"KTMT-dəki qərar Ermənistanı ciddi şəkildə narahat etməyəcək" - Deputat
"Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi şərti xarakter daşıyır və hər hansı xüsusi əhəmiyyət kəsb etmir. Çünki KTMT-nin fəaliyyətinə diqqət yetirsək, görərik ki, bu təşkilatda Ermənistan və ya digər üzv dövlətlər üçün həyati əhəmiyyət daşıyan qərarlar qəbul edilmir. KTMT özü natamam, yaxud ümumiyyətlə, formalaşmamış bir təşkilatdır".
Bunu Redaktor.az-a açıqlamasında deputat Hikmət Babaoğlu Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında səsvermə hüququndan məhrum edilməsini şərh edərkən dedi.
Onun sözlərinə görə, KTMT-də qəbul edilən qərarlar, sadəcə, bu formal təşkilatın fəaliyyətinin şərti əsaslarla tənzimlənməsinə xidmət edir:
"Praktiki təcrübə baxımından isə bu təşkilat Ermənistan üçün nə təhlükəsizlik, nə hərbi zərurət, nə də hərbi sənaye məhsullarının alqı-satqısı baxımından hər hansı əhəmiyyət daşımır".
Millət vəkili hesab edir ki, bu, sadəcə formal xarakterli qərar olduğundan Ermənistan üçün müsbət və ya mənfi hər hansı ciddi nəticəyə gətirib çıxarmayacaq:
"Bu qərar yalnız Rusiyanın Ermənistanla münasibətlərində müəyyən dəyişikliklərə səbəb ola bilər. Halbuki iki ölkə arasında münasibətlər onsuz da 2018-ci ildən bəri gərgin olaraq qalır. Ancaq göründüyü kimi, uzun müddətdir davam edən Rusiya-Ermənistan münasibətlərindəki gərginlik nə iqtisadi əməkdaşlığa, nə də ticarət əlaqələrinə mane olub. Xüsusilə son illərdə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin dörd dəfədən çox artmasına bu gərginlik əngəl törətməyib. Yəni biz daha çox siyasi-diplomatik müstəvidə gərginlik müşahidə edirik. Bunun səbəbi isə Rusiyanın Ermənistana Cənubi Qafqazdakı son hərbi obyekti kimi yanaşmasıdır".
Xədicə BAXIŞLI













