Azərbaycan Vyetnamla hansı böyük planları həyata keçirmək istəyir? – Deputat AÇIQLADI
"Hazırkı tarixi mərhələdə Cənub-Şərqi Asiya ölkələri Azərbaycanın xarici siyasətinin yeni istiqamətləri kimi müəyyənləşməkdədir, çünki bu münasibətləri zəruri edən şərtlər indiki tarixi mərhələdə formalaşmağa başlayıb".
Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri və Azərbaycan-Vyetnam münasibətləri barədə danışarkən bildirdi.
Millət vəkili vurğuladı ki, Vyetnam-Azərbaycan münasibətlərinin dərin tarixi var:
"Hər birimiz xatırlayırıq ki, sovet dövründə Azərbaycanın müxtəlif peşə məktəblərində və ali təhsil müəssisələrində çoxsaylı vyetnamlılar təhsil alırdılar. Həmin dövrdən başlayaraq Vyetnamla Azərbaycan arasında mədəni və humanitar əlaqələr mövcuddur. Son dövrlərdə isə Azərbaycanın humanitar diplomatiya missiyası Vyetnamı da əhatə etməkdədir. Heydər Əliyev Fondu vasitəsilə Vyetnamla müəyyən humanitar və mədəni əlaqələr qurulub, Fond orada müxtəlif layihələr həyata keçirib. Beləliklə, yeni geoiqtisadi şərtlər kontekstində Vyetnam-Azərbaycan münasibətlərinin yeni mərhələsi başlamaqdadır. Bu nədən ibarətdir? Vyetnam Cənub-Şərqi Asiyanın böyük perspektivə malik ölkələrindən biridir. Vyetnam yeni sənaye inqilabının öncüllərindən biridir, hətta qlobal bazarda Çinlə rəqabət edəcək qədər texnoloji imkanlara malik ölkədir".

Siyasətçinin sözlərinə görə, Vyetnam digər Asiya ölkələri kimi Avropaya doğru öz iqtisadi maraqlarını irəlilədərkən, şübhəsiz ki, qarşısında Azərbaycan coğrafiyası dayanır və bu coğrafiyanın yaratdığı yeni imkanlar, yeni kommunikasiya əlaqələri Vyetnam üçün də cəlbedicidir:
"Azərbaycan isə, əlbəttə ki, neft-karbohidrogen məhsullarına, qaza və bu xammallardan istehsal olunan müxtəlif kimya məhsullarına ehtiyac duyur. Ona görə də Azərbaycan Prezidentinin Vyetnama səfəri bu potensial əməkdaşlığı gələcəkdə real imkanlara çevirmək məqsədi daşıyır. Mən düşünürəm ki, bu, həm də Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində yenidən formalaşmaqda olan tamamilə yeni statusu ilə əlaqədardır. Çünki biz Vyetnamla müxtəlif beynəlxalq platformalarda da əməkdaşlıq edir və bir-birimizə dəstək veririk".
Aytəkin TOFİQQIZI













