"Böyük Britaniya ilə strateji tərəfdaşlıq Azərbaycanın imkanlarını genişləndirəcək" - Əli Məsimli
"Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında müxtəlif sahələrdə, o cümlədən davamlı siyasi dialoq, güclü iqtisadi gündəm, intensiv mədəniyyət və təhsil mübadilələri də daxil olmaqla yüksək səviyyədə əməkdaşlıq mövcuddur. Münasibətlərimizdə strateji tərəfdaşlıq ruhunda genişlənmə aparıcı rol oynayır. 12 noyabr 2026-cı il tarixində Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnham arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması bunun əyani göstəricisidir".
Bunu Redaktor.az-a açıqlamasında deputat Əli Məsimli bildirdi. Onun sözlərinə görə, Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasındakı 30 ildən artıq davam edən əlaqələri rəsmi olaraq keyfiyyətcə yeni və ən yüksək diplomatik səviyyəyə qaldırır:
"Yeni strateji tərəfdaşlıq 3 əsas istiqaməti: müdafiə və təhlükəsizlik, ticarət-investisiya, eləcə də təhsil və innovasiya istiqamətlərini əhatə edir. Son 5 ildə (2021–2025-ci illər və 2026-cı ilin ilk 9 ayı) Azərbaycan-Birləşmiş Krallıq arasında ticarət dövriyyəsi dalğalı dinamika göstərsə də, xüsusilə 2025 və 2026-cı illərdə kəskin artım nümayiş etdirmişdir. 2026-cı ilin yanvar-sentyabr aylarında qarşılıqlı ticarət dövriyyəsi 3 milyard 720,7 milyon ABŞ dollarına çatmışdır. Azərbaycanın ixracının kəskin artması nəticəsində ölkəmizin xeyrinə 3 milyard 245,1 milyon ABŞ dolları həcmində müsbət saldo formalaşmışdır".
Millət vəkili Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatına yatırdığı sərmayələrə də diqqət çəkdi:
"Böyük Britaniya müstəqillik dövründən bu yana Azərbaycan iqtisadiyyatına 40 milyard dollardan çox sərmayə yatırmaqla ölkənin birinci xarici investorudur. Ümumi xarici investisiyaların təxminən yarısı bu ölkənin payına düşür. Yatırılan ümumi sərmayələrin təxminən 37 milyard dolları enerji sektoruna yönəldilib. BP şirkəti "Azəri-Çıraq-Günəşli", "Şahdəniz", Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi strateji layihələrin əsas operatoru və sərmayədarıdır".
Əli Məsimli nəzərə çatdırdı ki, hazırda əməkdaşlıq qeyri-neft sektoruna, bərpa olunan enerjiyə, yaşıl maliyyələşdirməyə, kapital bazarlarına, azad edilmiş ərazilərin bərpasına və Orta Dəhliz üzrə nəqliyyat-logistika infrastrukturuna doğru genişlənir. Onun sözlərinə görə, Azərbaycanda 600-ə yaxın Britaniya şirkəti fəaliyyət göstərir:
"Dublində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan və Böyük Britaniya arasında bərpa olunan enerji, Orta Dəhliz, maliyyə bazarları, müdafiə və təhsil sahələrində əməkdaşlığı yeni institusional səviyyəyə çıxarır. Bəyannamədə bu istiqamətlərin icrası üçün əsas mexanizm kimi Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya müəyyən edilib. Tərəflər təmiz enerji keçidi, aşağı karbonlu texnologiyalar və xalis sıfır (net-zero) hədəflərinə çatmaq üçün birgə işləmək barədə razılığa gəliblər. Əməkdaşlıq işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yaşıl enerji layihələrini və regional elektrik enerjisi interkonnektorlarını əhatə edir. Bəyannamədə regional və beynəlxalq bağlantının əhəmiyyəti vurğulanaraq Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafına birgə dəstək ifadə olunub. Bu çərçivədə liman, nəqliyyat-logistika və rəqəmsal infrastrukturun təkmilləşdirilməsi üzrə birgə yol xəritəsi icra edilir.
Deputat maliyyə və müdafiə sahələrində əməkdaşlığın istiqamətlərindən də danışdı.
"Hər iki ölkənin müvafiq qurumları və maliyyə institutları arasında dialoq vasitəsilə yaşıl maliyyələşdirmə, ticarətin maliyyələşdirilməsi və kiçik və orta sahibkarlığın dəstəklənməsi nəzərdə tutulur. Həmçinin maliyyə sektorunda şəffaflığın artırılması və Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi üzrə təcrübə mübadiləsi aparılacaq. Bəyannamənin müdafiə və təhlükəsizliyə dair bəndləri xüsusi əhəmiyyət kəsb edir. Ölkələr ortaq təhdidlərə qarşı mübarizə aparmaq məqsədilə hərbi təlimlər, potensialın gücləndirilməsi və silahlı qüvvələrin qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılması sahəsində əməkdaşlığı genişləndirəcəklər. Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə müdafiə sənayesi üzrə birgə təşəbbüslərin və layihələrin həyata keçirilməsi imkanlarını araşdırmaq barədə razılaşıblar. Bəyannamə regional sülh və sabitliyin qorunması məqsədilə hüquq-mühafizə, sərhədlərin idarə olunması və geniş təhlükəsizlik prioritetləri üzrə yüksək səviyyəli koordinasiyanı nəzərdə tutur", - deyə o əlavə etdi.
Millət vəkilinin sözlərinə görə, bəyannamənin təhsil və innovasiya ilə bağlı bəndləri də çox vacib və perspektivlidir:
"Ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və sənaye arasında tərəfdaşlıqların təşviqi, eləcə də akademik mübadilə və peşə təlimi proqramlarının genişləndirilməsi əsas prioritetlərdəndir. Tərəflər süni intellekt, rəqəmsallaşma, rəqəmsal idarəetmə və elm sahələrində qabaqcıl təcrübə mübadiləsi aparacaqlar. İki ölkə arasında bacarıqların inkişafı, şəffaflıq və inklüziv iqtisadi artıma töhfə verən innovasiya mühitinin formalaşdırılması və xalqlararası əlaqələrin sıxlaşdırılması hədəflənir".
Əli Məsimli bəyannamənin Azərbaycanın beynəlxalq mövqeyinə təsirini də dəyərləndirdi:
"Strateji Tərəfdaşlıq haqqında belə bir Birgə Bəyannamənin imzalanması Azərbaycanın beynəlxalq nüfuzunun və Avropa məkanındakı geosiyasi çəkisinin artdığını göstərir. Böyük Britaniya kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvü və aparıcı Qərb dövləti ilə münasibətlərin bu səviyyəyə qaldırılması Azərbaycanın həm təhlükəsizlik arxitekturasını möhkəmləndirir, həm də qeyri-neft sektoruna, yaşıl enerjiyə və yüksək texnologiyalara Qərb investisiyalarının və qabaqcıl təcrübəsinin cəlb edilməsini sürətləndirəcək".
NURİYYƏ













