Prezidentə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Redaktor.az xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Bu əlamətdar tarix Azərbaycanın dövlətçilik salnaməsində xüsusi yer tutur, xalqın birliyinin gücünü, milli maraqlarını qorumaq əzmində sarsılmaz iradəsini təcəssüm etdirir.
Sizin nüfuzlu rəhbərliyinizlə Azərbaycan BMT Nizamnaməsinin fundamental prinsiplərinə və beynəlxalq hüququn normalarına əsaslanaraq ərazi bütövlüyünü bərpa etmiş, suverenliyini möhkəmləndirmiş, ölkənin gələcək davamlı inkişafı üçün möhkəm zəmin yaratmışdır.
Azərbaycanın Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş ardıcıl siyasəti beynəlxalq ictimaiyyətin dəstəyini qazanır. Sülh gündəliyinin irəli aparılması regionun bütün ölkələrinin maraqlarına cavab verir, onların iqtisadi inkişafı üçün yeni perspektivlər açır.
Yeni birgə layihələrlə ardıcıl olaraq zənginləşdirilən Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqliyinin yüksək səviyyəsini məmnunluqla qeyd edirəm. Əminəm ki, xalqlarımızın dostluq və qarşılıqlı hörmət telləri bundan sonra da möhkəmlənəcək, Qazaxıstan ilə Azərbaycan arasında çoxşaxəli əlaqələrin etibarlı təməli olaraq qalacaqdır.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji, rifah və qardaş Azərbaycan xalqının əmin-amanlığı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.
***
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik teleqramı göndərib.
Redaktor.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, Tokayev bu tarixin Azərbaycan dövlətçiliyi tarixində xüsusi əhəmiyyətini və Cənubi Qafqazda bütün ölkələrin maraqları naminə uzunmüddətli sülhün və sabitliyin möhkəmləndirilməsindəki vacibliyini qeyd edib.
Qazaxıstan Prezidenti Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqliyinin səviyyəsini yüksək qiymətləndirib, iki xalqın rifahı naminə onun daha da möhkəmlənəcəyinə əminliyini bildirib.













