Azərbaycançılıq ideologiyası niyə bu gün daha vacibdir? - Deputatlar DANIŞDI

 12:36 05.11.2026     28

Müasir dövrdə milli birliyin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi və ortaq milli dəyərlərin təbliği baxımından azərbaycançılıq ideologiyasının əhəmiyyəti daha da artır. Xüsusilə son dövrlərdə regionda baş verən siyasi proseslər, İranın Azərbaycana qarşı təxribat xarakterli addımları, Türkiyənin bəzi media və sosial şəbəkə seqmentlərində ölkəmizə qarşı aparılan informasiya hücumları milli həmrəyliyin və dövlətçilik şüurunun qorunmasını yenidən gündəmə gətirir. Belə bir şəraitdə cəmiyyətin ortaq milli dəyərlər ətrafında birləşməsi mühüm əhəmiyyət daşıyır.

Bəs azərbaycançılıq ideologiyası bizə niyə lazımdır? Milli birliyin və dövlətçilik ənənələrinin qorunmasında onun rolu nədən ibarətdir? Sosial şəbəkələrdə yayılan dezinformasiya və xarici ideoloji təsirlər fonunda milli dəyərlərin qorunması və azərbaycançılıq ideologiyasının təbliği necə təmin olunmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Jalə Əliyeva bildirdi ki, azərbaycançılıq ideologiyası, ilk növbədə, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik təfəkkürünü, tarixi yaddaşını və mənəvi dəyərlərini özündə birləşdirən bütöv bir dünyagörüşüdür:

"Bu ideologiyanın mahiyyətində Vətənə bağlılıq, Azərbaycan dövlətinə sədaqət, milli-mənəvi irsə hörmət, dilimizin, mədəniyyətimizin və tariximizin qorunması, eləcə də cəmiyyətin bütün təbəqələrinin vahid milli məqsədlər ətrafında birləşməsi dayanır. Azərbaycançılıq yalnız etnik mənsubiyyətlə məhdudlaşan anlayış deyil. O, Azərbaycanda yaşayan, bu ölkəni öz Vətəni hesab edən, onun taleyinə və gələcəyinə məsuliyyətlə yanaşan hər kəsi birləşdirən ümummilli ideyadır. Burada milli mənsubiyyətindən, dini etiqadından və sosial statusundan asılı olmayaraq, hər bir vətəndaşın dövlət qarşısında bərabərliyi, qarşılıqlı hörmət və həmrəylik prinsipləri mühüm yer tutur".

Millət vəkili əlavə etdi ki, azərbaycançılıq ideologiyası özündə milli və dini tolerantlığı, multikulturalizmi, tarixi varisliyi, milli kimliyi, dövlət müstəqilliyinin qorunmasını, suverenliyə hörməti və Vətənə xidmət məsuliyyətini birləşdirir.

"Azərbaycançılıq ideologiyası bizə ona görə lazımdır ki, hər bir dövlətin siyasi müstəqilliyi ilə yanaşı, onu yaşadan mənəvi dayaqları, milli birliyi və ortaq gələcək təsəvvürü də olmalıdır. Dövlətin gücü yalnız iqtisadi və hərbi potensialı ilə deyil, həm də vətəndaşlarının milli həmrəyliyi, dövlətə bağlılığı və ortaq məsuliyyət hissi ilə ölçülür. Müasir Azərbaycanın keçdiyi inkişaf yolu göstərir ki, milli birlik və dövlətçilik düşüncəsi ölkənin davamlı inkişafının mühüm şərtlərindəndir. Xüsusilə Vətən müharibəsində qazanılmış tarixi Zəfər xalqımızın milli həmrəyliyinin, dövlətçilik iradəsinin və Vətən sevgisinin təcəssümü kimi azərbaycançılıq ideyasının ictimai əhəmiyyətini daha da artırdı".

Deputatın sözlərinə görə, bu gün qarşıda duran mühüm vəzifələrdən biri azərbaycançılıq ideologiyasını müasir dövrün çağırışlarına uyğun şəkildə təbliğ etməkdir. O, xüsusilə gənclərin informasiya mühitində qarşılaşdıqları təsirlərə diqqət çəkdi:

"İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, sosial şəbəkələrin gənclərin dünyagörüşünə ciddi təsir göstərdiyi bir zamanda milli kimliyin qorunması daha sistemli yanaşma tələb edir. Bu istiqamətdə ilk növbədə gənclərdə milli özünüdərk, informasiya savadlılığı və sağlam tənqidi düşüncə formalaşdırılmalıdır. Biz gəncləri dünyadan təcrid etməklə deyil, onları dünyada baş verən prosesləri düzgün qiymətləndirməyə, fərqli ideoloji təsirləri təhlil etməyə və öz milli kimliklərinə şüurlu şəkildə bağlı qalmağa təşviq etməklə qorumalıyıq".

Jalə Əliyeva qeyd etdi ki, sosial şəbəkələrdə müxtəlif mədəniyyətlərin, həyat tərzlərinin və ideoloji baxışların təbliğ edilməsi təbii prosesdir. Onun fikrincə, burada əsas məsələ həmin təsirlərin gənclər tərəfindən necə qəbul edilməsidir:

"Burada əsas məsələ xarici təsirlərin mövcudluğu deyil, gənclərin bu təsirləri hansı düşüncə süzgəcindən keçirərək qəbul etməsidir. Milli dəyərlərə bağlılıq dünyaya qapanmaq, yeniliyi rədd etmək demək deyil. Əksinə, öz köklərini tanıyan, tarixini bilən, ana dilinə və mədəniyyətinə hörmət edən, dövlətini, ölkəsini ürəkdən sevən gənc dünyanın istənilən ölkəsində öz kimliyini qoruyub saxlaya bilər. Eyni zamanda, sosial şəbəkələrdə yayılan məlumatların etibarlılığının yoxlanılması, dezinformasiyanın və manipulyativ məzmunun tanınması bacarıqları da xüsusi əhəmiyyət daşıyır. Bu, milli dəyərlərin qorunması ilə yanaşı, gənclərin müstəqil düşünən və məsuliyyətli vətəndaş kimi yetişməsinə xidmət edir. Bu məsələdə Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş milli mənsubiyyətin qorunması, ana dilindən istifadə, bərabərlik və fikir azadlığı prinsipləri də mühüm hüquqi əsas yaradır".

Deputat vurğuladı ki, azərbaycançılıq ideologiyası keçmişə bağlılıqdan daha çox, keçmişdən güc alaraq gələcəyi qurmaq fəlsəfəsidir:

"Biz gənc nəslə yalnız tariximizi öyrətməməli, həm də bu tarixin davamçısı olmaq məsuliyyətini aşılamalıyıq. Azərbaycançılıq ideologiyasının ən mühüm məqsədi öz Vətənini sevən, dövlətinə güvənən, milli kimliyindən qürur duyan, eyni zamanda müasir düşüncəli, savadlı və dünyaya açıq vətəndaş yetişdirməkdir. Milli birliyin ən möhkəm təminatı insanları birləşdirən ortaq Vətənə, dövlətə və milli dəyərlərə sahib çıxmaqdadır. Ulu Öndər Heydər Əliyevin bizlərə mirası olan azərbaycançılıq bizim milli kimliyimiz, dövlətçilik fəlsəfəmiz və gələcək nəsillərə ötürməli olduğumuz mənəvi xəzinəmizdir".

Mövzu ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Allahverənov isə azərbaycançılıq ideologiyasının əsas prinsiplərinə və dövlətçilik baxımından əhəmiyyətinə diqqət çəkdi. O bildirdi ki, bu ideologiyanın mahiyyəti Azərbaycan xalqının özünəməxsusluğunu qorumaqla yanaşı, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsinə, cəmiyyətin birliyinə və ölkənin davamlı inkişafına xidmət etməkdir:

"Azərbaycançılıq yalnız milli mənsubiyyət anlayışı deyil, həm də dövlətə, Vətənə, milli dəyərlərə və ümumi mənafeyə bağlılığı ifadə edən ictimai-siyasi konsepsiyadır. Bu baxımdan azərbaycançılıq ideologiyasının əsas sütunları xüsusi əhəmiyyət daşıyır. Çünki ideologiyanın dayanıqlılığı məhz onun sütunlarının möhkəmliyi ilə ölçülür. Milli kimlik və mənsubiyyət bu əsas sütunlardan biridir. Burada Azərbaycan xalqının dili, tarixi, mədəniyyəti, adət-ənənələri və mənəvi dəyərləri öz əksini tapır. Nəticə etibarilə, bu dəyərlərin qorunması milli kimliyin və mənsubiyyətin möhkəmləndirilməsində həlledici əhəmiyyət daşıyır. Dövlətçilik və müstəqillik də milli kimliklə bərabər əsas sütunlardan biridir. Bu, Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, dövlət institutlarının və milli maraqlarının müdafiəsi ilə şərtlənir. Xüsusilə ərazi bütövlüyünün təmin olunması məsələsində milli həmrəyliyin əhəmiyyətini vurğulamaq lazımdır".

Azər Allahverənov milli həmrəyliyin əhəmiyyətinin 44 günlük Vətən müharibəsi zamanı xüsusilə aydın şəkildə nümayiş olunduğunu xatırlatdı:

"Siyasi baxışlarından, sosial statusundan, dini və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar vahid dövlətçilik ideyası ətrafında birləşdilər. Bundan başqa, cəmiyyətimizin malik olduğu multikulturalizm və tolerantlıq dəyərləri də azərbaycançılıq ideologiyasının əsaslarından biri kimi qiymətləndirilməlidir. Müxtəlif etnik və dini qruplara mənsub insanların yaşadığı ölkəmizdə onların hüquqlarının, mədəni azadlıqlarının və dini etiqadlarının qorunması bu dəyərlərin mühüm tərkib hissəsidir".

Deputatın sözlərinə görə, azərbaycançılıq ideologiyasının digər mühüm dayaqlarından biri də vətənpərvərlik və vətəndaş məsuliyyətidir:

"Bu, hər bir vətəndaşın ölkənin inkişafı, təhlükəsizliyi və beynəlxalq nüfuzunun yüksəldilməsi üçün məsuliyyət hiss etməsini nəzərdə tutur. Beləliklə, azərbaycançılıq ideologiyası bütün bu vacib sütunları özündə ehtiva edir. Azərbaycançılıq ideologiyasının formalaşması və sistemləşdirilməsi isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər bu ideologiyanı sistemli şəkildə işləyərək dövlət səviyyəsinə çıxarıb. 1990-cı illərin ortalarından başlanan bu siyasətin nəticələrini sonrakı dövrdə, xüsusilə 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərdə də gördük. Çünki bu prosesdə milli birliyin təmin edilməsi, dövlət müstəqilliyinin qorunması, xaricdə yaşayan azərbaycanlıların tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi, milli və dini müxtəlifliyin qorunması, Azərbaycan dilinin və milli-mədəni irsin inkişaf etdirilməsi kimi elementlər xüsusi əhəmiyyət daşıyıb.

Bu siyasətin nəticəsi olaraq, azərbaycançılıq ideologiyası bu gün sadaladığımız əsas sütunları özündə birləşdirməklə yanaşı, bir sıra mühüm funksiyaları da yerinə yetirir. Burada ilk növbədə birləşdirici funksiya özünü göstərir. Yəni vahid ideya ətrafında müxtəlif baxışlara malik əhali qruplarının birləşməsini təmin edir. Digər tərəfdən, qoruyucu funksiyası var. Bu, bilavasitə qloballaşma şəraitində tarixi yaddaşın və ideoloji təhlükəsizliyin qorunması ilə bağlıdır. İnkişafetdirici funksiyası isə milli kimliyin müasirlik, innovasiya, elm, tərəqqi və beynəlxalq əməkdaşlıqla uzlaşmasını nəzərdə tutur. Beləliklə, azərbaycançılıq ideologiyası özü də inkişaf etmək potensialına malikdir. Bütün bunlar bu ideologiyanın geniş şəkildə təbliğ olunmasını zəruri edir. Bu məsələ həm də günün tələblərindən və dünyada gedən proseslərdən birbaşa asılıdır".

Azər Allahverənov sosial şəbəkələrdə yayılan fərqli ideoloji təsirlərin də milli təhlükəsizlik baxımından diqqətdə saxlanılmalı olduğunu bildirdi. O, bu cür təsirlərə qarşı mübarizədə ideoloji immunitetin gücləndirilməsinin vacibliyini vurğuladı:

"Söhbət ideoloji immunitetin və təhlükəsizliyin gücləndirilməsindən gedir. Çünki bu gün sosial şəbəkələr ideoloji müstəvidə təhdid yaradan riskləri daim gündəmdə saxlamaq gücünə malikdir. Belə təsirlərə müqavimət göstərməyin əsas yolu isə ideoloji dayaqların gücləndirilməsidir. Bu baxımdan azərbaycançılıq ideologiyasının əsas sütunlarını təşkil edən elementlərin inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə ciddi ehtiyac var. Bu, ideoloji təhlükəsizlik məsələlərinin diqqət mərkəzində saxlanılmasını və qabaqlayıcı tədbirlərin həyata keçirilməsini zəruri edir. Nəticədə milli dəyərlərin həm qorunmasına, həm də səmərəli şəkildə təbliğinə nail olmaq mümkündür. Bütün bunlar isə güclü ideoloji immunitetin formalaşmasına xidmət edir".

Yazı Media və Yayım Şurasının maliyyə dəstəyi ilə "azərbaycançılıq ideyasının təbliği" mövzusunda dərc olunub.

Xədicə BAXIŞLI

2
Vumart və Güvən reklamı Vumart Güvən