"Ərazi güzəştləri ilə bağlı razılaşma ehtimalı olduqca aşağıdır" - Politoloq

 18:11 12.11.2026     34

"Rusiya-Ukrayna müharibəsinin gedişatında tərəflər növbəti dəfə münasibətlərə aydınlıq gətirmək və mümkün razılaşmaları müzakirə etmək üçün bir masa ətrafında əyləşiblər. ABŞ-nin vasitəçiliyi ilə, Birləşmiş Ərəb Əmirliklərinin ev sahibliyində Əbu-Dabidə üçtərəfli görüşlərin keçirilməsi özü-özlüyündə mühüm diplomatik hadisədir. Xatırladım ki, fevral ayından sonra ilk dəfədir ki, müharibənin tərəfləri yenidən bir araya gələ biliblər. Nəticəsindən asılı olmayaraq, bu təmasın baş tutması diplomatik proses baxımından əhəmiyyətli uğurdur. Dünən başlayan görüşlərlə bağlı açıqlama verən Ukrayna Prezidenti Volodimir Zelenski ilk günün müzakirələrini konstruktiv və məzmunlu qiymətləndirib. ABŞ dövlət katibi Marko Rubio isə görüşü məhsuldar adlandırıb".

Bunu Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev bildirdi.

Müsahibimiz əlavə etdi ki, tərəflər arasında genişmiqyaslı hərbi əsir mübadiləsi və digər humanitar məsələlər üzrə razılaşmaların əldə olunması diplomatik təmasların müəyyən nəticələr verdiyini göstərir:

"Bu cür razılaşmaların əldə edilməsi, xüsusilə uzun müddətdir davam edən müharibə şəraitində, tərəflər arasında dialoqun qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Təəssüf ki, humanitar razılaşmaların əldə olunması müharibənin diplomatik yolla həll edilməsi və ya başa çatması demək deyil. Belə ki, bu gün müzakirə olunacaq əsas məsələlər arasında ərazi problemi və müharibənin dayandırılmasının mümkün ssenariləri yer alır. Açıq şəkildə deyə bilərik ki, tərəflər indiyədək bu məsələlər üzrə ortaq mövqeyə gələ bilməyiblər".

O qeyd etdi ki, Rusiyanın əsas tələblərindən biri Donetsk vilayətinin qalan hissəsi üzərində nəzarətin əldə olunmasıdır:

"Moskva, eyni zamanda, Ukraynanın NATO-ya üzvlük perspektivindən imtina etməsini və neytral status qəbul etməsini istəyir. Ukrayna isə öz ərazilərindən imtina etməyi qəbul etmir. Kiyev üçün ərazi məsələsi yalnız hərbi və coğrafi məsələ deyil, həm də dövlət suverenliyi və gələcək təhlükəsizliyin təmin olunması məsələsidir. ABŞ diplomatik dairələrində hər iki tərəfin müəyyən güzəştlərə hazır ola biləcəyi barədə fikirlər səsləndirilsə də, Ukrayna rəsmiləri ərazi güzəştləri ilə bağlı hər hansı razılaşmanın mövcudluğunu təsdiqləməyiblər. Bu baxımdan, Əbu-Dabi danışıqlarında ərazi güzəştləri və gələcək təhlükəsizlik təminatları ilə bağlı fundamental razılaşmanın əldə olunması ehtimalını olduqca aşağı qiymətləndirmək olar".

Onun sözlərinə görə, reallıqda Əbu-Dabi danışıqlarından gözləntiləri daha praqmatik qiymətləndirmək lazımdır:

"Ən azı müəyyən ərazilərdə humanitar atəşkəsin əldə olunması, əsirlərin mübadiləsi ilə bağlı razılaşmaların davam etdirilməsi və humanitar məsələlər üzrə konkret addımların atılması danışıqların real nəticəsi kimi qiymətləndirilə bilər. Bununla belə, müharibənin siyasi həllinə nail olmaq üçün tərəflərin mövqeləri arasında hələ də ciddi fikir ayrılıqları mövcuddur. Xüsusilə ərazi bütövlüyü, təhlükəsizlik təminatları və Ukraynanın gələcək geosiyasi istiqaməti kimi məsələlər kompromis imkanlarını məhdudlaşdıran əsas amillər olaraq qalır".

Politoloq hesab edir ki, Əbu-Dabi görüşlərinin əhəmiyyətini yalnız müharibənin dərhal başa çatıb-çatmayacağı prizmasından qiymətləndirmək düzgün olmazdı:

"Bu görüşlər, ilk növbədə, uzun müddətdir davam edən qarşıdurma şəraitində diplomatik dialoqun bərpası və tərəflərin mövqelərinin birbaşa müzakirəsi baxımından əhəmiyyətlidir. Müharibələrin sona çatması çox zaman birdəfəlik siyasi qərarla deyil, mərhələli şəkildə əldə olunan razılaşmalarla mümkün olur. Ona görə də Əbu-Dabi danışıqlarından qısa müddətdə fundamental siyasi razılaşma gözləmək real görünmür. Lakin bu təmaslar humanitar sahədə irəliləyişə, qarşılıqlı etimadın müəyyən qədər bərpasına və gələcək danışıqlar üçün diplomatik zəminin formalaşmasına xidmət edə bilər. Ən əsası isə tərəflərin hərbi qarşıdurma ilə yanaşı, siyasi dialoq imkanlarını da qoruyub saxlamasıdır. Bu isə müharibənin gələcəkdə diplomatik yolla nizamlanması istiqamətində vacib, lakin hələlik məhdud bir addım hesab oluna bilər".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən