyyətlərindən istifadə edərək Konqres və Senatdan əvvəlcədən icazə almadan İrana qarşı qısamüddətli hərbi zərbələrin endirilməsi barədə göstəriş verə bilər", - deyə O.Qasımov sözlərini yekunlaşdırdı.
NURİYYƏ













