Tehran əhalini mümkün nüvə təhlükəsinə hazırlayır: Pərdəarxasında nə baş verir?
İran vətəndaşlarına nüvə partlayışı və ya radiasiya təhlükəsi ilə bağlı xəbərdarlıq edərək 24 saat ərzində evdən çıxmamağı tövsiyə edib.
Bəs İran mümkün nüvə hücumu təhlükəsini hansı ölkədən gözləyir? Bu xəbərdarlığın arxasında hansı səbəblər dayanır?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirdi ki, İranın öz vətəndaşlarına nüvə partlayışı və radioaktiv çirklənmə təhlükəsi ilə bağlı verdiyi tövsiyə əslində Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin nə qədər həssas olduğunu göstərir:
"Bu xəbərdarlıq Vaşinqtonun Tehrana qarşı hərbi təzyiq siyasətini davam etdirdiyi, İranın nüvə obyektlərinin yenidən hədəfə çevrilə biləcəyi və son günlər ayrı-ayrı mənbələr tərəfindən İrana qarşı taktiki nüvə silahından istifadə edilə biləcəyinə dair müzakirələrin aparıldığı bir vaxtda gündəmə gəlib.
Onu da qeyd edim ki, nüvə təhlükəsi ilə bağlı xəbərdarlıq təkcə İran tərəfindən gündəmə gətirilmir. Hazırda Avropa ölkələrinin də daxil olduğu 30-dan artıq ölkədə oxşar xəbərdarlıqlar edilir".
Politoloq əlavə etdi ki, bu cür xəbərdarlıqlar əsasən mümkün nüvə partlayışı və radioaktiv təhlükə zamanı əhalinin davranış qaydalarını əhatə edən mülki müdafiə təlimatları ilə bağlıdır:
"İranın dövlət xəbər agentliyi IRNA oktyabrın 29-dan etibarən bu mövzuda maarifləndirici video yayımlayır. Təlimatda vətəndaşlara zirzəmilərdə və ya möhkəm binaların daxili hissələrində sığınmaq, pəncərələrdən uzaq durmaq, havalandırma sistemlərini söndürmək və ən azı 24 saat ərzində çölə çıxmamaq tövsiyə olunur".
Müsahibimizin sözlərinə görə, Tehranın konkret olaraq hansı ölkədən ehtiyat etdiyinə gəldikdə, mövcud siyasi və hərbi şərait nəzərə alınarsa, əsas narahatlığın ABŞ və İsrailin mümkün hərbi əməliyyatları ilə bağlı olduğu görünür:
"Xüsusilə İranın nüvə proqramı ilə əlaqəli obyektlərin, o cümlədən Natanz və Fordo kimi strateji əhəmiyyətli təsisatların yenidən hədəfə çevrilməsi ehtimalı müzakirə olunur. Nüvə obyektlərinin dağıdılması radioaktiv materialların ətraf mühitə yayılması riskini yarada bilər. Bu səbəbdən İranın hazırladığı təlimat yalnız nüvə silahının tətbiqinə deyil, ümumilikdə radioaktiv çirklənmə ehtimalına qarşı mülki müdafiə tədbiri kimi də qiymətləndirilə bilər".

Rəşad Bayramov ABŞ-də son günlər səsləndirilən nüvə zərbəsi ilə bağlı iddialara da diqqət çəkdi. Onun sözlərinə görə, bu müzakirələr İranın narahatlığını artıran amillərdən biridir:
"Son günlər ABŞ-də bəzi media şərhçiləri, o cümlədən Taker Karlson İranın nüvə obyektlərinə nüvə silahı ilə zərbə endirilə biləcəyi barədə iddialar səsləndiriblər. Lakin bu iddialar rəsmi şəkildə təsdiqlənməyib. Donald Tramp da daha əvvəl İrana qarşı nüvə silahından istifadə etməyəcəyini bildirib".
Politoloq İranın bu addımının yalnız xarici hərbi təhlükə ilə əlaqəli olmadığını, daxili ictimaiyyətin mümkün fövqəladə vəziyyətə hazırlanması məqsədi də daşıdığını bildirdi:
"Belə təlimatlar əhali arasında panikanın qarşısını almaq, dövlətin fövqəladə hallara hazırlığını nümayiş etdirmək və mümkün hərbi eskalasiya zamanı itkiləri azaltmaq məqsədi daşıya bilər. Xüsusilə İranın nüvə obyektlərinin yerləşdiyi ərazilər ətrafında təhlükəsizlik məsələləri hakimiyyət üçün həssasdır.
Burada siyasi mesaj amilini də nəzərdən qaçırmaq olmaz. Tehran bu cür xəbərdarlıqlarla beynəlxalq ictimaiyyətə ölkənin hərbi təhlükə ilə üz-üzə olduğunu xatırladır. Eyni zamanda, mümkün hücumun nəticələrinin yalnız İranla məhdudlaşmayacağına, regionun ekologiyasına, əhalinin sağlamlığına və enerji təhlükəsizliyinə təsir göstərə biləcəyinə diqqət çəkir".
Müsahibimiz sonda vurğuladı ki, İranın vətəndaşlarına ünvanladığı xəbərdarlıq ABŞ-nin, müəyyən mənada isə İsrailin mümkün hərbi zərbələri ilə bağlı təhlükəsizlik narahatlıqlarının göstəricisidir:
"Əsas məsələ ondan ibarətdir ki, ABŞ-İran qarşıdurmasında hərbi ritorikanın güclənməsi artıq təkcə siyasi və hərbi dairələrin deyil, mülki əhalinin də mümkün müharibənin nəticələrinə hazırlaşmasını gündəmə gətirir".
NURİYYƏ













