"Trampın təklifi Rusiyanın işğalçılıq siyasətini və onun iştahını daha da gücləndirə bilər"
Ötən gün Ukrayna, Rusiya və ABŞ nümayəndələri Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Əbu-Dabidə üçtərəfli danışıqlar apardılar. Danışıqlar bu gün də davam edəcək.
Bəs bu danışıqların mümkün nəticəsi olacaqmı?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirdi ki, üçtərəfli görüşdə daha çox humanitar məsələlərlə bağlı müəyyən razılaşmalar əldə oluna bilər:
"Baxmayaraq ki, orada iki istiqamət üzrə müzakirələr aparılır. Xüsusilə hərbi aspektdə təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar gedir. Dünən Amerika Birləşmiş Ştatları bəyan etdi ki, bu məsələni Ukrayna ilə ayrıca müzakirə etməyə hazırdır. Amma Ukrayna çox istəyir ki, təhlükəsizlik zəmanətlərinin verilməsində Avropa ölkələri də iştirak etsin.
Nəzərə alsaq ki, dünən Avropa ölkələri üçtərəfli görüşə buraxılmadı, bu da Avropanın prosesdən kənarda saxlanılması anlamına gəlir. Bu baxımdan Avropa da çalışacaq ki, hansısa formada öz iştirakını təmin etsin və Ukraynanın kapitulyasiyası baş verməsin.
Amma ümumən götürdükdə, Əbu-Dabi görüşləri nə qədər müsbət hadisə olsa da, düşünürəm ki, burada real nəticələrin əldə olunması mümkün deyil. Çünki tərəflərin mövqeləri, bir daha qeyd edirəm, ciddi şəkildə bir-birindən fərqlənir. Ukrayna Prezidenti də nümayəndə heyətinin qarşısında konkret vəzifələr qoyub. Özünün də bəyan etdiyi kimi, ərazi itkiləri heç bir halda müzakirə mövzusu ola bilməz. O bunu açıq şəkildə bildirdi. Baxmayaraq ki, Donald Tramp bu məsələdə Rusiyanı dəstəkləyir və Ukrayna ərazilərinin itirilməsi hesabına müharibəni dayandırmağa çalışır".
.jpg)
Onun sözlərinə görə, Tramp çox tələsir və yanvarın 3-dək bu məsələdə müəyyən irəliləyiş əldə etməyə çalışır:
"Ukrayna tərəfi də bunu başa düşür. Trampın tələsməsinin səbəbini nəzərə alaraq, onu çox da qıcıqlandırmadan prosesi mümkün qədər uzatmağa çalışacaqlar. Çünki söhbət ondan gedir ki, Trampın irəli sürdüyü təklif Rusiyanın işğalçılıq siyasətini və iştahını daha da gücləndirə bilər. Yəni Ukrayna ərazilərinin itirilməsi hesabına müharibənin dayandırılması Rusiyanın imperial ambisiyalarını daha da gücləndirəcək. Ukraynanın isə belə bir razılığa gedəcəyi qətiyyən mümkün görünmür".
NURİYYƏ













