Putin, Tramp, Si Cinpin: Görüşdə kimin əli daha güclüdür?

 11:08 17.11.2026     34

"Bütün dünya hazırda noyabrın 19-da Çində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində keçirilməsi gözlənilən üçtərəfli görüşü izləyir. Söhbət Putin, Tramp və Si Cinpin arasında baş tutması planlaşdırılan görüşdən gedir. Təbii ki, bu görüş ətrafında ajiotaj o qədər böyükdür ki, hətta onu “Yalta-2”, “yeni dünya düzəni”, “dünyanın yenidən bölüşdürülməsi” kimi adlandıranlar da var. Bu, həqiqətən də çox önəmli görüşdür. Uzun müddətdir belə bir görüşün keçirilməsi planlaşdırılsa və bu barədə açıqlamalar verilsə də, ilk dəfə noyabrın 19-da baş tutması gözlənilir".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin  deputatı Tural Gəncəliyev noyabrın 19-da Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində Rusiya, ABŞ və Çin liderlərinin görüşü barədə danışarkən bildirdi.

"Əsas məqam ondan ibarətdir ki, bu görüş ətrafında ajiotaj böyükdür və görünən odur ki, hər bir tərəf danışıqlar masasına güclü, Trampın ifadəsi ilə desək, üstün kartlarla gəlməyə çalışır. Həmin kartların nədən ibarət olacağı isə qarşıdakı dörd gündə müəyyənləşəcək. İlk olaraq ABŞ Prezidenti Donald Trampdan başlayaq. Hazırda Amerika prezidentinin düşdüyü vəziyyət kifayət qədər çətindir. Belə ki, demokratların son Konqres seçkilərində qələbə qazanması Trampın reytinqini aşağı salıb. Üstəlik, Amerikada MAGA hərəkatı çərçivəsində də ciddi fikir ayrılıqları mövcuddur", - o dedi.

Müsahibimiz əlavə etdi ki, Tramp daxili siyasətlə yanaşı, xarici siyasətdə də, xüsusilə İran, Yaxın Şərq və Körfəz ölkələri ətrafında yaranmış vəziyyətlə bağlı çətinliklərlə üzləşib:

"Belə ki, Hörmüz boğazı, demək olar ki, fəaliyyət göstərmir. Gündəlik minimum beş-altı tanker ya minaya düşür, ya da İran tərəfindən vurulur. Bu da dünya iqtisadiyyatına, beynəlxalq yükdaşımalarına, xüsusilə ABŞ və Qərbin iqtisadi göstəricilərinə ciddi təsir edir. Bununla yanaşı, Qırmızı dənizə çıxışın əsas nöqtələrindən biri olan Bab əl-Məndəb boğazı da bağlıdır. Burada da görürük ki, Yəməndəki “Ənsarullah” təşkilatı Səudiyyə Ərəbistanı və ABŞ-nin dəstəklədiyi qüvvələrə qarşı hücuma keçib və artıq onların paytaxtı Ədən şəhərinin yaxınlığına çatıb. Bu da ABŞ-nin və Körfəz ölkələrinin, xüsusilə Səudiyyə Ərəbistanının maraqlarına zidd addım kimi qiymətləndirilir".

Siyasətçinin sözlərinə görə, bütün bu amillər Trampın Çinin Şençjen şəhərində keçiriləcək görüşə zəif kartlarla gedəcəyi anlamına gəlir:

"Üstəlik, İsraildə keçirilən parlament seçkilərindən sonra qələbə qazana bilməyən və hökuməti formalaşdırmaq imkanından məhrum olan Netanyahu da hazırda hakimiyyəti təhvil verməli olduğu qısa müddətlə üz-üzədir. Digər tərəfdən, Netanyahunun Trampa və ABŞ-yə təsir göstərərək İrana qarşı hücumların bərpa olunmasına çağırdığı məlumdur. İki gün əvvəl Mossadın baş direktorunun ABŞ-yə səfər etməsi, orada FTB-nin rəhbəri Retkliflə görüşməsi, bununla yanaşı, ABŞ-yə məxsus üçüncü aviadaşıyıcı gəminin – “Franklin Ruzvelt”in də Yaxın Şərqə, İran sahillərinə doğru hərəkət etməsi diqqət çəkir. Beləliklə, “Corc Vaşinqton”, “Corc Buş” və “Ruzvelt” aviadaşıyıcılarının böyük esmineslər və digər hərbi gəmilərlə birlikdə Yaxın Şərqdə cəmləşməsi Trampın nə qədər çətin vəziyyətdə olduğunu göstərir. O, ya noyabrın 19-na qədər İrana hücum edərək üstün kartlar əldə etməli, danışıqlar masasına daha güclü mövqedən gəlməlidir, ya da mövcud çətin vəziyyət davam edəcək".

Millət vəkili hesab edir ki, digər  məsələ Rusiyanın mövqeyi ilə bağlıdır:

"Təbii ki, Putin son zamanlar Rusiyanın Ukrayna üzərindəki üstünlüyündən istifadə edərək NATO-dan və Avropa İttifaqından geri çəkilməyi, NATO qüvvələrinin 1997-ci il sərhədlərinə qayıtmasını tələb edir. Bu tələblər Əbu-Dabidə keçirilən son Rusiya-Ukrayna-ABŞ görüşündən sonra Rusiyanın irəli sürdüyü şərtlər kimi mətbuata sızdırılıb. Rusiyanı danışıqlarda əsas təmsil edən Medinski də bu tələbləri bir daha çatdırıb. O bildirib ki, Rusiya Ukraynanın NATO-ya üzv olmasına və öz silahlı qüvvələrini saxlamasına heç vaxt razı olmayacaq. Bu da onu göstərir ki, Putin hazırda ABŞ ilə Avropa arasında yaranmış fikir ayrılıqlarından maksimum yararlanmağa və zəifləmiş NATO və Avropa İttifaqı fonunda danışıqlarda öz mövqeyini gücləndirməyə çalışacaq. Hətta bu kontekstdə məlum olub ki, 2027-ci ildə Albaniyada keçirilməsi nəzərdə tutulan NATO sammiti də daxili fikir ayrılıqları səbəbindən təxirə salınıb".

Deputat hesab edir ki, bu görüşdə ən güclü mövqeyə və üstün kartlara malik olan tərəf Çindir:

"Çünki Si Cinpin həm də görüşün ev sahibidir. Çin hazırda ABŞ-nin Yaxın Şərq siyasəti nəticəsində zəif vəziyyətə düşməsindən məmnundur. Eyni zamanda, hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsində müəyyən pat vəziyyətinin, dalanın yaranması da Çinin maraqlarına uyğundur. Belə ki, Çinin əsas strateji rəqibi olan ABŞ-də Trampın və respublikaçıların diqqəti həm daxili, həm də xarici problemlərə yönəlib. Digər tərəfdən, Rusiya Avropa İttifaqını və NATO-nu – Çinin əsas rəqiblərindən olan bu strukturları daim gərginlikdə saxlayır. Eyni zamanda, Rusiyanın özü də bu gərginliyin içərisindədir. Bütün bunları nəzərə alsaq, danışıqlar masasında ən güclü mövqeyə malik tərəfin Çin və onun prezidenti Si Cinpin olacağını düşünürəm".

T.Gəncəliyev qeyd etdi ki, Si Cinpin böyük güc sahibi və görüşün ev sahibi olmasından da istifadə edərək amerikalıların təklif etdiyi sərbəst müzakirə proqramını rədd edib:

"Çin tərəfi, öz protokoluna uyğun olaraq, əvvəlcədən konkret maddələrin və müzakirə mövzularının müəyyənləşdirilməsini, görüşün həmin mövzular əsasında keçirilməsini tələb edir. Amerikalıların İran, Rusiya-Ukrayna müharibəsi və digər məsələləri istədikləri qaydada müzakirəyə daxil etmək yanaşmasına Çin müsbət baxmır. Görünən odur ki, hələlik Çinin bu istəyi nəzərə alınır. Buna görə də hesab edirəm ki, görüşdə ən güclü mövqedən çıxış edən tərəf məhz Çin olacaq. Rusiyanın isə ABŞ-nin, Avropanın və NATO-nun düşdüyü vəziyyətdən maksimum yararlanaraq öz mövqeyini gücləndirməyə çalışacağını düşünürəm. Tramp isə, təbii ki, çətin vəziyyətdədir. Hesab edirəm ki, noyabrın 19-na qədər onun İrana hücum etmək və beləliklə, danışıqlar masasına ən azı müəyyən üstün kartlarla gəlmək riski də mövcuddur. Ancaq İrana hücumun özü də Pandora qutusunun açılması deməkdir. Bunun hansı nəticələrə gətirib çıxaracağı hələ məlum deyil. Ona görə də kifayət qədər kritik vəziyyətdə noyabrın 19-da keçiriləcək görüşə yaxınlaşırıq. Hadisələrin sonrakı inkişafını diqqətlə izləyəcəyik".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən