“Göy məscid Azərbaycan xalqının milli-mənəvi irsidir” - Tarixçidən İrana CAVAB

 22:37 06.11.2026     144

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. Paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidin XVIII əsrdə guya Əfşarlar sülaləsinin hakimiyyəti dövründə Hüseynəli xan tərəfindən inşa edildiyi bildirilir. Məscid İranın mədəni irsinin nümunəsi kimi təqdim olunur, onun İrəvan şəhərinin tarixindəki yeri isə İranın mədəni təsiri kontekstində izah edilir.

Redaktor.az-a danışan tarix elmləri namizədi, BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti Boran Əziz bildirdi ki, qədim Azərbaycan torpağı olan İrəvan ərazisində yaranmış İrəvan xanlığında, hətta Çar Rusiyası tərəfindən işğaldan sonra da şəhərdə 11 məscidin olduğu qeyd edilib:

"Bu məscidlərdən biri də 1760-1768-ci illərdə İrəvan xanı Hacı Hüseynəli xan Qacar tərəfindən inşa etdirilən Göy məsciddir. İranın siyasi xadimləri, eləcə də Ermənistan rəhbərliyi dəfələrlə tarixi faktları təhrif edərək bu məscidin guya farslara aid olduğunu iddia edib, onu Fars məscidi kimi təqdim etməyə cəhd göstəriblər. Bu isə tarixin təhrif edilməsindən başqa bir şey deyil. Çünki məscidin inşa edildiyi dövrdə Əfşar sülaləsi artıq hakimiyyətdə deyildi. Əfşar sülaləsinin hakimiyyəti faktiki olaraq Nadir şahın ölümü ilə sona çatmışdı. Hacı Hüseynəli xan isə Qacar sülaləsinin nümayəndəsi idi və İrəvan xanlığını idarə edirdi. Məscid də məhz onun tərəfindən inşa etdirilib və Göy məscid adlandırılıb. Məscidin bu adla tanınması onun kərpiclərinin göy rəngli kaşılarla üzlənməsi ilə birbaşa bağlıdır. Məscidin həyətində fəvvarəli daş hovuz və onun ətrafında sıx kölgəlik yaradan ağaclar olub".

Tarixçi alim qeyd etdi ki, bu məscid 1616-cı ildə Şah Abbas tərəfindən Gəncədə inşa etdirilən memarlıq abidəsinə bənzəyir:

"Göy məscid Şərq memarlığının ən nadir nümunələrindən biri hesab olunurdu. Qeyd etdiyim kimi, onun həyətində fəvvarəli daş hovuz və ətrafında sıx kölgəlik yaradan ağaclar mövcud olub. Ermənilər zaman-zaman məsciddən müxtəlif məqsədlər üçün istifadə ediblər. Lakin sonradan İranla münasibətlər fonunda onu Fars məscidi kimi bərpa etməyə cəhd göstəriblər ki, bu da yanlışdır. İrəvan şəhərində mövcud olmuş 11 məsciddən ermənilər yalnız bu məscidi saxlayıblar. Halbuki, bütövlükdə İrəvan xanlığı dövründə 15 məhəllə mövcud olub və hər bir məhəllədə, eləcə də kəndlərdə məscidlər, o cümlədən cümə məscidləri fəaliyyət göstərib. Həmin məscidlərdən isə bu gün, demək olar ki, əsər-əlamət qalmayıb, onlar yerlə-yeksan edilib".

Müsahibimiz vurğuladı ki, bunlar bilavasitə Azərbaycan xalqının milli-mənəvi dəyərləri və dini etiqadları ilə bağlı olan məscidlərdir:

"Onların yer üzündən silinməsi təkcə Azərbaycan xalqına deyil, bütövlükdə müsəlman dünyasına vurulan böyük zərbədir. Təəssüf ki, İran dövləti Azərbaycan məscidlərinə qarşı həyata keçirilən vandalizm faktlarına göz yumur və siyasi məqsədlərlə Göy məscidi öz adına çıxmağa cəhd göstərir. Bu isə doğru yanaşma deyil".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən