"Vaşinqtonun TRIPP-dən imtinası öz mövqelərini zəiflətməsi demək olardı" - Deputat

 16:48 05.11.2026     28

ABŞ-də keçirilən aralıq seçkilərdə Prezident Donald Trampın təmsil olunduğu Respublikaçılar Partiyasının məğlub olması fonunda demokratların mövqelərini gücləndirməsi Azərbaycan-ABŞ münasibətlərinin gələcək perspektivləri ilə bağlı suallar yaradıb.

Belə olan halda, ABŞ-də siyasi qüvvələr balansının dəyişməsi iki ölkə arasındakı münasibətlərə necə təsir göstərə bilər? Bu dəyişiklik TRIPP layihəsinin həyata keçirilməsinə hər hansı maneə yarada bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov bildirdi ki, Cənubi Qafqaz regionunda formalaşan yeni geostrateji reallıqlar beynəlxalq güclərin, xüsusilə Amerika Birləşmiş Ştatlarının regiona dair xarici siyasət prioritetlərini köklü şəkildə şərtləndirir:

"Vaşinqtonda baş verən daxili siyasi dinamikalar, daxili seçkilərin nəticələri və ya Konqresdəki konfiqurasiya dəyişiklikləri fonunda ABŞ-nin Azərbaycanla münasibətlərində öz milli və strateji maraqlarını qurban verəcəyi gözləntisi siyasi-hüquqi və geoiqtisadi baxımdan inandırıcı deyil. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, regional təhlükəsizlik arxitekturasının əsas oyunçusuna çevrilən Azərbaycan olmadan Vaşinqtonun Cənubi Qafqazda öz geosiyasi məqsədlərini təmin etməsi obyektiv imkanlar xaricindədir".

Onun sözlərinə görə, beynəlxalq hüquq müstəvisində dövlətlərin xarici siyasətini müəyyən edən fundamental amil konyunktur yönümlü daxili siyasi ritorika deyil, praqmatizmə əsaslanan dövlət maraqlarıdır:

"ABŞ-nin Avrasiya məkanında, xüsusilə Xəzər hövzəsi və Mərkəzi Asiyaya çıxış imkanlarında Azərbaycan yeganə alternativsiz tranzit və geostrateji qapı funksiyasını yerinə yetirir. Vaşinqtonun regiondakı əsas hədəfləri Rusiya və İranın təsir rıçaqlarının neytrallaşdırılması, alternativ enerji və logistika yollarının təhlükəsizliyinin təmin olunması və Mərkəzi Asiya resurslarının Qərb bazarlarına inteqrasiyası birbaşa Bakının suveren qərarlarından və regional liderliyindən asılıdır. Azərbaycanı kənarda saxlayaraq və ya onun milli maraqlarına zidd addımlar ataraq bu strateji xətti yürütmək geoiqtisadi baxımdan mümkünsüzdür.

Bu kontekstdə xüsusi diqqət çəkən məqamlardan biri də TRIPP layihəsi və onun ətrafında cərəyan edən geosiyasi proseslərdir. Şərq-Qərb dəhlizinin vacib seqmenti kimi çıxış edən bu beynəlxalq nəqliyyat və kommunikasiya marşrutu təkcə regional ticarət dövriyyəsini artırmır, həm də ABŞ-nin Avrasiya üzərindəki iqtisadi və strateji nüfuzunu gücləndirir. ABŞ-də hakimiyyət balansı dəyişsə və ya Konqresdə müxtəlif siyasi qüvvələr üstünlük qazansa belə, Vaşinqtonun TRIPP kimi irimiqyaslı təşəbbüslərdən imtina etməsi və ya bu layihədə Azərbaycanın mərkəzi rolu ilə hesablaşmaması öz geoiqtisadi mövqelərini könüllü olaraq zəiflətməsi demək olardı".

Millət vəkili nəzərə çatdırdı ki, Azərbaycanın balanslaşdırılmış xarici siyasəti, suveren iqtisadi modeli və hərbi-siyasi müstəqilliyi onu regionda, sadəcə, bir iştirakçı deyil, qaydaları müəyyən edən əsas aktor statusuna qaldırıb:

"Ermənistan kimi xarici təsir mexanizmlərindən asılı olan və ya geosiyasi rəqabət meydanına çevrilən subyektlər üzərindən ABŞ-nin uzunmüddətli strateji maraqlarını təmin etmək mümkün deyil. Qanunverici orqanlarda baş verən konyunktur tənqidlər və ya müəyyən lobbi qruplarının təzyiqləri dövlət səviyyəsində qəbul edilən strateji qərarları üstələyə bilməz. Vaşinqton yaxşı dərk edir ki, Azərbaycanın iştirakı olmadan regionda reallaşdırılması planlaşdırılan hər bir layihə hüquqi, logistik və təhlükəsizlik baxımından işləksiz qalmağa məhkumdur. Bu mənada, ABŞ daxilindəki siyasi dəyişikliklər nəticəsindən asılı olmayaraq Vaşinqtonun Cənubi Qafqaz kursu praqmatik reallıqlara söykənmək məcburiyyətindədir. Azərbaycanın artan imkanları, zəngin resursları və unikal coğrafi mövqeyi ABŞ-nin regiondakı mövcudluğunun əsas zəmanətçisidir. Tərəflər arasında zaman-zaman fərqli yanaşmalar yaransa da, Amerikanın öz geosiyasi maraqlarını qurban verərək Azərbaycanla tərəfdaşlığı riskə atması inandırıcı deyil və analitik-hüquqi çərçivədə rasional dövlət davranışı ilə üst-üstə düşmür".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən