Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik ETDİ

 14:40 07.11.2026     71

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-alilari cənab İlham Əliyevə

Cənab Prezident, əziz Qardaşım.

Otuz il işğal altında olan qədim Azərbaycan torpaqlarının azadlığa qovuşduğu Zəfər Gününün altıncı ildönümü münasibətilə Zati-aliniz başda olmaqla, bütün azərbaycanlı qardaş və bacılarıma xalqım adından və öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Böyük Zəfərlə taclandırılan Azərbaycanın ədalətli mübarizəsi bütün Türk dünyası üçün də qürur mənbəyinə çevrilib. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və dirçəldilməsi prosesinin sürətlə irəliləməsi hamımızda qürur hissi oyadır.

Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə çatdırdığımız "Bir millət, iki dövlət" anlayışına əsaslanan sarsılmaz dostluq və qardaşlıq tellərimizdən aldığımız güclə həm ikitərəfli münasibətlərimizdə, həm də beynəlxalq aləmdə bundan sonra da sıx əməkdaşlıq və həmrəylik şəraitində işləyəcəyimizə tam əminəm.

Regionumuzda davamlı sülhün, əmin-amanlığın və sabitliyin bərqərar olması üçün əlaqələndirilmiş şəkildə həyata keçirdiyimiz işlər nəticəsində Cənubi Qafqaz artıq münaqişə və qeyri-sabitlik bölgəsi kimi deyil, əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır.

Vətənlərinin müstəqilliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyir, onların əziz xatirələrini hörmət və ehtiramla yad edir, qazilərimizə minnətdarlığımı bildirirəm.

Əziz Qardaşım, fürsətdən istifadə edərək Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına firavan və dinc gələcək arzulayır, ən səmimi diləklərimi çatdırıram”.

Vumart və Güvən reklamı Vumart Güvən