Deputatdan Göy məscidlə bağlı İrana sərt mesaj: "İranın vitse-prezidentinin mərasimdə iştirakı anormal yanaşmadır"

 09:53 13.11.2026     108

"Təəssüflə qeyd etməliyəm ki, bu cür addımlara və cəhdlərə İran tərəfindən ilk dəfə rast gəlinmir. İran davamlı olaraq bu istiqamətdə addımlar atır. İranın vitse-prezidenti Seyid Həmid Purbəhmədin həmin açılış mərasimində iştirak etməsi isə həqiqətən düşündürücüdür".

Bunu Redaktor.az-a açıqlamasında deputat Ceyhun Məmmədov İrəvandakı qədim Azərbaycan məscidi olan Göy məscidlə bağlı təxribata münasibət bildirərkən dedi. O əlavə etdi ki, məscidin mərasim zalında erməni şairinin büstünün qoyulacağının bildirilməsi çox qəribədir:

"Məscidin nə erməni şairinə, nə də onun irsinə aidiyyəti var. Bu, ümumiyyətlə, anlaşılması çətin olan bir məsələdir. Bildiyiniz kimi, bu məscid İrəvan xanlığı dövründə, İrəvan xanı Səid xanın hakimiyyəti zamanı inşa edilib. Bu, Azərbaycan xalqının tarixi və mədəni irsinə məxsus olan bir məsciddir. Məscidin mərasim zalına müsəlman olmayan bir şəxsin adının verilməsi və orada onun büstünün qoyulması olduqca qəribə və qeyri-adi addımdır. Dünyanın başqa heç bir yerində belə bir yanaşmaya rast gəlmək mümkün deyil. Bu cür halları yalnız İran-Ermənistan münasibətləri kontekstində müşahidə edə bilərik. Əgər həmin mərasim zalına hansısa şairin adı verilməli idisə, bu, Azərbaycan şairlərindən birinin adı olmalı idi. Erməni şairinin bu məscidə nə aidiyyəti var?"

Deputat xüsusilə nəzərə çatdırdı ki, İranın vitse-prezidentinin belə bir açılış mərasimində iştirak etməsi ciddi suallar doğurur və bu addımın İran dövlətinin mövqeyini əks etdirdiyini açıq şəkildə göstərir:

"Qeyd etdiyimiz kimi, bu, olduqca qəribə, qəbuledilməz və anormal bir yanaşmadır. Eyni zamanda, belə addımlar Azərbaycan-İran münasibətlərinə də xələl gətirə biləcək xarakter daşıyır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən