“Uduzan tərəf Konqres olacaq” - Trampın İran siyasəti ilə bağlı AÇIQLAMA

 13:49 05.11.2026     15

"Amerikada seçkilərlə bağlı müxtəlif proqnozlar var idi. Əksəriyyət hesab edirdi ki, respublikaçılar üstünlük qazanacaqlar, lakin bu proqnozlar özünü doğrultmadı".

Bunu politoloq Akif Nağı Redaktor.az-a açıqlamasında bildirdi. Onun sözlərinə görə, Donald Tramp Amerikanın tarixinə düşən prezidentlərdən biri olacaq:

"Tramp Amerika üçün kifayət qədər işlər görüb. Azərbaycanla münasibətləri də, ümumilikdə, həmişə yaxşı olub. Xüsusilə Trampın prezidentliyi dövründə Azərbaycanla münasibətlər müsbət istiqamətdə inkişaf edib.

Buna görə də düşünürəm ki, biz onun fəaliyyətinə və ölkəmizlə münasibətlərə verdiyi töhfəyə dəyər verməliyik. İndi yeni bir situasiya yaranıb, amma hesab edirəm ki, burada o qədər də təhlükəli vəziyyət yoxdur. Bunun səbəbləri də izah olunub".

Politoloq İranla bağlı yaranmış vəziyyətə də münasibət bildirərək Tehranın nüvə silahına sahib olmasının ciddi təhlükə yaradacağını vurğuladı:

"İrana müdaxilə məsələsinə gəldikdə, hər kəs bilir ki, İrandakı rejim dəyişməlidir. Hamı başa düşür ki, İranın nüvə silahına sahib olması ciddi təhlükə yarada bilər. Bu, daha böyük təhlükəyə çevrilə bilər. İran əlində olan bütün silahlardan bu gün istifadə edir. Sabah nüvə silahına sahib olarsa, ondan da istifadə edə bilər. Bu isə bəşəriyyət üçün böyük təhlükədir. Hər kəs bu təhlükəni dərk edir, lakin onun qarşısında dayanan tərəf Amerika və Tramp oldu".

Akif Nağının fikrincə, Trampın İranla bağlı mövqeyi gələcəkdə daha düzgün qiymətləndiriləcək. O, həmçinin ABŞ-da qarşıdakı prezident seçkilərinə qədər respublikaçıların mövqeyinin güclənəcəyini ehtimal etdi:

"Hesab edirəm ki, Trampın bu mövqeyi yaxın gələcəkdə həm Amerikanın özündə, həm də onun hüdudlarından kənarda daha düzgün qiymətləndiriləcək. Seçkilərdə uduzmaq da, qalib gəlmək də mümkündür. Bildiyiniz kimi, 2028-ci ildə prezident seçkiləri keçiriləcək. Həmin vaxta qədər Trampın həm öz mövqeyini, həm də respublikaçıların mövqeyini möhkəmləndirəcəyini düşünürəm".

Politoloq ABŞ-də prezidentlə Konqres və Senat arasında mümkün qarşıdurmaya da toxundu. O, belə bir vəziyyətdə Konqresin uduzan tərəf olacağını düşündüyünü bildirdi:

"İndiki şəraitdə Amerika qanunlarının müəyyən etdiyi çərçivələr daxilində hakimiyyət fəaliyyətini davam etdirəcək. Əgər Konqres və ya Senat qarşıdurma yolunu seçərsə, hesab edirəm ki, uduzan tərəf Konqres olacaq. Burada söhbət Nümayəndələr Palatası və Senatdan gedir. Çünki prezidentin səlahiyyətləri kifayət qədər genişdir, Trampın öz siyasi xətti və komandası da var".

Siyasi şərhçi ABŞ-də siyasi qüvvələr arasında qarşılıqlı anlaşmanın vacibliyini də diqqətə çatdırdı. Onun sözlərinə görə, demokratların Konqresdəki mövqeyi ölkədə hakimiyyət böhranı yaratmaq üçün əsas olmamalıdır:

"Demokratlar Senatda çoxluğa, Nümayəndələr Palatasında isə ciddi üstünlüyə malikdirlər. Amma bu, o demək deyil ki, onlar bundan istifadə edərək Amerikada hakimiyyət böhranı yaradacaqlar. Prezident xalqın səsi ilə seçilib. Ona normal şəkildə fəaliyyət göstərmək imkanı verilməlidir. Demokratların istənilən addımına qarşı Trampın cavab tədbirləri olduğunu və bu tədbirlərin kifayət qədər təsirli ola biləcəyini düşünürəm".

Akif Nağı Trampın İranla bağlı siyasətini də davam etdirəcəyini hesab edir. O, ABŞ Prezidentinin bu prosesə qoşularkən mümkün riskləri nəzərə aldığını söylədi:

"Hesab edirəm ki, Tramp İranla bağlı siyasətini də bu xətt üzrə davam etdirəcək. O, İrana qarşı atdığı addımların risklərini dərk edirdi. Bu riski gözə alaraq prosesə qoşulub və artıq həmin istiqamətdə kifayət qədər yol qət edib. Düşünürəm ki, İranın neytrallaşdırılması və müəyyən mənada zərərsizləşdirilməsi istiqamətində addımlar atılır".

Politoloq dövlətlərin daxili işlərinə müdaxilə prinsipinə də toxunaraq İran məsələsinin yalnız ölkədaxili problem kimi qiymətləndirilməsinin doğru olmadığını bildirdi:

"Heç bir dövlətin başqa bir dövlətin daxili siyasətinə qarışması düzgün deyil. Amma bir dövlətin daxili siyasəti dünya üçün təhlükə yaradırsa, xüsusilə də nüvə silahı əldə etməsi ehtimalı ciddi risk doğurursa, bu, artıq təkcə həmin dövlətin daxili məsələsi sayıla bilməz.

Görürsünüz ki, artıq nüvə silahından Amerikanın və ya Rusiyanın istifadə edə biləcəyi ilə bağlı müzakirələr də aparılır. Ola bilər ki, İran da hansısa mərhələdə nüvə silahı hazırlamaq istiqamətində irəliləyiş əldə edib və ondan istifadə etmək niyyətinə düşə bilər. Bu da böyük təhlükədən xəbər verir. Həmin təhlükənin qarşısı alınmalıdır".

Sonda Akif Nağı Trampın İran siyasətindən geri çəkilməyəcəyini düşündüyünü və ABŞ Prezidentinin qarşıya qoyduğu məqsədə çatacağına ümid etdiyini bildirdi:

"Ona görə də İran məsələsində Trampın öz xəttindən geri çəkilməyəcəyini və bu siyasəti davam etdirəcəyini düşünürəm. Ümid edirəm və inanıram ki, o, qarşıya qoyduğu məqsədə nail olacaq".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən