Britaniya ilə strateji tərəfdaşlıq sənədi Azərbaycana nə qazandıracaq? - Deputatdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan-Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Fariz İsmayılzadə bildirdi ki, sənədin imzalanması doğrudan da çox sevindirici haldır:
"Çünki bu sənədin imzalanmasını bir neçə aydır gözləyirdik. Ümumiyyətlə, götürsək, Britaniya-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub. İkinci Qarabağ müharibəsindən sonra münasibətlərdə çox müsbət dinamika hiss olunur. Hətta COP sammiti zamanı sabiq baş nazirin Bakıya səfər etməsi, yeni müzakirələrin və dialoqun başlaması məhz bu sənədin imzalanmasına gətirib çıxardı. Təbii ki, burada ənənəvi sahələr - energetika, sərmayələr, biznes əlaqələri və təhsil də var. Eyni zamanda, sevindirici haldır ki, əməkdaşlıq üçün yeni sahələr də müəyyənləşib".
Millət vəkili qeyd etdi ki, Azərbaycan-Britaniya münasibətlərində, xüsusilə Qarabağ müharibəsi başa çatdıqdan sonra yeni istiqamətlər üzrə imkanlar açılıb:
"Bunlara müdafiə sənayesi, ümumilikdə müdafiə potensialı, kibertəhlükəsizlik, müxtəlif texnologiyaların transferi və süni intellektin tətbiqi daxildir. Yaşıl energetika da bu sahələrdən biridir. Azərbaycan və Britaniya bu istiqamətdə hətta birgə istehsala başlaya bilərlər. Düşünürəm ki, Britaniyanın Azərbaycana yatırdığı sərmayələr və ölkəmizdə iş imkanları artacaq, eyni zamanda, ikitərəfli ticarət əlaqələri də genişlənəcək. Biz bu sənədə çox böyük ümidlə baxırıq. Düşünürük ki, Azərbaycanın qarşısında duran çağırışlar, o cümlədən texnologiyaların sürətlə dəyişməsi fonunda Britaniya ekspertləri ilə faydalı əməkdaşlıq nəticəsində ölkəmiz yeni çağırışlara daha hazırlıqlı olacaq".
Xədicə BAXIŞLI













