Tramp yanvara qədər İrana daha ağır zərbələr endirə bilər - PROQNOZ
"ABŞ-də seçkilərin nəticəsi, əslində, əvvəlcədən proqnozlaşdırılırdı. Çoxları hesab edirdi ki, Trampın İranla bağlı siyasəti, ümumiyyətlə, ABŞ daxilində bəzi məhsulların, xüsusilə də yanacaq və digər enerji məhsullarının qiymətinin artması hazırkı hakimiyyətin, yəni Donald Tramp administrasiyasının və onun təmsil olunduğu Respublikaçılar Partiyasının ciddi nüfuz itirməsinə səbəb olacaq".
Bu sözləri politoloq Həşim Səhrablı Redaktor.az-a açıqlamasında bildirdi.
Onun sözlərinə görə, bu nüfuz itkisinin aralıq seçkilərində respublikaçıların səslərinin əhəmiyyətli dərəcədə azalması ilə nəticələnəcəyi gözlənilən idi. Bununla belə, seçkilərin nəticələrinin gözləniləndən daha ağır olduğunu vurğuladı:
"Amma açıq desəm, onların 30-40 ildən çoxdur, hətta bəzi ştatlarda daha uzun müddətdir respublikaçıların alınmaz qalası hesab olunan ərazilərdə də seçkiləri uduzacağını gözləmirdim. Yəni bu dərəcədə ciddi nəticələrin ortaya çıxacağını, yəqin ki, heç kim proqnozlaşdırmamışdı. Məğlubiyyət o qədər ağır olub ki, hətta vitse-prezidentin açıqlamasında da məğlubiyyətin səbəblərinin bir neçə faktor üzrə sıralandığını gördüm.
Ortada çox ciddi reallıq var. Respublikaçılar Partiyası indi itirdiyi nüfuzu hansısa formada bərpa etməyə və növbəti seçkilərə hazırlaşmağa çalışır".
Politoloqun fikrincə, respublikaçıların hər iki palatada çoxluğu itirməsi Tramp administrasiyası ilə Konqres arasında ciddi fikir ayrılıqlarına yol aça bilər. O, demokratların üstünlük qazandığı yeni siyasi şəraitdə Trampın qərarlarını qəbul etdirməkdə çətinliklərlə üzləşəcəyini düşünür:
"Bundan sonra prezident administrasiyası ilə Konqres arasında ciddi fikir ayrılıqları olan məsələlərdə ABŞ siyasətində müəyyən tıxanmalar görəcəyik. Trampın atdığı addımların, xüsusilə də yanlış hesab edilən qərarlarının böyük ehtimalla Konqresdən keçmədiyinin şahidi olacağıq. Çünki demokratlar həm Nümayəndələr Palatasında, həm də Senatda üstünlüyü əldə ediblər. Tramp da məhz buna görə demokratlarla işləyə biləcəkləri mesajını verir. Donald Tramp indidən ritorikasını yumşaltmaqla demokratların üstün olduğu yeni reallıqda öz qərarlarını qəbul etdirməyin yollarını axtarır. Ancaq bunun nə dərəcədə effektiv olacağını indidən söyləmək çətindir".

Həşim Səhrablı hesab edir ki, yanvar ayına qədər ABŞ-də hazırkı siyasi və idarəçilik sistemi ilə fəaliyyət davam edəcək. O, respublikaçıların seçkilərdə məğlubiyyətinə səbəb olan amillərdən birinin İran məsələsi olduğunu düşünür və bu vəziyyətin Trampın növbəti addımlarına təsir göstərə biləcəyini istisna etmir:
"Mən belə başa düşürəm ki, respublikaçıların məğlubiyyətinə səbəb olan əsas amillərdən birinin İran məsələsi olması Trampı daha radikal qərarlar qəbul etməyə sövq edə bilər. Nəzərə alsaq ki, İsrail lobbisi də bu istiqamətdə ciddi təzyiqlər göstərir, yanvara qədər İrana qarşı ciddi əməliyyatlar gözləmək olar. Çünki yanvardan sonra hərbi zərbələrin endirilməsi, hətta öldürücü silahlardan istifadə olunması məsələsində demokratlar ənənəvi siyasətlərinə qayıdacaqlar və İran məsələsinə bir qədər daha həssas yanaşacaqlar. Ona görə də yəqin ki, yanvara qədər Tramp administrasiyası və İsrail hakimiyyəti birlikdə bu məsələni hansısa formada həll etməyə çalışacaqlar. Burada söhbət daha kəskin zərbələrin endirilməsindən gedir. Qısası, yanvara qədər İrana ciddi zərbələr endirilməsi ehtimalı özünü doğrulda bilər. Çünki Tramp İranda başladığı əməliyyatı sona çatdırmaqla özünün və partiyasının nüfuzunu yüksəltməyə cəhd edə bilər".
Siyasi şərhçi yanvar ayından sonra ABŞ-nin İrana münasibətdə siyasətində dəyişikliklərin baş verə biləcəyini də proqnozlaşdırdı. Onun sözlərinə görə, bu, ilk növbədə İrandakı mövcud hakimiyyətin taleyindən və müharibənin nəticələrindən asılı olacaq:
"Yanvardan sonra isə, əgər hazırkı İran hakimiyyəti devrilməzsə, İran məğlub olmazsa və təslimiyyət bayrağını qaldırmazsa, ABŞ-nin İrana qarşı fərqli manevrlər etdiyini görəcəyik. Çünki demokratlar İrana münasibətdə heç vaxt hərbi gücdən istifadənin tərəfdarı olmayıblar. Hərbi güc ehtimalı onlar üçün də həmişə masada olub, ancaq onlar üstünlüyü diplomatik metodlara, iqtisadi və siyasi təzyiqlərə veriblər. Məqsəd İran hakimiyyətini ABŞ-nin şərtlərini qəbul etməyə razı salmaqdır".
NURİYYƏ













