"Qardaş ölkədə baş verən yanlış addımların düzgün qiymətləndirilməsi mühüm hadisədir"
"Türkiyə-Azərbaycan münasibətləri tarixin sınaqlarından keçərək bu günə gəlib çatıb. Bu münasibətlərin hüquqi-siyasi əsasını Şuşa Bəyannaməsi, onun müəyyən etdiyi öhdəliklər və sənədin fəlsəfəsi təşkil edir. Buna görə də Türkiyə ilə Azərbaycan arasında müxtəlif dövrlərdə ayrı-ayrı məsələlərlə bağlı fikir ayrılıqları yarana bilər".
Bu sözləri Redaktor.az-a açıqlamasında deputat Hikmət Babaoğlu bildirdi. Onun sözlərinə görə, bəzi qüvvələr isə bu fikir ayrılıqlarından istifadə edərək iki ölkənin münasibətlərinə qarşı təxribat törətməyə çalışa bilərlər.
"Lakin bütün bunlar, əlbəttə ki, Türkiyə-Azərbaycan münasibətlərinə zərər vura bilməz. Qardaş ölkədə baş verən bəzi yanlış addımların düzgün qiymətləndirilməsi, eləcə də böyük dövlət xadimi Rəcəb Tayyib Ərdoğanın bu məsələlərə son qoymaq məqsədilə Azərbaycana səfər etməsi və Türkiyə-Azərbaycan qardaşlığının əbədi, sarsılmaz olduğunu nümayiş etdirməsi mühüm hadisədir. Hazırda isə Azərbaycan Prezidenti Türkiyədə səfərdədir. Azərbaycanın COP təcrübəsi böyükdür və bu təcrübə nümunəvi hesab olunur. Türkiyədə də etiraf edirlər ki, qardaş ölkədə Azərbaycanın COP təcrübəsi öyrənilib və tətbiq edilib. Bütün bunlar bir daha göstərir ki, Türkiyə-Azərbaycan münasibətləri Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, sarsılmazdır və milli sərvətimizdir. Dövlət başçısı iki qardaş ölkə arasındakı münasibətləri məhz milli sərvət kimi qiymətləndirib", - deyə deputat qeyd etdi.
NURİYYƏ













