"Avropa sakinləri mümkün müharibəyə psixoloji hazırlanır” - Deputatdan AÇIQLAMA

 23:31 06.11.2026     116

"Son zamanlar Qərb ölkələrində və Avropa İttifaqına üzv dövlətlərdə vətəndaşlara fövqəladə hallara hazır olmaq, bir neçə gün ərzində kifayət edəcək su, qida və digər zəruri ləvazimat ehtiyatı toplamaq tövsiyə olunur. Təbii ki, bu, narahatedici məqamdır. Xüsusilə nəzərə alsaq ki, bu çağırışlar kütləvi informasiya vasitələri və ya hansısa dezinformasiya xarakterli məlumatlar yayan mənbələr tərəfindən deyil, məhz rəsmi dövlət qurumları tərəfindən səsləndirilir".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi. O hesab edir ki, Avropa İttifaqının bu addımına, xüsusilə Rusiya-Ukrayna müharibəsi və Rusiya-NATO qarşıdurması kontekstində yanaşmaq lazımdır:

"Çünki son zamanlar Rusiya-Ukrayna müharibəsi ilə bağlı ABŞ Prezidenti Donald Tramp administrasiyasının Avropa İttifaqını proseslərdən kənarda saxlayaraq Rusiya ilə münasibətlər qurmaq və Ukrayna məsələsində güzəştlərə getmək istiqamətində siyasəti mövcuddur. Belə bir şəraitdə Avropa İttifaqında, xüsusilə Böyük Britaniya, Fransa və Almaniyada hərbi və müdafiə strukturlarının nümayəndələri 2029-2030-cu illərdə Rusiya-NATO qarşıdurmasının qaçılmaz ola biləcəyi, buna görə də hazırlıqlı olmaq zərurəti ilə bağlı bəyanatlar səsləndirirlər. Xüsusilə İran ətrafında davam edən gərginliyi də nəzərə alsaq, hesab edirəm ki, bütün bunlar Avropa və Qərb ölkələrinin fövqəladə hallara hazır olmağa çağırılmasına səbəb ola bilər. Hətta istisna etmirəm ki, Rusiya-Ukrayna cəbhəsində və ya xüsusilə İran istiqamətində indiyədək istifadə edilməmiş silahların tətbiqi mümkün olsun".

Millət vəkili buna misal olaraq ABŞ-nin İrana qarşı istifadə edə biləcəyi MOAB bombaları ilə bağlı məlumatların yayıldığını qeyd etdi:

"Bu bombalar Massive Ordnance Air Blast adlanır və "bütün bombaların anası" kimi tanınır. Bununla belə, burada söhbət yerin 60-70 metr dərinliyinə nüfuz edə bilən bombadan deyil, böyük dağıdıcı gücə malik hava partlayışlı sursatdan gedir. Xüsusilə ABŞ-də keçirilən son seçkilərdə respublikaçıların məğlubiyyətindən sonra həm Ukrayna cəbhəsində, həm də İran istiqamətində ciddi eskalasiyaya səbəb ola biləcək hadisələrin baş verəcəyini gözləmək mümkündür. Çünki hesab edirəm ki, ABŞ-də daxili ictimaiyyətin diqqətini ölkə daxilindəki siyasi proseslərdən yayındırmaq məqsədilə Vaşinqton Avropa müttəfiqləri ilə birlikdə, eyni zamanda İran istiqamətində hərbi eskalasiyaya gedə bilər. Bu baxımdan, seçkilərdə respublikaçıların məğlubiyyətinin yaratdığı siyasi vəziyyətin diqqətdən kənarda qalmadığını düşünürəm".

Müsahibimiz Avropa və Qərb ölkələrində vətəndaşların həm psixoloji, həm də fiziki baxımdan hazırlıqlı olmasına, ərzaq təhlükəsizliyinə və kifayət qədər zəruri ləvazimat ehtiyatının saxlanılmasına dair çağırışları təsadüfi hesab etmir:

"Bu, ən azı, Avropa sakinlərinin və Qərb vətəndaşlarının yaxın gələcəkdə böyükmiqyaslı eskalasiya ehtimalına psixoloji cəhətdən hazırlanması deməkdir. Yəni hərbi vəziyyət və ya fövqəladə vəziyyət elan ediləcəyi təqdirdə insanların təşvişə düşməməsi və müəyyən hazırlığa malik olması hədəflənir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən