Azərbaycan və Britaniya strateji tərəfdaşlığı niyə məhz indi imzaladı? - SƏBƏB
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Tural Gəncəliyev bildirdi ki, Avropa Siyasi Birliyinin Avropa qitəsinin çətin dövrdə üzləşdiyi təhlükə və təhdidlər kontekstindəki əhəmiyyətini nəzərə alsaq, Böyük Britaniya xüsusi diqqət çəkən ölkələrdən biridir:
"Böyük Britaniya Avropa İttifaqının üzvü olmasa da, Avropa Siyasi Birliyində və bütövlükdə Avropa qitəsində çox önəmli, güclü və söz sahibi olan ölkədir. Eyni zamanda, NATO-nun da ən nüfuzlu üzvlərindən biridir. Sual yaranır: nəyə görə məhz indiki zamanda Böyük Britaniya və Azərbaycan arasında belə bir bəyanat imzalandı? Çünki Böyük Britaniya Avropa İttifaqından kənar güclü və etibarlı tərəfdaş axtarışında olduğu zaman ağıla gələn ilk namizədlərdən biri Azərbaycandır. Bu baxımdan, ölkəmizlə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir".
Millət vəkili qeyd etdi ki, Azərbaycan həm etibarlı tərəfdaşdır, həm də sabit kommunikasiya və nəqliyyat xətlərinin keçdiyi mühüm habdır:
"Böyük Britaniya üçün Azərbaycan olduqca dəyərli coğrafi mövqeyə malik, birləşdirici halqa rolunu oynayan ölkədir. Böyük Britaniya Azərbaycanla enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətləri sahəsində əməkdaşlıq etməklə yanaşı, ölkəmiz üzərindən böyük Avrasiya regionuna, türk dövlətləri coğrafiyasına və MDB məkanına çıxış imkanlarını da dəyərləndirir. Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlər indiyədək onsuz da yüksək səviyyədə inkişaf edib. Bu münasibətlər de-fakto strateji xarakter daşıyırdı. Sadəcə olaraq, bu gün həmin əlaqələr de-yure, yəni strateji tərəfdaşlıq haqqında birgə bəyannamə ilə də təsdiqləndi".

T.Gəncəliyev hesab edir ki, Böyük Britaniya Avropa İttifaqının və NATO-nun institusional çərçivələrindən kənarda özünə ən yaxın və strateji tərəfdaş hesab etdiyi ölkələrdən biri kimi Azərbaycanı seçməklə öz siyasi xəttinə və imkanlarına da əlavə dəyər qazandırmış oldu:
"Bu əməkdaşlıq Azərbaycan üçün də qarşılıqlı əhəmiyyət daşıyır. Belə ki, Böyük Britaniya ilə tərəfdaşlıq etməklə Azərbaycan Avropa qitəsində ayrıca güc mərkəzi olan böyük bir dövlətin siyasi, iqtisadi və müdafiə təhlükəsizliyi sahəsindəki resurslarına çıxış imkanı əldə edir. Bildiyiniz kimi, Böyük Britaniya-Azərbaycan strateji tərəfdaşlıq bəyanatında əsas istiqamətlərdən biri müdafiə və sənaye sahəsində əməkdaşlıqdır. Böyük Britaniyanın yüksək səviyyədə inkişaf etmiş hərbi sənaye kompleksi dünyada tanınır və seçilir. Azərbaycan üçün belə böyük hərbi potensiala malik bir ölkənin sənayesi ilə əməkdaşlıq etmək imkanları gücümüzə güc qatır və əlavə dəyər yaradır. Eyni zamanda, Azərbaycan 2020-ci ildə qazandığı Zəfərlə dünyanın ən güclü ordularından birini qurduğunu nümayiş etdirdi. Bu baxımdan, ölkəmiz Böyük Britaniya üçün də həmişə maraqlı və cəlbedici tərəfdaş olub. Bütün bu amilləri kompleks şəkildə nəzərə aldıqda, Avropanın təhdidlərlə üzləşdiyi hazırkı dövrdə Böyük Britaniyanın Azərbaycanı strateji tərəfdaş kimi seçməsinin səbəbləri aydın olur. Azərbaycanla Böyük Britaniya arasında iqtisadi və siyasi münasibətlər də yüksək səviyyədə inkişaf edib və bu proses davam edir".
Deputat onu da vurğuladı ki, Azərbaycanın neft və qaz ixracının Avropaya nəqlində BP mühüm rol oynayıb.
"Şirkət vaxtilə Azərbaycana yüz milyardlarla dollar həcmində investisiya yatırıb. Azərbaycanın Avropa üçün xüsusilə əhəmiyyətli ölkəyə çevrilməsində Böyük Britaniyanın rolunu da qeyd etmək lazımdır. Beləliklə, bu strateji bəyannammə Böyük Britaniya və Azərbaycan kimi iki mühüm tərəfdaş arasında xüsusi əhəmiyyət daşıyır. Şimali Atlantika coğrafiyasında mühüm güc mərkəzi hesab olunan Böyük Britaniyanın böyük Avrasiyaya, Orta Dəhliz üzərindən keçən kommunikasiya xətlərinə və Çindən Avropaya qədər uzanan minlərlə kilometrlik nəqliyyat marşrutuna çıxışı Azərbaycanla əməkdaşlıq sayəsində mümkün olur. Böyük Britaniyada da bu reallığı çox yaxşı anlayır və yüksək qiymətləndirirlər", - deyə Milli Məclis üzvü fikirlərini yekunlaşdırdı.
NURİYYƏ













