Avropa İttifaqının İlham Əliyevə dəvətinin arxasında nə dayanır? - Deputat AÇIQLADI

 13:55 13.11.2026     42

"Prezident İlham Əliyevin Dublində Antonio Koşta ilə görüşü və Avropa İttifaqına səfərə dəvət olunması Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafında mühüm siyasi hadisədir. Bu dəvət ölkəmizin Avropanın enerji təhlükəsizliyində, beynəlxalq nəqliyyat kommunikasiyalarında və regional sabitliyin təmin olunmasında artan rolunun göstəricisi kimi qiymətləndirilə bilər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Aydın Hüseynov səsləndirdi.

Onun sözlərinə görə, Azərbaycan bu gün Avropa üçün yalnız enerji təchizatçısı deyil, həm də strateji nəqliyyat və iqtisadi əməkdaşlıq tərəfdaşıdır:

"Prezident İlham Əliyevin görüş zamanı vurğuladığı kimi, ölkəmiz artıq Avropa İttifaqının 10 üzv dövlətinə təbii qaz ixrac edir. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm yer tutduğunu təsdiqləyir. Azərbaycan-Avropa İttifaqı münasibətlərinin əsas xüsusiyyəti qarşılıqlı maraqlara, bərabərhüquqlu tərəfdaşlığa və dövlətlərin suverenliyinə hörmət prinsiplərinə əsaslanmasıdır. Azərbaycan müstəqil xarici siyasət yürüdür və beynəlxalq tərəfdaşlarla münasibətlərini milli maraqlarına uyğun inkişaf etdirir. Dublin görüşündə uzunmüddətli enerji müqavilələrinin və maliyyə mexanizmlərinin müzakirəsi əməkdaşlığın daha dayanıqlı iqtisadi əsaslarla genişləndirilməsinə marağı göstərir. Bərpaolunan enerji sahəsində əməkdaşlıq isə tərəfdaşlığın ənənəvi enerji münasibətlərindən kənara çıxaraq yeni texnologiyaları və yaşıl iqtisadiyyatı da əhatə etməsi üçün imkanlar yaradır".

Millət vəkili digər strateji istiqamətin Orta Dəhliz olduğunu vurğuladı:

"Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında mühüm nəqliyyat qovşağına çevrilməsi ölkəmizin geoiqtisadi əhəmiyyətini artırır. Avropa İttifaqının Naxçıvan dəmir yolu layihəsi üzrə qiymətləndirmə aparması da regional bağlantıların inkişafına göstərilən marağın konkret ifadəsidir. Mart ayında Bakıda keçirilmiş görüşdə yeni hərtərəfli ikitərəfli saziş üzrə danışıqların yekunlaşdırılmasına dair ortaq niyyətin ifadə olunması, noyabrda isə dialoqun davam etdirilməsi üçün yeni dəvətin səsləndirilməsi münasibətlərdə siyasi ardıcıllığı göstərir. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişlənməsi iqtisadiyyatımıza əlavə investisiyaların cəlb olunması, qeyri-neft sektorunun inkişafı, yeni ixrac bazarlarına çıxış və müasir texnologiyaların tətbiqi baxımından əhəmiyyətli perspektivlər yaradır. Eyni zamanda, bu münasibətlərin inkişafında Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqil qərarvermə hüququ dəyişməz prinsiplərdir. Avropa İttifaqı ilə əməkdaşlıq qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq əsasında dərinləşdirilməlidir".

A.Hüseynov hesab edir ki, Antonio Koştanın İlham Əliyevi Avropa İttifaqına dəvəti siyasi dialoqun daha yüksək səviyyədə davam etdirilməsi üçün mühüm imkandır:

"Əsas məsələ bu dialoqun konkret iqtisadi layihələrə, investisiya qərarlarına və qarşılıqlı faydalı razılaşmalara çevrilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlərdə öz milli maraqlarını qətiyyətlə müdafiə edən, Avropanın enerji və nəqliyyat təhlükəsizliyinə töhfə verən müstəqil dövlət kimi mövqeyini möhkəmləndirir. Avropa İttifaqı ilə münasibətlərin gələcəyi də məhz bu qarşılıqlı strateji maraqlar üzərində qurulur".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən