"Fransa ermənidən daha artıq erməni olmaq istəyir" - Deputatdan sərt AÇIQLAMA
"Fransa diplomatiyası ənənəvi olaraq erməni diplomatiyasının davamı olub. Hazırda isə Fransa bu məsələdə Ermənistandan da bir addım öndə olmağa çalışır. Başqa sözlə, Fransa ermənidən daha artıq erməni olmaq istəyir".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Fransa rəsmilərinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi və Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə bağlı səsləndirdiyi qərəzli fikirlərdən danışarkən bildirdi.
Millət vəkili qeyd etdi ki, bu məsələnin başqa tərəfi də var:
"Fransa bunu Ermənistanı və ya erməniləri sevdiyi üçün etmir. Əksinə, erməniləri bəhanə edərək onları öz imperialist siyasətinin alətinə çevirir. Məqsədi Cənubi Qafqazda imperialist maraqlarını, başqa sözlə, müstəmləkəçilik siyasətini həyata keçirmək və Ermənistanı özünə tabe etməkdir. Əks halda, Ermənistanın Baş naziri Nikol Paşinyan və hazırkı hakimiyyət sülhə daha çox meyilli olduğu halda, Fransanın müxtəlif təxribatlarla sülh prosesinə qarşı çıxmasını başqa cür izah etmək çətindir".
Siyasətçi hesab edir ki, Fransa bu məsələdə strateji yanlışlığa yol verir:
"Paris hesab edir ki, Ermənistan hamisiz yaşaya bilməz. Əvvəllər Ermənistanın himayədarı olan Rusiya artıq bu funksiyanı yerinə yetirə bilmir və Fransa özünü Ermənistanın yeni hamisi rolunda görür. Məsələnin mahiyyəti bundan ibarətdir. Fransa müxtəlif mövzuları bəhanə edərək öz siyasətinə hüquq və demokratiya donu geyindirir, bu anlayışlardan sui-istifadə edir. Lakin artıq bu siyasət ifşa olunub və Fransanın diplomatik strategiyası uğursuzluğa düçar olub. Bunu Fransanın özündən başqa hər kəs görür. Yaxşı olar ki, Fransa öz addımlarına yenidən nəzər salsın və daha rasional davransın".
Xədicə BAXIŞLI













