ABŞ Konqresində dəyişikliklər olsa da, Azərbaycanla razılaşma qüvvədə qalacaq - Deputatdan AÇIQLAMA
"Amerika Birləşmiş Ştatlarında keçirilən aralıq seçkiləri qanunverici orqanda müəyyən yeniliklərə səbəb oldu. Ancaq ABŞ-də icraedici hakimiyyətin səlahiyyətləri və funksiyaları Trampın prezidentlik müddətinin sonuna qədər qüvvədə qalacaq. Xarici siyasəti müəyyən edən əsas qurum icraedici hakimiyyət olduğuna görə, ABŞ-Azərbaycan münasibətlərində hər hansı dəyişikliyin baş verəcəyi gözlənilmir".
Bu fikirləri Redaktor.az-a Amerikada aralıq seçkilərində demokratların qələbəsindən sonra Azərbaycan-ABŞ münasibətlərinin aqibətindən danışan deputat Hikmət Babaoğlu səsləndirdi.
Onun sözlərinə görə, Azərbaycan-ABŞ münasibətləri iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalandıqdan sonra yeni mərhələyə qədəm qoyub:
"Bu sənəd demokratların və ya respublikaçıların hakimiyyətdə olmasından asılı olmayaraq, dövlətlərarası münasibətlərin hüquqi əsaslarını və tərəfdaşlıq fəlsəfəsini özündə əks etdirir. Ona görə də düşünmürəm ki, ABŞ-də hakimiyyətin dəyişməsi iki ölkə arasındakı münasibətlərə hər hansı ciddi təsir göstərəcək. Hazırkı vəziyyətdə söhbət sadəcə Konqresdəki dəyişikliklərdən gedir. Yəni ABŞ Konqresinin Senatında və Nümayəndələr Palatasında tərkib dəyişikliyi baş verib. Adından da göründüyü kimi, bu, qanunverici orqandır".
Tramp marşrutunun (Zəngəzur dəhlizi) inşasına gəldikdə isə H.Babaoğlu düşünür ki, bu layihə ABŞ dövlətinin maraqlarına xidmət edir:
"Yəni bu, sadəcə respublikaçıların və ya demokratların maraqları əsasında əldə edilmiş razılaşma deyil. Ona görə də ümid edirik ki, Tramp marşrutu planlaşdırıldığı kimi və nəzərdə tutulan müddətdə inşa ediləcək".
NURİYYƏ













