TDT-nin sabiq Baş katibi İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik ETDİ
Türk Dövlətləri Təşkilatının (TDT) sabiq Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevi və Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.
Redaktor.az xəbər verir ki, Kubanıçbek Ömüralıyev təbrik məktubunda 44 günlük Vətən müharibəsində qazanılmış Qələbənin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini, gələcək nəsillər üçün qürur və ilham mənbəyinə çevrildiyini bildirib.
O qeyd edib ki, Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri, insanların doğma torpaqlarına qayıdışı, tarixi və mədəni irsin qorunması Azərbaycanın davamlı inkişafını əks etdirir.
Ömüralıyev Zəfər Gününün bütün Türk dünyası üçün ortaq qürur və həmrəylik rəmzinə çevrildiyini vurğulayıb. O, Türk Dövlətləri Təşkilatının ölkələr arasında birliyin, həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi baxımından yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.
Sabiq Baş katib təşkilatın fəaliyyətinə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. O, Azərbaycanın TDT-yə sədrliyi dövründə irəli sürülən təşəbbüslərin üzv dövlətlər arasında əməkdaşlığın dərinləşməsinə və Türk dünyasının beynəlxalq mövqeyinin güclənməsinə mühüm töhfə verdiyini qeyd edib.
Ömüralıyev məktubunun sonunda Prezident İlham Əliyevə ali dövlət vəzifəsinin icrasında uğurlar, Azərbaycan xalqına isə sülh, sabitlik və rifah arzulayıb.













