"Utanmadan məscidin otaqlarına erməni əsilli şəxslərin adları verilir" - Tural Abbaslıdan ETİRAZ
"Göy məsciddə baş verən hadisələr ermənilərin mahiyyətini, Azərbaycana, onun mədəniyyətinə və tarixinə münasibətini bir daha xatırlamağımıza kömək edir. Yəni ermənilərin kim olduğunu və Azərbaycana qarşı hansı mövqedə dayandıqlarını yenidən ortaya qoyur".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı bildirdi. Onun sözlərinə görə, bu gün Ermənistanla Azərbaycan arasında sülh prosesinin getdiyini, Paşinyanın bu prosesdə fəal iştirak etdiyini qeyd edirik:
"Lakin eyni zamanda, tarixi Azərbaycan torpaqları olan ərazilərdə, İrəvanın özündə və digər bölgələrdə Azərbaycanın mədəni irsinin və tarixinin məhv edilməsi davam etdirilir. Azərbaycan məscidləri sökülüb, demək olar ki, heç biri qalmayıb. İrəvanda tarixi məhəllələr dağıdılır. Hətta hansısa möcüzə nəticəsində günümüzədək gəlib çatmış tarixi Azərbaycan abidələrinə belə müxtəlif adlar verilir, məsələn, "Fars məscidi", "İran məscidi" adlandırılır. Utanmadan məscidin ayrı-ayrı otaqlarına İslam dini ilə heç bir əlaqəsi olmayan erməni əsilli şəxslərin adları verilir, büstləri qoyulur. Halbuki İslam dininə görə, məscidlərdə büstlərin, insan simalarının, portret və şəkillərin yerləşdirilməsi şəriət baxımından yolverilməzdir".
Siyasətçinin sözlərinə görə, bütün bunlar ermənilərin öz xislətlərindən dönmədiyini, Azərbaycana, onun tarixinə və mədəniyyətinə qarşı münasibətlərinin dəyişmədiyini bir daha nümayiş etdirir:
"Düşünürəm ki, biz bu hadisələrdən dərs çıxarmalıyıq. Eyforiyaya qapılmamalıyıq ki, guya biz qalibik, ermənilər məğlub olublar, sülh imzalamağa məcbur qalacaqlar və bundan sonra onlarla sülh şəraitində yaşayacağıq. Hesab edirəm ki, belə düşüncələrə qapılmamaq üçün baş verənlər kifayət qədər ciddi nümunədir. Təbii ki, bu cür addımlar sülh prosesinə də mənfi təsir göstərməlidir. Çünki bu hərəkətlər insanların əsl niyyətlərini üzə çıxarır. Biz də bilməliyik ki, bu gün belə davranan tərəf sabah ordusu və iqtisadiyyatı gücləndikdə Azərbaycanla imzaladığı müqavilələrə, o cümlədən sülh sazişinə əməl etməyə bilər. Sadəcə olaraq, hazırda Azərbaycandan sülh barədə danışmasının səbəbi vaxt qazanmaq, ordusunu və iqtisadiyyatını gücləndirmək ola bilər".
T.Abbaslı Qafqaz Müsəlmanları İdarəsinin bəyanatından da danışdı:
"Təbii ki, bu baxımdan dəstəkləyirik. Azərbaycan özünün mədəni-tarixi irsini qorumalı və bununla bağlı Ermənistana xəbərdarlıq etməlidir. Ermənilər Qarabağda, Azərbaycanın minilliklərə söykənən tarixi torpaqlarında tarixi əsası olmayan bəzi tikililərlə bağlı məsələni beynəlxalq təşkilatlara, az qala BMT-yə qədər çıxarır, Azərbaycandan həmin abidələrin qorunmasını tələb edirlər. Hər dəfə beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı Azərbaycana müraciət edir və erməni tarixi irsinin qorunmasının vacibliyini xatırladırlar. Biz də eyni yanaşmanı nümayiş etdirməliyik ki, Ermənistan bilsin: Azərbaycan öz tarixinə və abidələrinə sahib çıxır. Bir daha qeyd edirəm ki, ermənilərin əsl mahiyyətini nəzərə alaraq sülh məsələsinə də məhz bu reallıqlar fonunda yanaşmalı və prosesi həmin istiqamətdə təhlil etməliyik".
NURİYYƏ













