İlham Əliyevin Ərdoğanı Şuşaya aparması dünyaya hansı mesajı verdi? - ŞƏRH
Şuşada keçirilən Zəfər günü Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzulidən Şuşaya öz avtomobilində aparması dünya mediası tərəfindən diqqət çəkib.
Bəs İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı öz avtomobilində Şuşaya aparması hansı siyasi və diplomatik mesajları ehtiva edir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Jalə Əliyeva bildirdi ki, dövlətlərarası münasibətlərdə bəzən ən mühüm siyasi mesajlar rəsmi bəyanatlarda deyil, diplomatik protokolun çərçivəsində baş verən simvolik jestlərdə ifadə olunur:
"Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzulidən Şuşaya öz avtomobilində aparması da məhz belə hadisələrdəndir. Bu jest əslində Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini, iki dövlət başçısı arasındakı şəxsi etimadı və strateji müttəfiqliyin yüksək səviyyəsini nümayiş etdirən mühüm siyasi hadisədir. Diplomatik protokolda xarici ölkə rəhbərlərinin səfərləri, onların qarşılanması, müşayiəti və nəqliyyat təminatı əvvəlcədən müəyyənləşdirilmiş təhlükəsizlik və təşkilati qaydalar əsasında həyata keçirilir. Dövlət başçıları, bir qayda olaraq, xüsusi mühafizə olunan rəsmi avtomobillərlə hərəkət edirlər. Bununla belə, bir liderin digər ölkənin rəhbərini öz avtomobilində müşayiət etməsi diplomatik protokola zidd deyil. Əksinə, təhlükəsizlik və təşkilati razılaşmalar çərçivəsində həyata keçirildikdə, bu, xüsusi etimadın, yaxın münasibətlərin və qarşılıqlı hörmətin ifadəsi kimi qəbul oluna bilər".
Millət vəkili qeyd etdi ki, belə jestlər bütün dövlətlərarası münasibətlərdə gündəlik və ənənəvi praktika deyil:
"Onlar daha çox liderlər arasında formalaşmış şəxsi münasibətlərin, siyasi yaxınlığın və xüsusi tərəfdaşlığın nümayişi baxımından diqqət çəkir. Çünki dövlət başçısının öz avtomobilinin sükanı arxasında başqa bir ölkənin lideri ilə birlikdə səfər etməsi rəsmi protokolun yaratdığı müəyyən məsafəni aradan qaldırır, münasibətlərə səmimiyyət və şəxsi etimad çaları gətirir".
Onun sözlərinə görə, İlham Əliyevin bu addımını fərqləndirən əsas cəhət isə onun məhz Füzuli–Şuşa marşrutunda həyata keçirilməsidir:
"Bu, sadəcə iki şəhər arasında avtomobil səfəri deyildi. Bu yol Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin, ərazi bütövlüyünün bərpasının, quruculuq və Böyük Qayıdış prosesinin rəmzidir. Prezident İlham Əliyev öz avtomobilinin sükanı arxasında Türkiyə Prezidentini bu torpaqlardan keçirərkən, əslində, Azərbaycanın Zəfər tarixini, müasir inkişafını və gələcəyə yönəlmiş quruculuq siyasətini də nümayiş etdirirdi. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, Rəcəb Tayyib Ərdoğan Şuşaya təsadüfi bir tarixdə deyil, 8 Noyabr – Zəfər Gününün altıncı ildönümündə səfər edirdi. Bu, Türkiyənin Azərbaycanın tarixi qələbəsinə verdiyi siyasi və mənəvi dəstəyin növbəti ifadəsi idi. Prezidentin onu Füzulidən Şuşaya şəxsən aparması isə həmin həmrəyliyin səmimi və təsirli rəmzinə çevrildi".

J.Əliyeva vurğuladı ki, bu jestin digər mühüm siyasi mesajı Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyəti ilə bağlıdır:
"İki ölkə arasındakı əlaqələr adi diplomatik tərəfdaşlıq çərçivəsinə sığmır. Bu münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, milli maraqlar, qarşılıqlı etimad və strateji müttəfiqlik dayanır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə bu münasibətlər siyasi, iqtisadi, hərbi, enerji və təhlükəsizlik sahələrində daha da dərinləşərək müttəfiqlik səviyyəsinə yüksəlib. 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi isə bu birliyin hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirib. Əslində, Şuşa Bəyannaməsinin imzalandığı şəhərə iki ölkə liderinin belə səmimi şəraitdə birlikdə səfər etməsi də xüsusi rəmzi məna daşıyır. Bu, müttəfiqliyin yalnız sənədlərdə və bəyanatlarda deyil, liderlərin davranışında, münasibətlərində və siyasi iradəsində də təzahür etdiyini göstərir".
Müsahibimiz əlavə etdi ki, bu səfər beynəlxalq ictimaiyyətə də mühüm mesajdır.
"Azərbaycan və Türkiyə münasibətləri regionda sülhün, sabitliyin və təhlükəsizliyin mühüm dayaqlarından biridir. İki dövlətin birliyi yalnız onların milli maraqlarına deyil, bütövlükdə türk dünyasının geosiyasi mövqeyinin möhkəmlənməsinə də xidmət edir. Liderlərin nümayiş etdirdiyi həmrəylik strateji tərəfdaşlığın göstəricisidir. İlham Əliyevin bu jestini yalnız diplomatik nəzakət nümunəsi kimi qiymətləndirmək düzgün olmazdı. Burada həm dövlətçilik mədəniyyəti, həm siyasi liderlik, həm də qardaş ölkəyə münasibətdə xüsusi hörmət və etimad ifadə olunur. Bir dövlət başçısının digər dövlət başçısını öz avtomobilində müşayiət etməsi, xüsusilə də belə tarixi və rəmzi əhəmiyyət daşıyan məkanda, diplomatik münasibətlərin emosional və mənəvi tərəfini də üzə çıxarır.
Füzulidən Şuşaya uzanan bu yol iki ölkə arasında qardaşlığın, Zəfər həmrəyliyinin və sarsılmaz müttəfiqliyin siyasi simvoluna çevrildi. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan bir daha göstərdilər ki, Azərbaycan-Türkiyə münasibətləri sadəcə iki dövlətin əməkdaşlığı deyil, ortaq tarixə, ortaq taleyə və ortaq gələcəyə söykənən strateji birlikdir. Bu birliyin ən dəqiq ifadəsi isə hər iki liderin dəfələrlə vurğuladığı “bir millət, iki dövlət” fəlsəfəsidir", - deyə deputat yekunlaşdırdı.
Xədicə BAXIŞLI













