"Ermənistanın TRIPP-dən imtinası mümkün deyil" - İrana CAVAB

 17:32 05.11.2026     26

İranın Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti TRIPP layihəsinin Ermənistanın maraqlarına zidd olduğunu bildirərək, Tehranın Zəngəzur dəhlizinin yaradılmasına qarşı mövqeyinin dəyişmədiyini vurğulayıb. O, İranın Rusiyanın iştirakı ilə və ya iştirakı olmadan Cənubi Qafqazın təhlükəsizliyinə cavabdeh olduğunu qeyd edib və layihənin həyata keçirilməsinə cəhd göstərənlərə sərt xəbərdarlıq edib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Yusif Bağırzadə bildirdi ki, İranın Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin TRIPP layihəsinə qarşı sərt bəyanatı Cənubi Qafqazda formalaşmaqda olan yeni geosiyasi reallıqların Tehran tərəfindən necə qiymətləndirildiyini göstərir:

"İranın Zəngəzur dəhlizi məsələsində prinsipial mövqeyini qoruması təsadüfi deyil. Burada söhbət yalnız Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin yaradılmasından getmir. Məsələnin arxasında İranın regional təhlükəsizlik maraqları, geosiyasi mövqeyi və Cənubi Qafqazda təsir imkanlarını saxlamaq istəyi dayanır. İlk növbədə, İranın narahatlığının üç əsas səbəbini qeyd etmək olar. Birincisi, Tehran Ermənistanın Sünik vilayəti vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yaradılacaq nəqliyyat bağlantısının Ermənistanın suveren nəzarətindən çıxmasını və nəticədə İran-Ermənistan sərhədinin funksional əhəmiyyətinin zəifləməsini istəmir. İran üçün Ermənistanla quru sərhədinin qorunması şimal istiqamətdə regional əlaqələrin və geosiyasi manevr imkanlarının saxlanılması baxımından strateji əhəmiyyət daşıyır.

İkincisi, TRIPP layihəsində ABŞ-nin iştirakıdır. Tehran bu təşəbbüsü təkcə iqtisadi və nəqliyyat layihəsi kimi deyil, həm də Amerikanın İranın şimal sərhədlərinə yaxınlaşması üçün potensial vasitə kimi qiymətləndirir. İranın əsas narahatlığı nəqliyyat yolunun özündən daha çox, onun idarəetmə və təhlükəsizlik mexanizmlərində xarici dövlətlərin rolunun artmasıdır. Vilayətinin sərt xəbərdarlığı da məhz bu geosiyasi narahatlığın ifadəsidir. O, 2025-ci ilin avqustunda da Rusiyanın iştirakı olub-olmamasından asılı olmayaraq İranın belə bir dəhlizin yaradılmasına mane olacağını bildirmişdi. 
Üçüncü amil İranın Cənubi Qafqazda qüvvələr balansının dəyişməsinə münasibətidir. Tehran ABŞ-nin regionda möhkəmlənməsini, Türkiyə və Azərbaycanın nəqliyyat bağlantılarının genişlənməsini, Turan yolunun açılmasını, eyni zamanda özünün regional təsir imkanlarının azalmasını diqqətlə izləyir. Bu mənada İranın bəyanatları regional proseslərdə öz maraqlarının nəzərə alınmasına yönəlmiş siyasi xəbərdarlıqdır".

Onun sözlərinə görə, burada mühüm bir məqam var.

"İranın bütün rəsmi strukturlarının TRIPP məsələsində eyni dərəcədə sərt mövqe nümayiş etdirdiyini söyləmək olmaz. 2026-cı ilin oktyabrında İranın xarici işlər naziri Abbas Əraqçi Ermənistanla təmaslardan sonra İrəvana etibar etdiklərini və layihə ilə bağlı təhlükəsizlik narahatlıqlarının müzakirə olunduğunu bildirib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Tehranın suallarına cavab verildiyini və İran tərəfinin prosesdən razı qaldığını qeyd edib. 

Ermənistanın İranın təhdidləri qarşısında geri çəkilib-çəkilməyəcəyinə gəldikdə isə, məsələni yalnız siyasi iradə ilə izah etmək mümkün deyil. Paşinyan hökuməti üçün TRIPP layihəsi Ermənistanın uzun illər davam edən regional təcriddən çıxması, iqtisadi imkanlarını genişləndirməsi və ABŞ ilə strateji əməkdaşlığını gücləndirməsi baxımından əhəmiyyətlidir. Buna görə də İrəvanın layihədən tamamilə imtina etməsi özünün elan etdiyi xarici siyasət və iqtisadi inkişaf strategiyası ilə ziddiyyət yarada bilər. Düşünürəm ki, İran bundan sonra da əsasən diplomatik təzyiq, iqtisadi münasibətlərdən istifadə və digər yollarla Ermənistana təsir göstərmək istəyəcək. Amma qeyd etdiyim səbəblərə görə Ermənistanın TRIPP-dən imtinası mümkün deyil. Buna nə Ermənistanı dəstəkləyən Aİ, nə ABŞ, nə də Ermənistanın öz maraqları imkan verməz", - deyə Y.Bağırzadə yekunlaşdırdı.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən