Tramp, Putin və Si Cinpin bir masa arxasında: Hansı razılaşmalar əldə oluna bilər?
"Hazırda bütün dünyanın diqqətini cəlb edən məsələlərdən biri noyabrın 19-da keçirilməsi nəzərdə tutulan ABŞ, Rusiya və Çin liderlərinin üçtərəfli görüşüdür. Bu görüş böyük tarixi və geosiyasi əhəmiyyət daşıyır. Belə ki, görüş çərçivəsində bir sıra mühüm məsələlərin müzakirə olunacağı, eyni zamanda, gələcək beynəlxalq münasibətlər sisteminə təsir göstərə biləcək müəyyən razılaşmaların əldə ediləcəyi ehtimal olunur".
Bunu Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev bildirdi.
"İlk növbədə qeyd etmək lazımdır ki, görüş ayrıca diplomatik təmas formatında deyil, Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutacaq. Sammitdə APEC-ə üzv dövlətlərin nümayəndələri iştirak edəcəklər. ABŞ, Çin və Rusiya da regional və qlobal siyasi-iqtisadi proseslərdə mühüm rol oynayan dövlətlərdir", - deyə o qeyd etdi.
Siyasi şərhçinin fikrincə, bu görüşdən qısa müddətdə konkret və uzunmüddətli nəticələr gözləmək real deyil:
"Nəzərə almaq lazımdır ki, söhbət tərəflər arasında ilk üçtərəfli görüşdən gedir. Yalnız bir görüşün keçirilməsi ilə mövcud problemlərin hamısının həll olunacağını düşünmək düzgün olmazdı. Bununla belə, belə bir formatda görüşün baş tutması özü mühüm diplomatik addımdır. Çünki bu təmas gələcək dialoqların və mümkün razılaşmaların formalaşdırılması baxımından əhəmiyyətli rol oynaya bilər".
Onun sözlərinə görə, görüşdə müzakirə olunacaq əsas məsələlərdən biri Rusiya-Ukrayna müharibəsi olacaq:
"Lakin bu istiqamətdə ciddi irəliləyişin əldə olunacağını və ya konkret razılaşmanın əldə ediləcəyini ehtimal etmirəm. Bunun əsas səbəblərindən biri Ukraynanın öz mövqeyidir. Rəsmi Kiyev ölkənin iştirakı olmadan Ukrayna ilə bağlı qəbul ediləcək heç bir qərarı tanımayacağını bəyan edib. Bu baxımdan hesab edirəm ki, Ukraynanın iştirakı olmadan onun gələcəyi ilə bağlı hər hansı qərarın qəbul edilməsi və həmin qərarın icrasının Kiyevə qəbul etdirilməsi real görünmür. Digər tərəfdən, Avropanın təhlükəsizliyi və gələcək Avropa təhlükəsizlik arxitekturası da müzakirə mövzusu ola bilər. Lakin burada ABŞ-nin daxili siyasi vəziyyətini və gələcək siyasi perspektivlərini də nəzərə almaq lazımdır".
Siyasi şərhçi əlavə etdi ki, Donald Trampın prezidentlik dövrünün konstitusion baxımdan sonuncu müddətində olması, eləcə də ABŞ-də yaxınlaşan aralıq seçkilərin nəticələrinin Konqresdə siyasi qüvvələr balansına təsir göstərə bilməsi mühüm amillərdəndir:
"Demokratların Nümayəndələr Palatasında və Senatda üstünlük əldə etməsi Tramp administrasiyasının xarici siyasət kursunu həyata keçirməsində əlavə siyasi çətinliklər yarada bilər. Eyni zamanda, demokratların növbəti prezident seçkilərində hakimiyyətə gəlməsi ehtimalı ABŞ-nin Rusiya-Ukrayna müharibəsinə yanaşmasında dəyişikliklərə səbəb ola bilər. Çünki demokratların bu məsələyə münasibəti Respublikaçılar Partiyasının yanaşmasından müəyyən dərəcədə fərqlənir.
Bu baxımdan Rusiya-Ukrayna müharibəsinin gələcəyi ilə bağlı əldə edilə biləcək razılaşmaların uzunmüddətli perspektivini də nəzərə almaq lazımdır. Hesab edirəm ki, bu məsələnin yekun həlli yalnız mövcud administrasiyanın mövqeyindən deyil, Trampdan sonrakı dövrdə ABŞ-nin xarici siyasət kursundan da asılı olacaq".
O qeyd etdi ki, görüşün digər mühüm istiqamətləri Çin-Rusiya və Çin-ABŞ münasibətləri olacaq:
"Məlum olduğu kimi, ABŞ tərəfindən Çinə qarşı yenidən sanksiyalar və iqtisadi məhdudiyyətlər tətbiq edilib. Düşünürəm ki, məhz belə bir üçtərəfli görüşdən sonra tərəflər, xüsusilə də ABŞ və Çin iqtisadi münasibətlərdə müəyyən güzəştlərə gedə bilərlər. Bu güzəştlər ilk növbədə ticarət və iqtisadi əməkdaşlıq sahələrini əhatə edə bilər. Rusiyanın bu istiqamətdə hansı formada iştirak edəcəyi isə ayrıca məsələdir.
Rusiya Prezidenti Vladimir Putinin iqtisadi sanksiyalarla bağlı açıqlamalarını da xatırlatmaq istərdim. Putin bildirmişdi ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar gözlənilən nəticəni verməyib və əks təsir göstərib. Onun fikrincə, Rusiya iqtisadiyyatı sanksiyalara baxmayaraq, əvvəlkindən daha güclü vəziyyətə gəlib çatıb.
Görüşün gündəliyində müzakirə olunması ehtimal edilən digər mühüm məsələ Tayvan problemidir. Nəzərə almaq lazımdır ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı 1989-cu ildə yaradılıb. ABŞ və Tayland təşkilatın ilk üzvləri sırasında yer alıblar. Çin təşkilata 1991-ci ildə, Rusiya isə 1998-ci ildə qoşulub. Çin təşkilata daha sonra üzv olmasına baxmayaraq, Tayvan məsələsinə münasibətdə vahid Çin prinsipini əsas götürür və Tayvanı öz ərazisinin ayrılmaz hissəsi hesab edir".

Politoloq hesab edir ki, görüşdə müzakirə olunacaq məsələlərdən biri də Tayvanın statusu və gələcəyi ilə bağlı ola bilər:
"Bununla yanaşı, yarımkeçiricilərin, yəni çiplərin istehsalı, alışı və satışı, bu sahədə texnoloji əməkdaşlıq, eləcə də müəyyən iqtisadi güzəştlərin tətbiqi və sanksiyaların aradan qaldırılması məsələləri də müzakirə oluna bilər. Eyni zamanda, dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində bundan sonra atılacaq addımların da görüşün müzakirə predmetinə çevrilməsi istisna deyil.
İstənilən halda, belə bir görüşün keçirilməsi özü müsbət diplomatik addım və yeni dialoqun başlanğıcı kimi qiymətləndirilə bilər. Çünki bu formatda üç böyük gücün liderlərinin bir araya gəlməsi beynəlxalq münasibətlər baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu mənzərədə diqqətimi çəkən əsas məqamlardan biri Çinin beynəlxalq münasibətlər sistemində dəyişən mövqeyidir. Vaxtilə Çin beynəlxalq siyasətdə daha zəif mövqedə çıxış edən dövlətlərdən biri hesab olunurdu. Bu gün isə o, dünyanın əsas güc mərkəzlərindən birinə çevrilib. Artıq Çin digər böyük güclərlə eyni masa arxasında əyləşərək qlobal və regional məsələlərin müzakirəsində, beynəlxalq münasibətlər sistemində təsir imkanlarının genişləndirilməsində fəal iştirak edir".
Həmsöhbətimiz vurğuladı ki, Çinin böyük güclərlə eyni masa arxasında əyləşməsi onun beynəlxalq siyasi çəkisinin və nüfuzunun artmasının mühüm göstəricisidir.
"Bütün bunları nəzərə alaraq hesab edirəm ki, noyabrın 19-da keçirilməsi nəzərdə tutulan görüşdən əsas gözlənti böyük problemlərin birdəfəlik həlli deyil. Daha çox ayrı-ayrı məsələlər üzrə ilkin razılaşmaların əldə edilməsi, tərəflərin ümumi problemlərin həllində iştirak imkanlarının müzakirəsi, diplomatik dialoqun genişləndirilməsi və sülhün təmin olunmasına yönəlmiş çağırışların səsləndirilməsi gözlənilə bilər.
Beləliklə, bu görüşü qlobal siyasi gərginliklərin dərhal aradan qaldırılması deyil, böyük güclər arasında gələcək münasibətlərin və mümkün əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm başlanğıc kimi qiymətləndirmək daha doğru olardı", - deyə Üzeyir Mustafayev fikirlərini yekunlaşdırdı.
Xədicə BAXIŞLI













