ABŞ-də seçkilərin nəticəsi Trampın İrana hücumunu sürətləndirə bilər - Politoloqdan PROQNOZ
"Amerika Birləşmiş Ştatlarında keçirilən aralıq seçkilərin nəticələri müəyyən qədər öncədən təxmin edilə bilən idi. Belə ki, Prezident Donald Tramp tərəfindən İranla aparılan müharibə və Çinlə iqtisadi münaqişə ölkədə benzin qiymətlərinin artmasına, son nəticədə isə iqtisadi durumun çətinləşməsinə gətirib çıxarmışdı. Miqrant siyasəti, Kanada ilə münasibətlər və Rusiya-Ukrayna müharibəsindəki mövqe də seçki nəticələrində respublikaçılara ABŞ xalqının münasibətini ifadə edən həlledici faktorlardandır".
Bunu Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev bildirdi.
"Bu baxımdan respublikaçıların üstünlük təşkil etdiyi Konqresə keçirilən seçkilərin nəticəsində demokratların üstünlüyü ələ alması gözlənilən idi. Sadəcə olaraq, onların hər iki palata üzrə, yəni həm Senatda, həm də Nümayəndələr Palatasında yüksək nəticə qazanması vəziyyətin respublikaçılar, xüsusilə də Donald Tramp üçün kifayət qədər gərgin və arzuolunmaz olduğunu göstərir. Belə ki, demokratlar respublikaçıların əsas dayaqlarından biri hesab olunan Kanzas ştatında qalib gəliblər. Hansı ki, 1932-ci ildən bəri ilk dəfə demokratlar orada qələbə qazanıblar. Texas ştatında da 30 ildən artıq müddətdə respublikaçılar üstünlük təşkil edirdilər, indi isə demokratlar qalib gəliblər", - o dedi.
Müsahibimiz əlavə etdi ki, Cənubi Karolinada da demokratlar qələbə əldə ediblər:
"Halbuki bu üç ştat uzun müddət, belə demək mümkündürsə, respublikaçıların nəzarətində olub. Açıqlanan son seçki nəticələrinə baxdıqda görürük ki, 100 nəfərlik Senatda 54 yer demokratların, 44 yer isə respublikaçıların payına düşür. 435 yerə malik Nümayəndələr Palatasında isə demokratlar 228 yer qazanıblar, respublikaçılar isə hələlik 139 yer əldə edə biliblər".
Onun fikrincə, respublikaçıların Konqresdə geriyə düşməsi respublikaçı prezident Donald Tramp üçün kifayət qədər çətin bir dövrün başlanğıcı adlandırıla bilər:
"Bu dövrdə Konqreslə Ağ Ev arasında qarşıdurmaların baş verəcəyini də indidən söyləmək mümkündür. Belə ki, Donald Tramp tərəfindən Konqresə göndərilən vergilər, iqtisadiyyat və miqrasiya siyasəti ilə bağlı qanun layihələrinin qəbul edilməsi prosesi heç də arzuolunan səviyyədə və asanlıqla həyata keçirilməyəcək. Çünki demokratların üstünlüyü şəraitində onların respublikaçı Donald Tramp tərəfindən irəli sürülən və ideoloji baxımdan mövqelərinə yad olan fikirləri ifadə edən qanun layihələrini böyük səs çoxluğu ilə dəstəkləyəcəklərinə və təsdiqləyəcəklərinə inanmıram. Beləliklə, ilkin olaraq ABŞ-nin daxili siyasətində qarşıdurmanın yaranacağını gözləmək mümkündür. Çünki daxili siyasətdə qanunverici orqanla icraedici orqan arasında gərginliyin olması dövlət üçün heç də arzuolunan hal deyil".
Siyasi şərhçi bildirdi ki, eyni zamanda, bu vəziyyət Trampın xarici siyasəti baxımından da heç də onun lehinə deyil:
"Bildiyimiz kimi, onun Yaxın Şərqdə, xüsusilə də İranla müharibə kontekstində bəzi məsələlərdə Konqresin razılığına ehtiyacı var. Tramp artıq özü də yaxşı fərqindədir ki, belə bir razılığı əldə etmək mümkün olmayacaq. Belə olan halda Tramp nə edə bilər? O, özünün veto hüququndan istifadə edə bilər. Veto hüququndan istifadə olunması isə ən yaxşı halda qanun layihələrinin qəbul edilməsinin qarşısının alınması deməkdir. Lakin İranla mübarizə şəraitində yeni və böyükmiqyaslı planın hazırlanması və Konqres tərəfindən bu plana maliyyə dəstəyinin ayrılmasını gözləmək artıq çətin görünür. Eyni zamanda, burada başqa bir məqam da var. Bildiyimiz kimi, aralıq seçkilərindən dərhal sonra Trampın İrana hücumunun yeni mərhələsinin başlayacağı güman edilirdi. İranda yerləşən Natanz hərbi obyektinə yeni silahla hücumun həyata keçiriləcəyi söylənilirdi. Nəticələr belə bir hücumun həyata keçirilməsi ehtimalının yüksək olduğunu göstərir".
Ü.Mustafayev əlavə etdi ki, artıq Konqresdə məğlub olmuş respublikaçılar, eləcə də ABŞ qanunvericiliyinə görə iki dəfədən artıq prezident seçilə bilməyən və bu baxımdan artıq sonuncu prezidentlik dövrünü yaşayan Donald Tramp yeni siyasi reallıqla üzləşiblər:
"Növbəti dəfə prezident seçilmək imkanının olmadığını nəzərə alan Donald Tramp da buna müvafiq olaraq özünün ən güclü və son addımlarını atmaq niyyətində ola bilər. Sözün əsl mənasında, onun artıq itirə biləcəyi hər hansı siyasi perspektivin olmadığı düşüncəsi ilə hərəkət etməsi ehtimalı da nəzərdən qaçırılmamalıdır. Ümumilikdə baxdıqda, ABŞ-dəki aralıq seçkilərin nəticələri istər dövlətin daxili siyasətində Konqreslə Ağ Ev arasında gərginliyə, istərsə də xarici siyasətdə, qeyd etdiyim kimi, Trampın son ana saxladığı planları həyata keçirməyə başlamasına səbəb ola bilər. Təbii ki, belə bir halın müşahidə olunması heç də yaxşı hal deyil. Bununla belə, seçkilərin nəticələri və onların yaratdığı yeni reallıqlar bu ehtimalları gündəmə gətirir".
Xədicə BAXIŞLI













