"Trampın məğlubiyyəti İranı müəyyən mənada ürəkləndirib" - Qafar Çaxmaqlı
İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistana xəbərdarlıq edib. Ermənistan parlamentində “Tramp marşrutu” (TRIPP) layihəsinin təsdiqlənməsinə münasibət bildirən Vilayəti Baş nazir Nikol Paşinyanın siyasətini tənqid edərək, layihənin təsdiqlənməsini nəticəsiz və Ermənistan xalqının maraqlarına zidd addım adlandırıb.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Qafar Çaxmaqlı bildirdi ki, İran Azərbaycanın qərb bölgələrindən Zəngəzur vasitəsilə Naxçıvana uzanacaq kommunikasiya xəttinin açılmasına əvvəldən qarşı çıxıb və bunu hər zaman özünün “qırmızı xətti” hesab edib:
"Guya bunun səbəbi həmin yolun çəkilməsi nəticəsində İranın Ermənistanla sərhədinin bağlanacağıdır. Halbuki belə bir şey yoxdur. Bu yolun İran-Ermənistan sərhədinə heç bir aidiyyəti yoxdur. Kommunikasiya xəttinin çəkilməsi nəzərdə tutulan ərazilər Ermənistanın İranla sərhədindəki keçid məntəqəsindən xeyli uzaqdadır. Hətta İran bir zamanlar bu məsələ gündəmə gələndə Azərbaycanın qərb bölgələrindən Naxçıvana uzanacaq kommunikasiya xəttinin öz ərazisindən keçməsini təklif etmişdi. Bununla bağlı Azərbaycan hökuməti ilə müəyyən danışıqlar da aparılmışdı. Bunlar sadəcə bəhanələrdir.
İndi TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında, ABŞ-nin vasitəçiliyi ilə həyata keçirilmə mərhələsinə çatdığı bir dövrdə İran yenidən bu prosesi pozmaq və layihəyə qarşı çıxmaq üçün bəyanatlar verir. Bu dəfə İranın ali dini rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Ermənistanın bu addımı atmamalı olduğunu bildirib. Halbuki Ermənistan bir çox addımlarını elə İranın özü ilə razılaşdırır. Bildiyiniz kimi, TRIPP layihəsi Ermənistan parlamentində 63 deputatın müsbət səsi ilə qəbul edilib. Ermənistan parlamentində 105 deputat olduğunu nəzərə alsaq, bu qərarın artıq qəbul edildiyi və geri dönüşünün olmadığı görünür".
Onun sözlərinə görə, artıq ABŞ ilə Ermənistan arasında birgə şirkətin yaradılması məsələsi də gündəmdədir:
"Bu şirkətdə Amerikanın payı 74 faiz, Ermənistanın payı isə 26 faiz olacaq. Gələcək illərdə Ermənistanın payının artırılması nəzərdə tutulur. Bu, onu göstərir ki, ABŞ həm Azərbaycan, həm də Ermənistanla əməkdaşlıq edərək Zəngəzurda kommunikasiya xətlərinin açılması layihəsini həyata keçirəcək. Hətta Ermənistan parlamentində keçirilən dinləmələr zamanı məlum olub ki, Ermənistan hökuməti kommunikasiya xətlərinin açılması prosesində iştirak etməsi üçün İrana da təklif göndərib və İran bu məsələyə müəyyən mənada müsbət münasibət göstərib. Paşinyanın ifadəsi ilə desək, bu, “sülh kəsişməsi”dir. Həmin layihə bölgə dövlətlərinin maraqlarına xidmət edəcək. Söhbət üç Cənubi Qafqaz respublikasından, həmçinin İran, Rusiya və Türkiyədən gedir. ABŞ isə burada sadəcə layihənin rəhbəri kimi çıxış edir".
Q.Çaxmaqlı əlavə etdi ki, Rusiya da kommunikasiya xətlərinin açılmasında müəyyən töhfəsinin olacağını dəfələrlə bəyan edib:
"Bu məsələnin artıq geri dönüşü yoxdur. Vilayəti belə bəyanatlar verməklə tələskənlik edir. Onun açıqlaması İran dövlətinin rəsmi mövqeyi kimi də qəbul edilməməlidir. Çünki bölgədə sülh əldə olunarsa, bu, İranın təhlükəsizliyinə də heç bir təhdid yaratmayacaq. Mən həmin bəyanatla tanış olmuşam. Onun səsləndirilməsi və buna qarşı müəyyən reaksiyaların verilməsi də mümkündür. Bunu nəzərə almalıyıq. Hesab edirəm ki, bu layihə həyata keçiriləcək.
Bir məqamı da qeyd edim ki, Trampın ABŞ-də keçirilən aralıq seçkilərində məğlubiyyəti İranı müəyyən mənada ürəkləndirib. Onlar bu layihənin Trampın siyasi fəaliyyəti ilə birlikdə gündəmdən çıxacağını düşünə bilərlər. Amma bu, belə deyil. ABŞ-nin dövlət siyasəti var. Tramp getsə belə, Amerika dövlətinin başladığı layihələr davam edəcək".
NURİYYƏ













