Putin, Tramp və Si Cinpinin görüşündən nə gözlənilir? - AÇIQLAMA

 16:09 18.11.2026     70

Noyabrın 19-da Rusiya Prezidenti Vladimir Putin, Çin sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında üçtərəfli görüş keçiriləcək.

Görüşdən gözləntilərini Redaktor.az-a açıqlayan politoloq Akif Nağı bildirdi ki, tədbir diqqət mərkəzindədir:

"Hətta fantastik proqnozlar səsləndirənlər də var. İddia olunur ki, dünya təsir dairələrinə bölünə bilər. Bunu 1943-cü il Tehran və 1945-ci il Yalta konfransları ilə müqayisə edirlər. Həmin görüşlərdə üç böyük dövlət bir araya gəlmişdi. Lakin hesab edirəm ki, indiki vəziyyəti həmin dövrlə müqayisə etmək reallığa uyğun deyil. Çünki hazırda bu dövlətlər nə bir-biri ilə müharibə aparıblar ki, müharibədən sonrakı məsələləri razılaşdırsınlar, nə də müttəfiqdirlər ki, dünyanın müxtəlif bölgələrində öz fəaliyyətlərini və təsir dairələrini bölüşdürsünlər. Müasir dünyada vəziyyət daha mürəkkəbdir. Kəskin mübarizə gedir və dünya çoxqütblü sistemə doğru irəliləyir. Ona görə də hələlik dünyanın təsir dairələrinə bölünməsi və hər hansı razılaşmanın əldə olunması barədə danışmaq tezdir".

Onun sözlərinə görə, bu görüşdə Ukrayna və İran məsələləri əsas müzakirə mövzuları olacaq:

"Böyük ehtimalla Qəzza məsələsi də gündəmə gələ bilər. Hazırda dünyanın diqqət mərkəzində olan iki əsas problem Ukrayna və İrandakı vəziyyətdir. Görüş zamanı hər iki məsələ ilə bağlı ortaq mövqe formalaşdırmağa çalışacaqlar. Ukrayna məsələsinə gəlincə, burada əsas müzakirə mövzusu təhlükəsizlikdir. Rusiyanın yanaşması, Avropanın təhlükəsizlik sistemi ilə bağlı mövqeyi və Ukraynanın öz təhlükəsizlik tələbləri bir-birindən fərqlənir. Hər tərəf öz mövqeyini ortaya qoyur. Buna görə də təhlükəsizlik məsələsi ilə bağlı müəyyən çərçivənin formalaşdırılması və razılaşmaların əldə olunması mümkündür".

A.Nağı hesab edir ki, bu üç dövlət arasında aparıcı qüvvə ABŞ, Donald Trampdır:

"Lakin Tramp öz ölkəsində nüfuzunu sürətlə itirir. Son sorğular göstərir ki, ABŞ əhalisi İranda müharibənin davam etdirilməsini qətiyyən dəstəkləmir. Buna görə də onun ilin sonuna qədər müəyyən nəticələr əldə etməsinə ehtiyac var. Çünki gələn ilin əvvəlində yeni seçilmiş senatorlar və Nümayəndələr Palatasının üzvləri fəaliyyətə başlayacaqlar. Tramp həmin vaxta qədər reytinqini qorumaq və siyasi mövqeyini möhkəmləndirmək istəyəcək. Bu baxımdan, Ukrayna məsələsində Rusiya ilə müəyyən məsələləri razılaşdırmağa məcburdur. Bununla belə, prosesdə əsas aparıcı tərəf yenə də ABŞ və Donald Tramp olacaq".

Siyasi şərhçi nəzərə çatdırdı ki, Ukrayna ilə bağlı hansısa razılaşmanın əldə olunması mümkündür, lakin bu, mürəkkəb məsələdir. Ukrayna geri çəkilmək istəmir, tərəflərin qarşılıqlı qəbulolunmaz tələbləri var. Rusiya Donbası bütövlükdə ələ keçirmək istəyir, Ukrayna isə Donbasın ən azı bir hissəsindən geri çəkilmək niyyətində deyil. Hazırda həmin ərazinin təxminən 10 faizi Ukraynanın nəzarətindədir. Rusiya Ukraynanın digər ərazilərinə də iddialıdır.

"NATO ilə bağlı Rusiyanın mövqeyi də məlumdur. Moskva NATO-nun 1997-ci ildə Rusiya ilə Alyans arasında mövcud olmuş razılaşmaların şərtlərinə qayıtmasını tələb edir. Bu isə Polşadan da müəyyən hərbi qüvvələrin çıxarılması tələbinin irəli sürülməsi demək ola bilər. Əsas tələblər isə Finlandiya və Baltikyanı respublikalarda NATO qüvvələrinin mövcudluğu ilə bağlıdır. Bütün bunlar son dərəcə mürəkkəb vəziyyət yaradır. Hər halda ümid edirəm ki, Ukrayna məsələsi ilə bağlı ilkin atəşkəs barədə hansısa razılaşma əldə olunacaq.

Təbii ki, bu üç dövlətin dünyada gedən proseslərə ciddi təsir göstərmək imkanları var. Çin iqtisadi gücünə, ABŞ həm iqtisadi, həm də siyasi imkanlarına görə, Rusiya isə hazırda birbaşa münaqişələrin iştirakçısı olduğuna görə mühüm aktordur. Rusiya İran münaqişəsində də Tehrana açıq dəstək göstərir. Eyni zamanda, Ukrayna müharibəsinin əsas tərəflərindən biridir. Buna görə də Ukrayna məsələsində çox şey Rusiyanın razılığından və ya razılaşmamasından asılıdır. Hər halda, bir daha qeyd edirəm ki, bu üç dövlət arasında Ukrayna məsələsi ilə bağlı ilkin atəşkəs barədə razılığın əldə olunması mümkündür", - deyə o yekunlaşdırdı. 

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən