Tramp Ukrayna məsələsində Rusiyaya niyə güzəştə gedir? - AÇIQLAMA

 17:51 13.11.2026     40

"Rusiya-Ukrayna-ABŞ nümayəndələrinin Əbu-Dabidə keçirilən üçtərəfli görüşündən sonra ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Rusiyaya səfər etməsi, daha sonra Dublinə gedərək Paşinyanla görüş keçirməsi göstərir ki, Ağ Ev, Respublikaçılar Partiyası və xüsusilə Donald Tramp seçkilərdə məğlub olduqdan sonra yaranan çətin vəziyyəti, Amerikada reytinqinin aşağı düşməsini Rusiya-Ukrayna müharibəsində müvəqqəti atəşkəs sazişi və ya hansısa sənəd imzalamaqla kompensasiya etməyə çalışır".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi. Müsahibimiz hesab edir ki, bu üçtərəfli görüşdən əldə oluna biləcək ən müsbət nəticə elə əvvəlki danışıqlar cəhdi nəticəsində mümkün olmuş əsir mübadiləsindən o yana getməyəcək:

"Sözün açığı, bu görüşlərin və danışıqların fiaskoya uğramasını ört-basdır etmək üçün ən yaxşı çıxış yolu əsirlərin mübadiləsi ilə bağlı razılığın əldə olunduğunun elan edilməsidir. Hesab edirəm ki, danışıqlardan daha ciddi nəticə əldə etmək artıq mümkün deyil. Bu, sadəcə olaraq, Trampın Rusiya və Putinlə birlikdə Ukraynaya həddindən artıq təzyiq göstərərək onu sülhə məcbur etmək cəhdidir. Burada müvəqqəti, necə deyərlər, dırnaq arasına alınmalı bir sülhdən söhbət gedir. Çünki təklif olunur ki, Ukrayna və Rusiya qoşunları hazırkı təmas xəttində, dayandıqları mövqelərdə qalsınlar və həmin ərazilər Rusiyanın nəzarətində saxlanılsın. Hətta Rusiya Ukraynanın digər ərazilərini də ələ keçirməkdə maraqlıdır. Yəni Moskva bununla dayanmaq fikrində deyil".

Deputat ABŞ Prezidenti Donald Trampın danışıqlardan siyasi məqsədləri üçün istifadə etməyə çalışdığını düşünür:

"Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp çox istəyir ki, hansısa sənəd imzalansın və o, bunu dünya ictimaiyyətinə, eləcə də Amerika ictimaiyyətinə təqdim edərək Rusiya-Ukrayna müharibəsini dayandırdığını bəyan etsin. Ancaq Rusiya da Trampın zəif mövqeyindən, ictimai dəstəyinin və reytinqinin aşağı düşməsindən istifadə etməyə çalışacaq. Moskvanın məqsədi Ukraynanı daha ağır məğlubiyyətə, necə deyərlər, kapitulyasiyaya sürükləməkdir. Aydındır ki, Zelenski də dərhal bəyan etdi: Ukrayna heç vaxt öz torpaqlarını güzəştə getməyəcək. Təbii ki, burada dalana dirənmiş vəziyyət yaranıb. Çünki Rusiya işğal etdiyi əraziləri referendum keçirərək artıq öz konstitusiyasına daxil edib və həmin torpaqlardan imtina etmək niyyətində deyil. Ukrayna da beynəlxalq səviyyədə tanınmış ərazilərindən imtina edə bilməz. Hansı Ukrayna lideri, o cümlədən Zelenski həmin ərazilərdən imtina etsə, onun hakimiyyətdə qalması bir neçə saatdan artıq mümkün olmaz. Burada digər mühüm məqam ondan ibarətdir ki, Tramp Putinlə razılaşmalar və görüşlər kontekstində Avropa İttifaqını danışıqlar prosesindən kənarlaşdırır".

Siyasətçi əlavə etdi ki, Avropa İttifaqının nümayəndələri ümumiyyətlə danışıqlar masasına buraxılmırlar:

"Hətta dünən Lavrov jurnalistin sualını cavablandırarkən bildirib ki, Avropa İttifaqı nümayəndələri də Əbu-Dabiyə gəliblər. O, onlara məsləhət görüb ki, elə qaldıqları otellərdə əyləşsinlər. Yəni Avropa İttifaqının bu prosesdə kənarlaşdırılması və marjinallaşdırılması tendensiyasını müşahidə edirik. Ancaq burada Tramp tələsir. Çünki 2027-ci il yanvarın 1-dən yeni Senat və Nümayəndələr Palatası, ümumilikdə isə yeni Konqres fəaliyyətə başlayır. Yeni Konqres fəaliyyətə başladıqdan sonra Trampın istər Ukrayna, istərsə də İran üzərindən siyasi manevr etmək imkanları bir qədər də məhdudlaşacaq. Artıq yeni Konqres hələ fəaliyyətə başlamamış respublikaçı senator və konqresmen Tomas Massi müdafiə naziri, daha doğrusu, müharibə naziri Pit Heqsetin impiçmenti ilə bağlı müvafiq sənəd irəli sürüb. Hazırda bu sənədin impiçmentlə nəticələnməsi ehtimalı olmasa da, belə cəhdlər davam edəcək. Ona görə də Trampa qarşı da impiçment məsələsi gündəmə gələ bilər. Tramp məhz buna görə tələsir. O, Ukrayna məsələsində Rusiyaya güzəştə getməklə yanaşı, Rusiyanı İran cəbhəsindən də uzaqlaşdırmağa çalışır. Yəni Tramp burada, necə deyərlər, bir güllə ilə iki hədəf vurmaq istəyir. Bir tərəfdən Ukrayna məsələsində Rusiyaya güzəştlər edərək sülh sazişinə nail olmaq və bunu bütün dünyaya bəyan etmək istəyir ki, guya çətin bir müharibəni dayandırıb və özü sülh prezidentidir".

Tural Gəncəliyev Rusiyanın İranla münasibətlərinin də bu danışıqlarda mühüm yer tutduğunu bildirdi.

"Rusiyanı İranla müttəfiqlik münasibətlərindən uzaqlaşdıraraq İranı daha da təcrid etmək və ona qarşı həyata keçirilə biləcək yaxın hücum ərəfəsində Moskvanın Tehrana dəstəyini zəiflətmək məqsədi güdür. Fikir versək, bir neçə gün əvvəl Amerikada İranın yalnız dəniz blokadasını deyil, həm də quru ərazilər və hətta Xəzər dənizi vasitəsilə blokadaya alınmasını nəzərdə tutan yeni hərbi qüvvə və qərargah yaradılıb. Bu, "Iron Gate" – "Dəmir Qapı" konsepsiyasıdır. Bu o deməkdir ki, İranın Hörmüz boğazında blokadası tətbiq edilirsə və amerikalılar oradan daşımaların həyata keçirilməsinə icazə vermirlərsə, Xəzər dənizi üzərindən də Rusiyanın İranla əlaqələrinin blokadaya alınması, bu marşrutların hədəfə çevrilməsi nəzərdə tutula bilər. Bu isə artıq Rusiyaya qarşı Amerikanın müharibəsi deməkdir. Ona görə də danışıqların əsas mahiyyəti ondan ibarətdir ki, Amerika Ukrayna məsələsində Rusiyaya maksimum güzəştə gedərək Yaxın Şərqdə, xüsusilə də İranla bağlı məsələlərdə Moskvanın geri çəkilməsinə nail olmağa çalışır. Ancaq bunun da baş tutacağına inanmıram. Çünki Trampın düşdüyü çətin vəziyyətdən Rusiya həm Ukrayna, həm də Yaxın Şərq istiqamətində Amerikaya qarşı öz geosiyasi gücünü və mövqelərini daha da möhkəmləndirmək üçün istifadə etməyə çalışacaq", – deyə deputat yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən