Ermənistan konstitusiyasını dəyişir: Regiona sülh gəlir?
"Nikol Paşinyan çıxış edib və deyib ki, söhbət təkcə konstitusiya dəyişikliyindən getmir. Hətta bildirib ki, Ermənistan əhalisinin əksəriyyətinin bu prosesi dəstəkləyəcəyinə ümid edir və hesab edir. Dəstək olmasa, baş nazir postundan istefa verəcəyini də deyib. Eyni zamanda bildirib ki, əgər bu dəyişikliklərə dəstək gələrsə, növbəti seçkilərdə baş nazir olmayacaq".
Bu barədə Redaktor.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev bildirdi. O əlavə etdi ki, konstiyusiyanın nə vaxt dəyişəcəyini demək çox çətindir:
"Paşinyan qeyd edib ki, gələn həftə konstitusiya ümumxalq müzakirəsinə veriləcək. Ümumxalq müzakirəsindən sonra referendum təyin olunmalı, referendum keçirilməli və dəyişikliklər konstitusiyada əksini tapmalıdır. Ermənistanda Paşinyanın parlamentdə kabineti formalaşdırmaq üçün çoxluğu var, amma konstitusiya dəyişikliyi etmək üçün kifayət qədər səsi yoxdur. Yəni Paşinyana bu prosesləri rahat şəkildə həyata keçirmək üçün 6 səs çatışmır. Təbii ki, əgər konstitusiya dəyişikliyi Paşinyana qismət olsa və o, bu prosesi başa çatdıraraq konstitusiyada dəyişikliklərə nail olsa, ümid edirəm ki, Ermənistan cəmiyyəti də bu dəyişiklikləri qəbul edər. Bu halda, sülh müqaviləsi həmin dəyişikliklərdən çox qısa müddət sonra bağlana bilər. Bilirsiniz ki, sülh müqaviləsinin bağlanmasına ən böyük əngəl Ermənistan Konstitusiyası, daha doğrusu, onun preambula hissəsidir. Orada Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer alır".

Politoloq hesab edir ki, Paşinyan bu çətin prosesin öhdəsindən gələrsə, sülh müqaviləsi qısa müddətdə bağlana bilər və diplomatik əlaqələr də bərpa oluna bilər:
"Özü də təkcə Azərbaycanla yox. Azərbaycanla sülh müqaviləsi bağlanıb diplomatik əlaqələr bərpa olunarsa, Paşinyan Türkiyə ilə də bu prosesləri həyata keçirə bilər. Həm diplomatik münasibətlərin qurulması, həm də sərhədlərin açılması prosesi baş verə bilər. Əslində, Ermənistan xalqı ölkəsinin gələcəyini düşünürsə, referendumda konstitusiya dəyişikliklərinə "hə" deməlidir ki, nəhayət, regiona sülh gəlsin. Ermənistan xalqı bu prosesdən uduzmaz, əksinə, qazanar. Çünki Azərbaycan və Türkiyə kimi dövlətlərlə münasibətlərin yaxşılaşması ən çox Ermənistanın özünə lazımdır və bu proses ilk növbədə onların xeyrinə ola bilər".
NURİYYƏ













