Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi bir neçə günə imzalana bilərmi? - Deputat AÇIQLADI

 12:24 20.11.2026     70

Ermənistanın Təhlükəsizlik Şurasının katibi kimi təqdim olunan Alen Simonyan deyib ki, Ermənistan Konstitusiyasına dəyişiklik ediləcəyi təqdirdə Azərbaycanla sülh müqaviləsi bir neçə gün ərzində imzalana bilər.

Ermənistan Konstitusiyasına dəyişiklik ediləcəyi halda Azərbaycanla sülh müqaviləsinin bir neçə gün ərzində imzalanması realdırmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Tural Gəncəliyev hesab edir ki, bu, erməni rəsmisi tərəfindən səsləndirilmiş populist bəyanatdır:

"Birincisi, Ermənistan hələ sülh müqaviləsindən öncə konstitusiyasına dəyişiklik etsin, dəyişiklik edildikdən sonra yeni vəziyyət meydana çıxsın ki, biz bu məsələni nəzərdən keçirək. Çünki sülh müqaviləsini imzalamaq tək Ermənistanın işi deyil, sülh müqaviləsini iki dövlət imzalamalıdır və bunu bir neçə günə imzalamaqdan ötrü gərək hər iki ölkənin razılığı olsun.

İkincisi, Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi məsələsi belədir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyəti, iqtidarı parlamentdə konstitusion çoxluğa malik deyil. Yəni konstitusiyada dəyişiklik etməkdən ötrü iki variant var: ya birincisi, parlamentdə konstitusion çoxluq əldə edib qərar qəbul etmək ki, biz konstitusiyanı dəyişmək istəyirik və bunun sonradan ümumölkə referendumuna çıxarılmasına qərar vermək. Hazırkı anda Paşinyan konstitusion çoxluğa malik olmadığı üçün o, belə bir qərarı qəbul edə bilmir.

Ona görə də ikinci variant qalır: Ermənistanda yenidən parlament seçkiləri keçirmək və parlament seçkilərində yenidən riskə getmək. Hansı ki, Paşinyan üçün də bu risk necə olacaq, yəni yeni parlament seçkilərində Paşinyan hakimiyyəti konstitusion çoxluğu qazanacaqmı, yoxsa bir az da parlamentdə zəif mövqeyə düşəcək, əlində olan yerləri də itirəcək?".

Millət vəkilinin fikirincə, Paşinyan höküməti birinci növbədə konstitusiya dəyişikliyi üçün öz mexanizmini seçməlidir:

"Ondan sonra belə populist bəyanatlar vermək olar. Hazırda Paşinyan konstitusion çoxluq əldə edə bilmədiyi üçün parlamentdə nə edə bilər? Müvafiq müxalifətdə olan partiyalarla əməkdaşlığa gedə bilər, əlbir olub konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendumun keçirilməsi qərarını qəbul etdirə bilər. Ancaq bunu hansı müxalifət partiyaları edəcək? Onlar Paşinyan partiyasına bu barədə dəstək verəcəklərsə, əvəzində nə istəyəcəklər? Bu kimi suallar var. Ona görə də hələ tələsmək lazım deyil, Ermənistan Konstitusiyasının dəyişdirilməsindən sonra bu məsələyə qayıtmaq olar".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən