Bəzi dairələrə Şuşadan və avtomobildən verilən mesaj - AÇIQLAMA

 13:03 12.11.2026     52

"Dövlət başçılarının xarici ölkə liderlərini öz avtomobilləri ilə müşayiət etməsi diplomatik protokol qaydaları baxımından olduqca yüksək qiymətləndirilməli olan yanaşmadır. Çünki diplomatik protokola əsasən, bir ölkə rəhbərinin digər ölkəyə rəsmi və ya dövlət səfəri zamanı ev sahibi ölkənin liderinin qonaqla eyni avtomobildə tədbir məkanına getməsi yüksək səviyyəli siyasi etimadın, şəxsi münasibətlərin və xüsusi ehtiramın nümayişi kimi qəbul olunur".

Bu fikirləri Milli Məclisin deputatı Azər Allahverənov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevin onu öz avtomobilində müşayiət etməsindən danışarkən Redaktor.az-a açıqlamasında bildirdi.

Millət vəkili qeyd etdi ki, bu jestin bir neçə diplomatik və siyasi mənası var:

"Onların arasında şəxsi etimadın və yaxın münasibətlərin nümayişi xüsusi əhəmiyyət daşıyır. Belə ki, liderlərin eyni avtomobildə hərəkət etməsi onların münasibətlərinin yalnız rəsmi protokol çərçivəsində olmadığını, şəxsi etimad və qarşılıqlı anlaşma müstəvisində də inkişaf etdiyini göstərir. Digər tərəfdən, ev sahibi ölkənin rəhbərinin qonaq lideri öz avtomobilində müşayiət etməsi ona göstərilən xüsusi hörmətin və diqqətin simvolik ifadəsidir. Bu, adi protokol müşayiətindən daha yüksək siyasi jest kimi qiymətləndirilə bilər. Eyni zamanda, xüsusi statusun və ehtiramın bariz göstəricisidir. Burada siyasi həmrəylik və vahid mövqeyə işarə edən məqamlar da var. Belə ki, liderlərin bir avtomobildə hərəkət etməsi ictimaiyyətə və beynəlxalq auditoriyaya onların yaxınlığını, əməkdaşlığa hazır olduqlarını və müəyyən məsələlərdə ortaq siyasi mövqedən çıxış etdiklərini nümayiş etdirə bilər".

Onun sözlərinə görə, bu davranış protokoldan kənar diplomatik jest kimi qiymətləndirilsə də, əslində, bəzən rəsmi danışıqlardan daha təsirli vizual mesaj verir:

"Çünki diplomatiyada liderlərin qeyri-verbal davranışları, jestləri və simvolik hərəkətləri də siyasi kommunikasiya vasitəsi hesab olunur. Bu baxımdan düşünürəm ki, həmin addım təkcə beynəlxalq auditoriyaya deyil, həm də daxili auditoriyaya ünvanlanan müəyyən mesaj kimi qiymətləndirilə bilər. Belə davranışlar iki dövlət arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Liderlər arasında dialoq kanallarının açıq olduğunu və tərəflərin strateji əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini nümayiş etdirir. Xüsusilə nəzərə alsaq ki, burada söhbət Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasındakı münasibətlərdən gedir, bu, iki qardaş dövlətin başçılarının bir-birinə olan etimad və hörmətinin mühüm nümayişidir. Bu jest, nəticə etibarilə, iki qardaş dövlət arasında münasibətlərin yüksək siyasi səviyyəsini simvolizə edən mühüm qeyri-verbal diplomatik mesaj kimi dəyərləndirilməlidir.

Xüsusilə də son zamanlar iki dövlət arasında münasibətlərlə bağlı yaşanan proseslər fonunda bu addım müəyyən dairələrin yaratmağa çalışdığı fikir ayrılıqlarına da bir cavab, bir növ mesaj kimi qiymətləndirilə bilər. Çünki bəzi siyasi dairələr müxtəlif mövzular üzərindən iki dövlət arasında münasibətlərin soyuqlaşmasına səbəb olacaq vəziyyət yaratmağa çalışıblar. Lakin iki ölkə başçısının təmasları, eləcə də Şuşada Zəfər Günü münasibətilə keçirilən görüş və orada verilən qeyri-verbal mesajlar bu münasibətlərin xarakterini bir daha nümayiş etdirib".

Müsahibimiz qeyd etdi ki, bundan əvvəl Türkiyə Prezidentinin Cənubi Koreyaya səfəri zamanı təyyarəsi Azərbaycan ərazisindən keçərkən pilot vasitəsilə Azərbaycan xalqına təbriklərini çatdırması, eyni jesti geri dönüş zamanı da etməsi diqqətçəkən məqamlardan idi:

"Əslində, bu, diplomatik dildə iki ölkə arasında münasibətlərin nə qədər yaxın olduğuna işarə edən mühüm addım idi. Burada Prezident İlham Əliyevin Şuşada Zəfər Günü münasibətilə səsləndirdiyi fikirləri də xatırlamaq lazımdır. Xüsusilə iki xalq arasındakı münasibətlərin və qardaşlıq əlaqələrinin əbədi və sarsılmaz olduğunu vurğulaması bu yanaşmanın əsasını təşkil edir. Hazırkı davranışı da həmin fikri özündə ehtiva edən addım kimi qiymətləndirə bilərik".

O əlavə etdi ki, bütün bunlar bir-birini tamamlayan zəncirin mühüm halqalarıdır:

"Bu jestlər iki qardaş xalq arasında bağların daha da möhkəmləndirilməsi istiqamətində siyasi iradənin mövcudluğuna dəlalət edir. Siyasi dialoqun intensivliyi, strateji tərəfdaşlığın dərinləşməsi, qarşılıqlı hörmət və yaxınlıq həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, həm də Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada səsləndirdiyi fikirlərin əsas qayəsini təşkil edir. Bu gün Antalyada səfərdə olan Prezident İlham Əliyevə göstərilən münasibətdə də həmin məqamların bariz təsdiqini, onlardan irəli gələn davranışın nümayişini görürük".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən