Göy məscid ətrafında baş verənlərdə İranın rolu – Keçmiş deputatdan ŞƏRH

 17:13 13.11.2026     55

"İrəvanda Göy məscidlə bağlı baş verən hadisəyə bir neçə prizmadan yanaşmaq lazımdır. Bu, təkcə Azərbaycan xalqının mədəni irsinin qorunması prinsipinin pozulması deyil. Burada Azərbaycan tarixinə və mədəni irsinə qarşı çox ciddi təcavüz mövcuddur. Bu məsələyə sadə hadisə kimi yanaşmaq və üzərindən keçmək olmaz. Hesab edirəm ki, məsələ müvafiq beynəlxalq instansiyalarda qaldırılmalı və ona hüquqi qiymət verilməlidir. Bir daha qeyd edim ki, bu, Azərbaycan tarixinə və mədəni irsinə təcavüzdür".

Bunu Redaktor.az-a açıqlamasında keçmiş deputat, siyasi şərhçi Elşad Mirbəşiroğlu İrəvandakı qədim Azərbaycan məscidi olan Göy məscidlə bağlı təxribata münasibət bildirərkən dedi.

O qeyd etdi ki, Göy məscid XVIII əsrdə inşa edilmiş tarixi abidədir və Azərbaycan, türk və İslam irsini özündə daşıyan çox mühüm mədəniyyət nümunəsidir:

"Bu, bizim milli, mədəni və tarixi dəyərimizdir. Maddi-mədəni dəyərlərin qorunması ilə bağlı kifayət qədər beynəlxalq sənədlər və konvensiyalar mövcuddur. Məsələn, 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasını qeyd edə bilərəm. Həmin konvensiyaya əsasən, bir xalqın milli-mədəni irsinə qarşı törədilən təcavüz və ya bu irsə göstərilən hörmətsizlik bütün dünya xalqlarının mədəni irsinə qarşı hörmətsizlik kimi qəbul olunur. Bu istiqamətdə 1992-ci ildə UNESCO tərəfindən də qətnamə qəbul edilib. Həmin sənəddə milli-mədəni irsin qorunması prinsipləri, onun əhəmiyyəti və bu prinsiplərə əməl olunmasının vacibliyi açıq şəkildə ifadə olunub".

Müsahibimiz düşünür ki, ölkəmiz hər zaman milli maraqlarını və mədəni irsini qoruduğu kimi, bu dəfə də məsələyə prinsipial yanaşacaq və onu müvafiq beynəlxalq instansiyalarda müzakirə predmetinə çevirəcək:

"Burada diqqət yetirilməli olan digər detal Göy məscidin mərasim zalına erməni şairinin adının verilməsidir. Gələcəkdə orada lövhənin quraşdırılması və büstün qoyulması da nəzərdə tutulur. Bu, Azərbaycan xalqının milli-mədəni irsi olan tarixi abidəyə əlavə simvolların gətirilməsi deməkdir. Müəyyən mənada bu, abidənin tarixi mənşəyinin dəyişdirilməsi istiqamətində atılmış addımdır. Yəni bu addımın müəyyən təsir gücünə malik olacağı aydındır. Bir daha qeyd edirəm ki, məsələyə bəsit yanaşmaq olmaz və bunun qarşısı alınmalıdır.

Arzuolunmaz məqamlardan biri də tədbirin noyabrın 9-da keçirilməsidir. Bildiyimiz kimi, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür və bizim üçün çox əhəmiyyətli tarixdir. Hesab edirəm ki, Ermənistan bununla həm də sülh gündəliyinə yalnız siyasi bəyanatlar səviyyəsində, sırf simvolik yanaşdığını nümayiş etdirir. Bu, bir daha göstərir ki, Ermənistan hələlik sülhə hazır deyil. Çünki davamlı olaraq etimad mühitini pozur".

O qeyd etdi ki, Azərbaycan tərəfi sülh məsələsində çox səmimidir:

"Sülh gündəliyini başladıb və regionda etibarlı təhlükəsizlik mühitinin yaradılması, əməkdaşlıq imkanlarının formalaşdırılması üçün bu prosesi səmimiyyətlə irəli aparır. Ancaq görünür, Ermənistan tərəfi hər fürsətdə və müxtəlif vasitələrlə bu sülh gündəliyinə xələl gətirməyə çalışır. Bütövlükdə, bunu regionda sabitliyə xələl gətirə biləcək pozucu addım kimi qiymətləndirmək olar. Düzdür, iddia etmirəm ki, bu hadisə mütləq şəkildə bütün prosesi pozacaq. Lakin nəticəsindən asılı olmayaraq, bu, regiondakı vəziyyətə mənfi təsir göstərə biləcək bir cəhddir. Çünki sülh gündəliyi hələ kifayət qədər kövrəkdir və kompleks komponentləri əhatə etməlidir".

Siyasi şərhçi bildirdi ki, Ermənistan Azərbaycanla etimad mühitinin formalaşmasında maraqlıdırsa, əksinə, öz ərazisində yerləşən Azərbaycan tarixi-mədəni irsinin qorunmasına həssas yanaşmalıdır:

"Həmin abidələri qorumalıdır. Necə ki, Bakının mərkəzində erməni kilsəsi tam təmirli vəziyyətdə qorunur. Ermənistan isə bunun əksinə olaraq, bizim tarixi-mədəni irsimizə əlavə detallar yerləşdirmək, məscidin mərasim zalına erməni şairinin adını vermək istəyir. Qeyd etdiyim kimi, bu, tarixi-mədəni irsin qorunması prinsiplərinin kobud şəkildə pozulmasıdır. Bunun başqa adı yoxdur.

Təbii ki, hesab edirəm ki, Ermənistan tərəfi bu addımı bilərəkdən atır. Diqqət yetirilməli olan digər mühüm məqam İranın vitse-prezidentinin həmin mərasimdə iştirak etməsidir. Hesab edirəm ki, bunu da diqqətdən kənarda saxlamaq olmaz. Təbii ki, bizim ölkələr arasındakı münasibətlərə müdaxilə etmək niyyətimiz yoxdur. İranla Ermənistanın əməkdaşlıq etməsi və bu münasibətləri daha da sıxlaşdırması onların suveren hüququdur. Lakin burada müzakirə predmetinə çevrilən məsələ XVIII əsrə aid Azərbaycan tarixi-mədəni abidəsi olan Göy məsciddir".

Elşad Mirbəşiroğlu hesab edir ki, bu addımla İran da Ermənistanın regiondakı fəaliyyətinə müəyyən mənada dəstək vermiş olur:

"Bu məqamın da diqqətdə saxlanılması vacibdir. Bütün hallarda düşünürəm ki, baş verən hadisə bizi daha ayıq və sayıq olmağa, Ermənistan tərəfinin səsləndirdiyi sülh ritorikasına kor-koranə etibar etməməyə çağırır".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən