"Rusiya Avropaya qarşı hibrid müharibəyə başlayıb" – Keçmiş səfirdən diqqətçəkən AÇIQLAMA
"Avropada müxtəlif xəbərdarlıqlar və təlimatlar səsləndirilir. Bildirilir ki, cəmiyyətdə hər hansı pozuntu baş verəcəyi təqdirdə insanlar əsas tələbat mallarının ehtiyatını saxlamalıdırlar. Avropa liderləri təhdidlərin tam mahiyyətini dəqiq açıqlamasalar da, əsas narahatlıqlardan biri Rusiyanın Ukraynaya təcavüzü və işğalı fonunda Avropa ölkələrinə qarşı aqressiv münasibətidir".
Bunu Redaktor.az-a açıqlamasında ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirdi.
"Son bir neçə ildə Avropanın yüksək səviyyəli rəsmiləri xəbərdarlıq edirlər ki, Rusiya Avropa ərazisində, xüsusilə də qitənin şərq hissəsində – Baltikyanı ölkələrdə və Polşada hərbi zərbələr endirmək imkanlarını inkişaf etdirir. Avropa ölkələri də buna hazırlaşırlar. Onlar həm hərbi baxımdan, həm də cəmiyyətlərini mümkün təhlükələrə hazırlamaq istiqamətində tədbirlər görürlər. Çünki Rusiyadan səsləndirilən bəyanatlar belə hücumların planlaşdırıldığı təəssüratını yaradır. Rusiyanın keçmiş baş naziri, hazırda isə Təhlükəsizlik Şurası katibinin müavini olan Dmitri Medvedevin bəyanatlarına diqqət yetirsək, onun mütəmadi olaraq Rusiyanı Avropa ölkələrinə qarşı nüvə silahından istifadə etməyə təşviq etdiyini görərik. Təbii ki, bu cür bəyanatlar avropalıların müvafiq reaksiya verməsinə səbəb olur", - o dedi.
Müsahibimizin sözlərinə görə, Avropa liderləri açıq şəkildə bildirirlər ki, Rusiya faktiki olaraq artıq Avropa cəmiyyətlərinə qarşı hibrid müharibəyə başlayıb:
"Hibrid müharibə fiziki və ya kinetik müharibə deyil. Buraya kiberməkanda həyata keçirilən hücumlar və digər təhdidlər daxildir. Biz hələ indicə Fransada və digər Avropa ölkələrində ərzaq mağazalarına qarşı hücumlar dalğasının şahidi olduq. Belə ki, Danimarka şirkətinin mağazalardakı soyuducuları internet vasitəsilə uzaqdan idarə edən sistemi kiberhücuma məruz qalıb. Hücum edənlər soyuducuların temperaturunu tənzimləyən idarəetmə sistemlərinə daxil ola biliblər. Nəticədə temperaturun həddindən artıq yüksəlməsi və bir çox mağazada böyük həcmdə ərzaq məhsullarının məhv olması baş verib. Əgər belə bir hücum bütövlükdə iqtisadiyyat miqyasında həyata keçirilsəydi, təbii ki, ciddi iqtisadi pozuntulara səbəb ola bilərdi".
Keçmiş səfir qeyd etdi ki, Avropa liderləri öz vətəndaşlarına hazır olmağı və ehtiyatlı davranmağı tövsiyə edirlər:
"Düşünmürəm ki, onlar bununla cəmiyyətdə ciddi təşviş yaratmağa çalışırlar. Dünyanın bir çox ölkəsində liderlər insanlara müəyyən həcmdə əsas tələbat mallarının ehtiyatını saxlamağı tövsiyə edirlər. Çünki istənilən səbəbdən, hətta düşmən xarici qüvvələrin müdaxiləsi olmadan da belə hallar baş verə bilər. Qasırğalar, tornadolar, elektrik enerjisinin kəsilməsi və ya daşqınlar insanların gündəlik həyatında ciddi çətinliklər yarada bilər. Buna görə də hər kəsin evində müəyyən miqdarda ərzaq, su və ilkin tibbi yardım ləvazimatlarının olması vacibdir.
Lakin hazırkı vəziyyətdə Rusiyanın Avropa ölkələrinə hücum etmək niyyətini bəyan etməsi və hibrid müharibə çərçivəsində artıq müəyyən addımlar atması xüsusi narahatlıq doğurur. Buna görə də Avropa ölkələrinin özlərini qorumaq və Rusiyanın irəliləməsinin qarşısını almaq üçün tədbirlər görməsi təəccüblü deyil. Bununla yanaşı, Avropa üçün təhlükə yarada biləcək başqa dövlətlər və qeyri-dövlət aktorları da mövcuddur. Fransada və digər ölkələrdə soyuducu sistemlərinə qarşı hücumların arxasında da müxtəlif aktorlar dayana bilər. Onlar müxtəlif səbəblərdən Avropa cəmiyyətlərinə sistemli şəkildə zərər vurmağa cəhd göstərə bilərlər", – deyə Metyu Brayza fikirlərini yekunlaşdırdı.
Xədicə BAXIŞLI













