Donbas məsələsi həll olunmadan müharibə bitməyəcək - Ukraynalı politoloq
Xəbər verdiyimiz kimi, dünən Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə üçtərəfli danışıqlar keçirilib.
Bəs maraqlıdır, keçirilən bu görüşlər sülh üçün real nəticə verəcəkmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında ukraynalı politoloq Maksim Yali bildirdi ki, ərazi məsələsində Rusiya Ukraynanın Donbas ərazilərini könüllü şəkildə onun nəzarətinə verməsi tələbində israr etməkdən əl çəkməyənə qədər kompromis əldə olunmayacaq:
"Müharibənin başa çatdırılması ilə bağlı heç bir razılaşma əldə edilməyəcək. Mənim fikrimcə, bu danışıqlar raundunun mümkün maksimum nəticəsi hər iki tərəfdən 1000, hətta bəlkə də 1500-ə 1500 hərbi əsirin mübadiləsi ola bilər. Yəni bu, hazırkı mərhələdə əldə oluna biləcək maksimum nəticədir. Müharibənin başa çatdırılması ilə bağlı tərəflərin yanaşmaları ciddi şəkildə fərqlənir. Əsas məsələ isə ondan ibarətdir ki, Kreml nə hərbi əməliyyatları dayandırmaq, nə də sülh sazişi imzalamaq istəyir".
Xədicə BAXIŞLI













