“Dünya yeni təhlükəsizlik strategiyasına keçir” - Politoloqdan 72 saatlıq ehtiyat xəbərdarlığına REAKSİYA

 22:32 06.11.2026     126

Son vaxtlar bir sıra Qərb ölkələri vətəndaşlarına fövqəladə hal baş verərsə, ən azı 72 saat, yəni üç gün ərzində özlərini təmin etmək üçün kifayət qədər qida, su və digər zəruri ləvazimat ehtiyatı saxlamağı tövsiyə edirlər. Avropa İttifaqının bu istiqamətdəki strategiyası, eləcə də ayrı-ayrı ölkələrin verdiyi oxşar tövsiyələr qlobal təhlükəsizliklə bağlı narahatlıqların artdığını göstərir.

Bu tövsiyələr hansı real təhdidləri əks etdirir? Dünya yeni və potensial olaraq daha genişmiqyaslı böhranlara hazırlaşır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan keçmiş deputat, politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, bu xəbəri eşidən insanlarda müəyyən narahatlıq yarada bilər:

"Amma mən fərqli düşünürəm və bunu yaxın zamanda hansısa qlobal müharibənin başlayacağı ilə əlaqələndirmirəm. Hesab edirəm ki, burada dövlətlər, xüsusilə Avropa ölkələri və Amerika Birləşmiş Ştatları müəyyən mənada təhlükəsizlik məsuliyyətini vətəndaşlarla da bölüşmək istəyirlər. Çünki Tramp da oxşar fikirlər səsləndirmişdi. Bildiyimiz kimi, fövqəladə və kritik vəziyyətlərdə vətəndaşlar, bir qayda olaraq, öz dövlətlərinə güvənirlər. Lakin görünür ki, dövlətlər artıq mövcud şərtlər daxilində vətəndaşlarının təhlükəsizliyini hər vəziyyətdə etibarlı şəkildə təmin edə biləcəklərinə tam əmin deyillər".

Onun fikrincə, bu cür xəbərdarlıq yaxın zamanda hansısa müharibənin, xüsusilə də qlobal müharibənin başlayacağına dəlalət etmir:

"Əslində, məsələyə daha dərindən yanaşsaq, belə bir qənaətə gəlmək olar ki, hazırda müəyyən mənada qlobal müharibə gedir. Müxtəlif regionlarda aktiv münaqişə ocaqları mövcuddur və dünyanın əksər ölkələri bu və ya digər formada həmin proseslərə cəlb olunublar. Eyni zamanda, qloballaşmanın nəticəsidir ki, dünyanın bir nöqtəsində baş verən münaqişə demək olar ki, bütün ölkələrə təsir göstərir. Bu gün hər hansı ölkənin hansısa münaqişə ocağının təsirlərindən tamamilə kənarda qaldığını söyləmək mümkün deyil. Bu, qloballaşmanın təbii xüsusiyyətlərindən biridir. Zəncirvari reaksiya baş verir. Çünki ölkələrin müxtəlif fəaliyyət sahələri, hərbi sahədən tutmuş enerji və ərzaq təminatına qədər, demək olar ki, bir-biri ilə sıx bağlıdır. Ona görə də bir regionda kritik hadisə, münaqişə və ya müharibə baş verdikdə, onun təsirləri istər-istəməz bütün dünyaya bu və ya digər formada yayılır. Artıq dövlətlər də dərk edirlər ki, müasir mərhələdə təhlükəsizlik mühiti tamamilə fərqlidir. Buna görə də təhlükəsizliyin təmin olunmasında yalnız dövlət deyil, vətəndaşlar da iştirak etməlidirlər".

Siyasi şərhçinin sözlərinə görə, 72 saatlıq ehtiyat tədbirinə gəlincə, zəruri ləvazimatların toplanması özü də müəyyən suallar yaradır:

"Məsələn, bu ehtiyatlar hansı müddət üçün nəzərdə tutulur? Konkret olaraq hansı tarixdən hansı tarixədək hazır vəziyyətdə saxlanılmalıdır? Çünki təhlükəsizlik üçün zəruri ehtiyatların toplanması məsələnin bir tərəfidir. Digər tərəfdən, onların yararlılıq müddəti də nəzərə alınmalıdır. Buradan belə nəticəyə gəlmək olar ki, vətəndaşlar topladıqları ehtiyatların yararlılıq müddətini daim nəzarətdə saxlamalı və vaxtı keçmiş məhsulları yeniləməlidirlər. Əgər konkret tarix və ya müddət göstərilmirsə, deməli, hər bir evdə ilkin tibbi yardım çantası olduğu kimi, müəyyən ərzaq və digər zəruri məhsulların ehtiyatı da olmalıdır. Bu ehtiyatların yararlılıq müddəti mütəmadi olaraq yoxlanılmalıdır. Bütün bunlar bir daha göstərir ki, burada konkret hansısa təhlükənin baş verəcəyi gözlənilmir. Təbii ki, hər an müxtəlif hadisələr baş verə bilər. Müasir dövrdə kiberhücumlar, elektrik enerjisinin verilməsində fasilələr, kritik infrastrukturun fəaliyyətində pozuntular yarana bilər. Dövlətlər də belə halların baş verəcəyi təqdirdə vətəndaşların ən azı 72 saat ərzində öz ehtiyaclarını müstəqil şəkildə qarşılaya bilmələrini istəyirlər".

O qeyd etdi ki, təhlükəsizliyin təmin olunması üçün yalnız hərbi xarakterli tədbirlərin görülməsi kifayət etmir:

"Müxtəlif xarakterli təhdidlərə də hazır olmaq lazımdır. Bunlara kiberhücumlar, təbii fəlakətlər, enerji təchizatında yarana biləcək problemlər və digər fövqəladə hallar daxildir. Bütün bunlar ciddi təhlükəsizlik təhdidləri yarada bilər. Ona görə də hesab edirəm ki, dünya ölkələri yeni təhlükəsizlik strategiyasına keçirlər. Əgər belə adlandırmaq mümkündürsə, mən bunu preventiv təhlükəsizlik strategiyası adlandırardım. Yəni məqsəd istənilən kritik vəziyyətə əvvəlcədən hazır olmaqdır. Bu məsələdə ciddi narahatlığa əsas yoxdur. Bu, yeni hadisə də deyil. Sadəcə, son dövrlərdə mövzu daha çox ictimai rezonans doğurmağa başlayıb. Xatırlatmaq istəyirəm ki, hələ 2025-ci ilin yay aylarında Avropada belə bir təhlükəsizlik konsepsiyası müzakirə olunurdu. Noyabr ayında isə bu məsələ ətrafında daha intensiv danışılmağa başlanıldı. Müasir dövrdə süni intellektin həyat fəaliyyətinin bütün sahələrinə ciddi şəkildə tətbiq olunması da yeni təhlükəsizlik mühiti haqqında düşünməyə əsas verir. Süni intellekt insanlara kömək etməklə yanaşı, ayrı-ayrı dairələr tərəfindən başqa məqsədlər üçün də istifadə oluna bilər. Buna görə də rəqəmsal və kibertəhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır. Çünki bu gün insan fəaliyyətinin demək olar ki, bütün sahələri rəqəmsal idarəetmədən asılıdır. Hətta deyərdim ki, rəqəmsal idarəetmənin təhlükəsizliyi artıq hərbi təhlükəsizliklə müqayisədə daha önəmli məsələlərdən birinə çevrilib. Çünki hərbi və müdafiə sahələrinin idarə olunması da artıq rəqəmsal sistemlərdən asılıdır. Hesab edirəm ki, Avropa ölkələri məhz bütün bu məqamları nəzərə alaraq 72 saatlıq ehtiyat tədbirlərinin görülməsini, zəruri ləvazimatların əvvəlcədən toplanmasını və evlərdə müəyyən ehtiyatın saxlanılmasını tövsiyə edirlər".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən