"Seçki məğlubiyyəti Trampın siyasi kursunu dəyişə bilər" - AÇIQLAMA
"Amerikada Respublikaçılar Partiyası aralıq seçkilərdə ağır məğlubiyyətə uğradı. Şübhəsiz ki, bu məğlubiyyət Tramp administrasiyasının daxili və xarici siyasətdə həyata keçirdiyi siyasi kursa təsir göstərəcək. Dəyişikliklər qaçılmazdır. Ancaq ola bilsin ki, bəzi məsələlərdə kəskin dəyişikliklər baş verməsin. Çünki aralıq seçkilərdə qələbə qazanan müxalifət partiyası mövcud siyasi sistemdə müəyyən balans yaratmaq imkanı əldə edir, lakin bütün qərarları diktə etmək səlahiyyətinə malik olmur. Prezidentin də kifayət qədər səlahiyyətləri var. Xüsusilə veto hüququ və müəyyən qərarlar qəbul etmək imkanları ona öz siyasi kursunun bir hissəsini həyata keçirməyə şərait yaradır".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Abutalıb Səmədov bildirdi. O qeyd etdi ki, büdcə yekunda Konqresdə qəbul olunacaq:
"Artıq indidən aydındır ki, Trampın bəzi layihələri arzuladığı maliyyəni almayacaq, yaxud ümumiyyətlə maliyyələşdirilməyəcək. İlk növbədə, daxili siyasətdə müəyyən dəyişikliklər gözlənilir. Çünki büdcənin formalaşdırılmasında həlledici söz Konqresə məxsusdur. Konqresin yanaşması, baxışları və mövqeyi administrasiya tərəfindən mütləq nəzərə alınmalıdır. Xarici siyasətə gəlincə, İrana qarşı daha kəskin addımların atılmaması mümkündür. Sülhə nail olmaq üçün daha ciddi cəhdlər göstərilə bilər. Ukraynaya yardımların artırılması ehtimalı da var. Rusiya ilə münasibətlərdə isə Tramp müəyyən məhdudiyyətlərə getmək məcburiyyətində qala bilər. O, Rusiya ilə arzuladığı səviyyədə yaxınlaşmaq imkanını itirə bilər".

Siyasi şərhçinin fikrincə, qarşıdakı iki ildə ABŞ Prezidenti Donald Trampı və onun administrasiyasını kifayət qədər gərgin fəaliyyət gözləyir.
"Ancaq heç nə itirilməyib. Belə hallar dəfələrlə yaşanıb və bir qayda olaraq, aralıq seçkilərdə məğlubiyyətə uğrayan siyasi partiyalar sonradan yenidən uğur qazanıblar. Hətta prezident seçkilərində qalib gələn partiyalar da olub. Güman edirəm ki, respublikaçılar da ümidlərini itirməyiblər".
Xədicə BAXIŞLI













