Bakıya şərt qoymaq sülhü uzaqlaşdıracaq - Mirzoyan
Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün Bakıda saxlanılan erməni şəxslərin azad edilməsini şərt kimi irəli sürmək niyyətində deyil.
Redaktor.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə hökumət saatı zamanı bildirib.
Nazirin sözlərinə görə, saxlanılan şəxslərin qaytarılması məsələsinin sülh müqaviləsinin imzalanması ilə birbaşa əlaqələndirilməsi danışıqlar prosesini dalana dirəyə bilər.
“Siz dediyiniz kimi etsək onlar qaytarılmayana qədər müqaviləni imzalamayacağıq. Bununla sülhə yaxınlaşacağıq yoxsa ondan uzaqlaşacağıq?” – deyə Mirzoyan bildirib.
O, qeyd edib ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması və sonrakı mərhələdə əməkdaşlığın inkişaf etdirilməsi digər problemlərin də həlli üçün imkanlar yarada bilər.
“Əgər indi müqaviləni imzalasaq və ayrı-ayrı məsələlər üzrə tədricən əməkdaşlıq etsək, gec-tez digər problemlərin həllinə imkan verən vəziyyət yaranacaq”, – deyə Ermənistan XİN rəhbəri vurğulayıb.













